İrandan ölkəyə 192 nəfər təxliyə edildi - Fotolar

irandan-olkeye-192-nefer-texliye-edildi
Oxunma sayı: 1890

ABŞ və İsrailin İrana endirdiyi zərbələr fonunda Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı prosesi davam edir.

“Qafqazinfo” xəbər verir ki, 28 fevral saat 08:00-dan bu gün saat 12:00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə 60 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə daxil olub.

Təxliyə olunanlar arasında xarici ölkə vətəndaşları da var. Belə ki, 3 nəfər Banqladeş, 3 nəfər Qətər, 1 nəfər Pakistan, 1 nəfər İtaliya və 5 nəfər Tacikistan vətəndaşı Azərbaycan ərazisinə təxliyə olunub.

Bundan əlavə, diplomatik nümayəndəliklərin əməkdaşları da təxliyə edilib.

18 nəfər Səudiyyə Ərəbistanı səfirliyinin, eləcə də İordaniya səfirliyinin 4 nümayəndəsi Astara sərhəd-keçid məntəqəsindən Azərbaycan tərəfinə keçib. İordaniyanın Azərbaycandakı səfiri Əşrəf Khasawneh bildirib:“Azərbaycan dövlətinə təşəkkür edirəm. Azərbaycanı çox sevirəm. İnanıram ki, növbəti dəfə bu ölkəyə turist kimi gələcəyik.”

Qeyd edək ki, təxliyə prosesi Astara keçid-buraxılış məntəqəsində müvafiq dövlət qurumları tərəfindən təxliyə olunan şəxslər üçün zəruri şərait yaradılıb və proses koordinasiyalı şəkildə davam etdirilir. Təxliyə olunanlar ayrılan avtobuslarla Bakıya ödənişsiz daşınır.

***

Bu saatadək həm Azərbaycan, həm də bir sıra digər ölkələrin 192 vətəndaşının İrandan təhlükəsiz şəkildə təxliyəsi təmin edilib.

Axşam saatlarında 20-ə yaxın Pakistan və iki nəfər Tacikistan 15-ə yaxın isə Rusiya vətəndaşının Azərbaycana keçidi reallaşıb.

Qeyd edək ki, keçid məntəqəsindən vətəndaşların rahatlığı üçün bütün zəruri tədbirlər görülüb.

Surxay Şahbazov