“Ora göndərdiyimiz oyunçuların indi 2-3 milyon avro qiyməti var” - “Pelikan”ın rəhbəri

ora-gonderdiyimiz-oyuncularin-indi-2-3-milyon-avro-qiymeti-var
Oxunma sayı: 5948

Son dövrlər Azərbaycan idman mediasının xəbərlərində yeni bir beynəlxalq şirkət haqqında oxuyuruq. 

Bir müddət əvvəl Türkiyədə, sonra Ukrayna, Moldova, Belarus və nəhayət Azərbaycanda "Pelikan" adlı agentliyin əksəriyyəti afrikalı olan oyunçuları görünməyə başlayıb.

"Barselona", "Çelsi" kimi böyük klubların formasını geymiş qabonlu oyunçu Emerik Aubameyanqı yəqin ki çoxu tanıyır. Yaxınlarda ölkəsinin milli komandasına dəvət alan hücumçunun düşərgədə iki oyunçu ilə şəkli sosial media hesablarına düşdü. Bunlar Qabon A milli komandasına yeni çağırılmış "Pelikan"ın dünya futboluna qazandırdığı iki gənc - Obunet Ceremi və Mişel Mboula idi. Qısa dövr ərzində Qabon A milli komandasına dəvət alan 4-cü "Pelikan"lı...

Bir qədər araşdırdıqdan sonra aydın olur ki, bu şirkətin sadəcə Qabon milli komandasında deyil, Kamerun, Fildişi Sahili, Malavi, Burundinin əsas yığmalarında da üzvləri mövcuddur.

Fotoda: Burundi Futbol Federasiyasının vitse-prezidenti Mustafa Samuqabo və Rəsul Allahverdiyev 

“Qafqazinfo”nun məlumatına görə, futbol nöqteyi-nəzərdən bunlar ciddi nəticələrdir və bir qolu hazırda Azərbaycanda da rəsmi şəkildə fəaliyyətə başlamış beynəlxalq agentliyin rəhbəri elə azərbaycanlıdır.

Rəsul Allahverdiyev - sabiq təxəllüsü ilə Rəsul Şükürsoy. Ancaq o, özünə rəsmi soyadı ilə müraciət edilməsini istəyir. Bu barədə müsahibənin sonunda. Hələ ki, "Pelikan"ın başladığı yerdən başlayaq:

- Pelikan İdman Fəaliyyətləri Klubunu Azərbaycanda bu ilin avqustunda qurduq. Ancaq ideyanın və şirkətin tarixçəsi Ukraynadan başlayır. 2019-cu ildə biz, indiki ukraynalı ortaqlarım Yevgeni Berun və Andrey Mixaylov ilə birlikdə Ukrayna klublarından birinin UEFA donor fondlarının dəstəyi ilə inkişafı, infrastrukturunun təkmilləşdirilməsi istiqamətində proqramda iştirak edirdik. Həmin vaxta qədər Ukrayna Futbol Federasiyası ilə fərdi şəkildə əməkdaşlıq edirdim. Bildiyiniz kimi, Xmelnitskinun “Podilya” klubunu uzun fasilədən sonra bərpa etmişdik. Klubda 1 ildən artıq prezident kimi çalışdım. Paralel ixtisas üzrə federasiyanın təşkil etdiyi kurslara qatılır, futbol idarəçiliyi sahəsində müvafiq kateqoriyalar alırdıq.

Tanış olduqdan sonra başa düşdük ki, bu şəxslərlə bizim fikir ortaqlığımız var. İlk sınağımız Ukraynada qlobal "Talentscouting" layihəsi oldu. Ölkənin ciddi futbol dairələrindən, xüsusilə Kiyev "Dinamo"sunu təmsil edən futbol adamları, futbolçulardan yüksək səviyyədə dəstək aldıq. Regionlar üzrə xeyli gənc oyunçular kəşf etdik, onları klublara qazandırdıq. Sonra Kremençuq şəhərində "Pelikan"ı qeydiyyatdan keçirdik. Berun ilə Mixaylovun həmin dövrə qədər rəhbərlik etdikləri "MIB Football" oyunçu təmsilçiliyi də yaratdığımız yeni kompaniyaya daxil oldu.

