Naxçıvanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirildi - Fotolar

naxcivanda-yasil-dunya-namine-hemreylik-ili-cercivesinde-novbeti-tedbir-kecirildi
Oxunma sayı: 951

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Karbon ayaq izi” adlı maarifləndirici tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin ekoloji dünyagörüşünü, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyini, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasını, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasını, məktəblilərin ekoloji hərəkata, ekolojiyönümlü fəaliyyətə cəlb edilməsini, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini stimullaşdırmaqdan ibarət olub.

Tədbir Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədovanın, Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədlinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşı Ziyad Abbasovun giriş nitqi ilə başlayıb, diskussiya şəklində davam edib. Əvvəlcədən müəyyən olunmuş qutuya şagirdlər tərəfindən təhvil verilən işlənmiş batareyalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təhvil alınıb.

Məktəbin direktoru Famil Abdullayev məktəb ərazisinə batareyaların yığılması üçün xüsusi qutunun quraşdırılması təklifi ilə çıxış edib. Sonda fəal şagirdlər “Ekocəngavər andı” içib və təşkilatçılar tərəfindən “Naxçıvan şəhərinin Ekocəngavəri” fəxri fərmanına layiq görülüb.

Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən tədbir 18 aprel 2024-cü il tarixdə 50 şagirdin iştirakı ilə reallaşıb.