Kənd Təsərrüfatı naziri İnam Kərimov Xaçmaz rayonunda intensiv meyvə baxına baxış keçirib.
“Qafqazinfo”nun məlumatına görə, bildirilib ki, 24 hektarlıq sahədə yeni intensiv bağ salınıb. Daha sonra nazir Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Qusarçay təcrübə stansiyasına baş çəkib. 161 hektarlıq nümunəvi təsərrüfatda yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı tərəvəz məhsulları yetişdirilir.
Nazir İnam Kərimov Xaçmaz sort sınaq məntəqəsinin tikinti işlərinin gedişi ilə maraqlanıb, 2500 ton tutumu olan soyuducu anbara baxış keçirib. Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olub. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb və kompüter idarəetməsi tətbiq olunub. Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becərilir. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. “Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunur. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.
İ. Kərimov daha sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsititutuna, “Fermer evi”nə, II Nügədi ərazisində yerləşən intensiv bağa baxış keçirib, fermerlərlə fikir mübadiləsi aparıb. Nazir qeyd edib ki, bu il sahələrdə məhsulun bol olması fermerlərə öz məhsulunu həm daxili bazarlara çıxarmağa, həm də xarici ölkələrə ixrac etməyə imkan verir.



Son xəbərlər
Son Xəbərlər