Lakin işin spesifik tərəfi - yəni, indi davam etdirdiyimiz proses Türkiyədən başlayıb. Türkiyədə də bizə digər ortaqlarımız və hazırda bu şirkətin liderləri funksiyasında işləyən dəyərli dostlarım Hamdi Üstün və Rəmzi Akın qoşuldu.

- "İşin spesifikliyi" deyəndə nəyi nəzərdə tutursunuz? "Pelikan"ı digər futbolçu transferi ilə məşğul olan agentliklərdən fərqləndirən konkret olaraq nədir?

- Çox fərq var. Futbolçu transferi ilə məşğul olan agentliklər və ya agentlər nə iş görür? Onlar sadəcə fəaliyyət göstərdikləri milli assosiasiyanın verdiyi lisenziya ilə oyunçuları təmsil edir. Onlara iş yerləri tapır, onların iş yerləri ilə hüquqi münasibətlərini tənzimləyir və.s. Siz hansısa futbolçu agentinin və ya agentliyinin məşqçilər korpusu olduğunu, oyunçuların inkişafı ilə bağlı təlimlər keçdiyini, onları hazırladığını, məsələn zədəli oyunçunun əməliyyatı, müalicəsi, bərpası kimi işlər ilə məşğul olduğunu eşitmisinizmi? Mən öz təcrübəmdə bu alternativə rast gəlməmişəm. "Pelikan" isə bunları edir. Həm də hüquqi əsaslarla, FIFA-dan alınmış referans təməlində fəaliyyət göstərir. Biz həm də bir növ futbol klubunun imitasiyasıyıq.

Futbolçu təmsilçiliyi bizim sadəcə çoxşaxəli xidmətlərimizdən biridir. Bu xidməti də, yenə də "MIB Football" oyunçu təmsilçiliyi həyata keçirir.

Daha da aydın olsun deyə, nümunə verim: skautlarımızın misal üçün Afrikadan seçdiyi və bizə yönləndirilən oyunçu əvvəlcə texniki heyət tərəfindən gözdən keçilmək məqsədilə "Campprofi" markası ilə fəaliyyət göstərən düşərgəmizə yönləndirilir. Orda 1 ay məşq edir və bu dönəm oyunçu reablitasiyası sayılır. Dönəmin sonunda texniki heyət onun reablitasiyanı necə baş vurduğuna dair "Pelikan" rəhbərliyinə raport verir. Reablitasiyanın özünün müxtəlif qolları var. Birincisi, Avropa futbol mentaliteti, akademik səviyyədə uyğunlaşmadır. Futbola Afrikada başlamış gənc, bizə sadəcə istedadı ilə birlikdə gəlir. Onun məktəbi, futbol anlayışları çox fərqli olur. İkincisi, Avropa yaşayış tərzi, mətbəxi, mentaliteti, hava fərqlilikləri kimi bəzilərinə xırda görünən, əslində isə ciddi detallardır. Ömründə qar görməmiş, soyuq külək görməmiş oyunçunu siz Afrikadan birbaşa məsələn, Skandinaviya ölkələrinə göndərsəniz, o, ciddi çətinliklərlə üzləşəcək. "Campprofi" düşərgələri onu bütün bu nüanslara adaptasiya edir. Uyğunlaşmanı yaxşı keçirmiş və futbol qabiliyyətlərinə görə texniki heyətdən yüksək rəy almış oyunçu sonrakı mərhələdə "MIB Football" ilə müqavilə imzalayır. Oyunçu təmsilçiliyi sadəcə bundan sonra başlayır.

Fotoda: Malavi Futbol Federasiyasının prezidenti Volter Nyamilandu və Rəsul Allahverdiyev 

- Belə başa düşdüm ki, siz “Campprofi” adlandırdığınız düşərgələri Türkiyədə qurdunuz?

