Niyə rəsmi sənədlərdə hicablı fotolara icazə verilmir?

niye-resmi-senedlerde-hicabli-fotolara-icaze-verilmir
Oxunma sayı: 10098

“25 yaşım olacaq, şəxsiyyət vəsiqəmi dəyişdirməliyəm. Məni narahat edir ki, orada başımı açmalıyam. Mən niyə ölkəmin şəxsiyyət vəsiqəsini rahat şəkildə gəzdirməməliyəm, niyə çıxaranda utanmalıyam? Halbuki müsəlmanların az olduğu Almaniya, Rusiya və digər ölkələrdə dini inancına görə başını örtən qadınlar pasport üçün baş örtüsü ilə şəkil çəkdirə bilərlər. Azərbaycanda müsəlmanların çox olmasına baxmayaraq, bizim qadınların belə hüququ yoxdur. Biz niyə belə diskriminasiyaya məruz qalmalıyıq?”

“Qafqazinfo” xəbər verir ki, bunu bloqer Kəmalə Rövşən öz sosial şəbəkə hesabında bildirib. Dini inancına görə hicab taxdığını deyən qadının sözlərinə görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna əsasən, şəxsiyyət vəsiqəsi və ya pasport almaq üçün müraciət edən vətəndaşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəkil çəkdirməlidirlər. K. Rövşən bildirir ki, həmin tələblərə görə, istisna hallarda (dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr) baş örtüyü ilə fotoşəkil çəkdirməyə icazə verilir: “Dini əsaslarla baş örtüyü ilə sənəd şəklinin çəkilməsinə o halda icazə verilir ki, sifət nahiyəsi, üz cizgiləri tam görünsün. Yəni hicab çənənin altından yuxarı çıxmamalıdır və alın, üzün hər iki tərəfi açıq olmalıdır”.

Sözügedən məsələ dəfələrlə gündəmə gəlib, hətta bir qrup dindar hüquqlarının müdafiəsi üçün məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalıblar. Mətbuatda dövri olaraq işıqlandırılsa da, illərdir ki, mövcud vəziyyətdə dəyişiklik yoxdur. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib: “Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilməməlidir. Həmin nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub.

Bütün dünyada təhlükəsizlik məqsədilə pasport və şəxsiyyət vəsiqəsi üçün şəkillə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Şəxsin üz görünüşü sənəddə tamamilə əks olunmalı, yəni, şəxsin üz quruluşu, sifət cizgiləri aydın olmalıdır. Başörtüyü vətəndaşın göz, ağız-burun, alın və çənə nahiyələrini örtməməlidir”.

E. Hacıyev həmçinin əlavə edib ki, eynəkdə isə məhz şəxsin göz nahiyəsi aydın görünməli, eynək onu qapamamalı, tünd olmamalı, tam şəffaf olmalıdır. Bununla yanaşı, qanunvericilikdə şəxsin saqqalla şəklinin çəkilməsinə dair qadağa isə yoxdur. Əgər vətəndaş gündəlik həyatda saqqal saxlayırsa, saqqalla şəkil çəkdirə bilər.

Bu məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2020-ci il üzrə məruzəsində də yer alıb. Ombudsman Aparatından “Qafqazinfo”ya bildirilib ki, şikayətdə əks olunan halların yoxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb. Müraciətə verilmiş cavabda göstərilib ki, vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq, vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunub. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilib. Bununla belə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsinin yolverilməz olduğu bildirilib:

“Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununda şəxsiyyət vəsiqəsinin üzərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə uyğun fotoşəklin yerləşdirilməsinin nəzərdə tutulmasına baxmayaraq, həmin tələblərə aydınlıq gətirilmədiyi və bu halların şikayətlərə səbəb olduğu üçün fotoşəkillərin yol verilən nümunələrinin (baş örtüklərindən istifadə edilməsi və s.) əks etdirilməsi ilə bağlı müvafiq qanuna, habelə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edilməsini təklif edir”.

Göründüyü kimi, qanunda şəxsiyyəti təsdiq edən sənəddə hicablı foto çəkdirməyə qadağa göstərilməyib. Əsas problem qanundakı boşluq və onun tətbiqində istisnaların nəzərə alınmamasıdır. 

Mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Gülnar Əliyeva

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Dini və milli tolerantlıq , millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.