Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsində çəkilmiş xətt sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, ərazidən video paylaşan bəzi istifadəçilər sürücülərin burada dönmə manevri edərkən qaydaları pozmağa məcbur olduğunu qeyd ediblər.
Bir çoxları isə sürücülərin dönmə bucağını düzgün götürdüyü halda qayda pozuntusunun olmadığını, xətlənmənin yoldakı sıxlığın və xaotik hərəkətin qarşısını almağa hesablandığını deyib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, sürücülər qaydaları pozmamaq üçün diqqətli olmalıdır:
“Təəssüflər olsun ki, sözügedən ərazidə bəzi sürücülər tərəfindən nişanlanma xəttinin tələbi pozulur. Belə hallar aşkarlandığı təqdirdə sürücü barəsində qanunamüvafiq tədbirlər görülür. Mövcud qanunvericiliyə əsasən, 1.1 üfüqi nişanlanma xəttinin tələbinin pozulması qadağandır və inzibati məsuliyyət yaradır. Nişanın tələbinin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulub. Sürücülərdən xahişimiz odur ki, yollarda diqqətli olsunlar, nişanlanma xətlərinin tələblərinə ciddi şəkildə riayət etsinlər”.
Son xəbərlər
Son Xəbərlər