- Düşərgələri deyil, ilk düşərgəni İstanbulda qurduq. Çünki biz əsasən afrikalı oyunçularla işləyirik. Afrikanın 8 ölkəsinin milli assosiasiyası ilə müqaviləmiz var. Onların tələblərinə Türkiyənin şərtləri daha uyğun idi. Söhbət həm viza şərtlərindən, həm də nəqliyyat xərclərindən gedir. İstanbul hava nəqliyyatının ciddi mərkəzidir. Afrika ölkələrindən ora uçuşlar birbaşa həyata keçirilir. Buna görə də ilk kampımızı İstanbulda yaratdıq. Sonra Kiyevdə, Borispol bölgəsində "Şaxtyor" ilə eyni təlim-məşq bazasında ikinci düşərgə açıldı. Ukraynada müharibə başalayana qədər həmin mərkəz işləyirdi. 2021-ci ilin yayında Moldovadan klub satın aldıq və növbəti kampı orada yaratdıq. Və bu ildən Moldova klubunu təhvil verdik və oradakı düşərgəni Bakıya gətirdik.

- Moldova klubunu təhvil verdiyinizi deyirsiniz. Oranın mediasında “Dinamo-Avto”nun iddialı layihə olduğu yazılırdı. Niyə bu qərara gəldiniz? Klubun sonrakı taleyi necə oldu?

- Bu məsələdə indiyə qədər səhv bilinən məqam odur ki, "Pelikan" sözügedən Moldova klubunu heç vaxt tam haqları ilə satın almadı. Bunun da səbəbi o idi ki, klubun satın alınmasında vasitəçilik edən şəxs prosesin lap əvvəlindən iki tərəfi də aldadıbmış. Yalanın ömrü uzun olmadığına görə, qısa zaman sonra, klubun sahibləri onu təlim-məşq bazası ilə bərabər satdıqlarını bizə birbaşa dedilər. Biz isə sadəcə klub üçün ödəmə etmişdik və klubun təmsil etdiyi Dnesteryanı regionun siyasi vəziyyətinə, oradakı tanınmayan dövlət reallığına görə "Pelikan" heç bir halda müvafiq ərazidə daşınmaz əmlaka sahib olmaq ideyasına isti baxa bilməzdi. Mütləq şərtimiz klubun adının, regionunun dəyişdirilməsiydi. Bununla bağlı ciddi işlər də görmüşdük. Moldova Futbol Federasiyasının təlim bazası yerləşən Vodul Lui Vode ərazində yeni təlim bazası, məşq meydançaları salmaqla bağlı layihələr təsdiqlənmiş, investisiya nəzərdə tutulmuşdu. Bundan əvvəl bizim Qaqauziyaya, konkret olaraq Çadır Lunqaya köçmək planımız var idi. Klub sahibləri israrlı şəkildə öz anlaşılmaq mövqelərində qaldılar. Bu, ən böyük problem idi. Digər problem isə o idi ki, biz hələ Moldovaya ayaq basmadan klub keçmiş texniki heyət və futbolçularının məsuliyyətsiz, iyrənc hərəkətlərinə görə "-6 xal cəzası" almışdı. Biz bunlara rəğmən uzun müddət klubun reputasiyasını təmizləmək, onu inkişaf etdirmək üçün çalışdıq. Sonra növbəti zərbəni də Moldova Futbol Federasiyasından aldıq. Lisenziyalaşdırma departamenti yenə də klubun bizdən əvvəlki prezidentinin klub sahiblərinə qarşı irəli sürdüyü borc iddiasını əsas gətirərək bizə super liqada oynamaq üçün lisenziya vermədi.

Bütün bu axmaq oyunların arxasında isə elə həmin -6 xal cəzasında birbaşa əli olan İqor Dobrovolskinin ciddi rolu var idi.

