“Onunla ilk görüşə çamadanla getdim”

onunla-ilk-goruse-camadanla-getdim
Oxunma sayı: 558

Məşhur türkiyəli müğənni Sıla Gençoğlu aktyor sevgilisi İlker Kaleli ilə münasibətlərinin başlanğıcı ilə bağlı maraqlı açıqlamalar verib.

“Qafqazinfo”nun xəbərinə görə, sənətçi Arem və Armanın aparıcılığı ilə yayımlanan “Hitmakers” proqramına qonaq olub və pandemiya dövründə başlayan münasibətlərindən danışıb.

Sıla bildirib ki, İlker Kaleli ilə ilk görüşündən əvvəl aylarla yalnız videozəng vasitəsilə ünsiyyətdə olublar. Müxtəlif şəhərlərdə yaşadıqları üçün uzun müddət üz-üzə görüşə bilmədiklərini deyən müğənni ilk görüşə çamadanla getdiyini açıqlayıb.

“İlk görüşə çamadanla gedən insanam. Təxminən altı il əvvəl İlkerlə görüşməyə başladıq. Pandemiya dövründə videozənglərlə danışırdıq. Söhbətlərimiz çox yaxşı gedirdi, amma hələ görüşməmişdik. Təxminən 4-5 ay belə davam etdi”, – deyə Sıla bildirib.

Müğənninin sözlərinə görə, İstanbulda baş tutan ilk görüş həftəsonu komendant saatına təsadüf edib. Buna görə də görüşün uğursuz keçəcəyi halda dostları ilə əvvəlcədən plan qurduğunu və çamadanını da özü ilə apardığını deyib.

“Cümə günü görüşəcəkdik, amma həftəsonu komendant saatı var idi. Evdən yalnız bazarertəsi çıxa bilərdim. Hətta hər şey yaxşı getməsə, dostlarımla bir parol təyin etmişdik ki, gəlib məni götürsünlər. Mən ilk görüşə çamadanla gedən qadınam”, – o qeyd edib.

Sıla münasibətlərində romantik tərəfin daha çox özü olduğunu da vurğulayıb. O, İlker Kaleli ilə xüsusi günlərdə bir-birlərinə məktublar yazdıqlarını və xatirə qeydləri topladıqları bir banka saxladıqlarını bildirib.

“Bir-birimizə məktub yazırıq. Xüsusi günlərdə uzun məktublar yazırıq. Beş illik bir bankamız da var. Vaxtaşırı kiçik qeydlər yazıb içinə qoyuruq, sonra birlikdə oxuyuruq”, – deyə Sıla danışıb.