Niyazi Bayramov qəsəbə sakinlərinin müraciətlərini dinlədi - Fotolar

niyazi-bayramov-qesebe-sakinlerinin-muracietlerini-dinledi
Oxunma sayı: 1494

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Niyazi Bayramov şəhərin Sadıllı qəsəbəsi adlanan ərazisində yerləşən 17 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüşüb.

“Qaqazinfo” xəbər verir ki, görüşdən əvvəl qonaqlar məktəbin istedadlı şagirdləri tərəfindən hazırlanan sərgiyə baxış keçirib, daha sonra təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşəni ziyarət edib, önünə çiçəklər düzüblər.

Qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.