Biz Moldovaya futbol üçün getmişdik. Orada fəaliyyətimiz ərzində də təmiz futbol oynadıq, idman prinsiplərinə görə "-6 xal"a rəğmən komanda super liqada yerini qorudu. Ancaq son nəticədə başa düşdük ki, Moldovada futbolu idarə edənlərlə "Pelikan"ın baxışları fərqlidir. Beləliklə, mən oradakı idman direktoru vəzifəmdən istefa verdim. Bu, bizim kollegial qərarımız idi. Bir müddət sadəcə düşərgələrimiz və oyunçularımız ilə məşğul olmağa qərar vermişik. İndi bizim Avroasiya coğrafiyasında peşəkar səviyyədə futbol oynayan 52 oyunçumuz var. Bu oyunçulara da xidmət verməyə davam edirik. Onların bütün karyera planlaması “Pelikan" tərəfindən həyata keçirilir. İşlərimiz kifayət qədər çoxdur.

- Deməli, "Dinamo-Avto" və Moldova ilə bağlı məsələləri "Pelikan"ın "uğursuzluq zolağı" saya bilərikmi?

- Belə düşünənləri qınamaq olmaz. Bu da müəyyən mənada doğru yanaşmadır. Ancaq mən məsələyə fərqli baxıram. "Pelikan" bu klubu oyunçu bazasına peşəkar liqada təcrübə qazandırmaq üçün almağa çalışdı. Bir mövsümdən bir az artıq müddət ərzində 27 afrikalı gənc bu klubda çıxış etdi, təcrübə topladı, onların yarıdan çoxu indi daha yüksək səviyyəli klublara keçiblər və yenə də "Pelikan"ın oyunçu ehtiyatı olaraq qalırlar. Biz həm də yerli gənclər qazandıq. Moldovanın gənc milli komandalarına 5 oyunçu bizim yaratdığımız şərait sayəsində dəvət aldılar, alırlar. Onlar yenə də bizimlə bərabərdirlər.

Zənnimcə, ən əsası da, bizi yaxından izləyən xoşniyyətli futbol auditoriyası gördü ki, faktiki heç bir kənar gəliri olmayan futbol klubunu sadəcə futboldan qazanılan vəsaitlə normal səviyyədə idarə etmək olar. Buradan çıxarılacaq önəmli dərslər var.

Fildişi Sahilində oyunçu seçmələri

- Qayıdaq vətənə. Bakı düşərgəsindən bəhs etdiniz. Burada hər şey planlaşdırdığınız kimi gedirmi?

- Hər başlanğıcda müəyyən çətinliklər olur. Düzdür, biz Bakıda da yeni heç nə etmirik, öz prinsiplərimiz və daxili reqlamentimizlə işləyirik və bu yöndə kifayət qədər təcrübəliyik. Xoşbəxtəm ki, burada bizimlə işbirliyindən hər kəs razıdır.

Oyunçular düşərgəyə cəlb edilir. Onlar üçün normal şərait yaratmışıq. Abşeron Olimpiya İdman kompleksində gündəlik məşqlərimiz olur. Texniki heyətin işi üçün öz iş mərkəzimizi yaratmışıq. Orada individual, komanda halında təlimlər keçirilir.

Azərbaycanda hazırda 12 oyunçumuz peşəkar statusda klublarda oynayır. Yeni yaradılmış Azərbaycan 1-ci liqasının inkişafı üçün bu da bir meyardır. Ancaq bir çox insan bunu bizim işimizin nəticəsi olaraq başa düşür və səhv edir.

"Pelikan" düşərgələri beynəlxalq prinsiplə iş aparır. Azərbaycanda mövcud olan mərkəzimiz sadəcə Azərbaycan klubları üçün oyunçu hazırlamır. Hə, belə bir mərkəzin bu regionda yerləşməsi əlbəttə ki, yerli klublar üçün daha keyfiyyətli və həm də kommersiya perspektivi olan oyunçular əldə etmək imkanı yaradır. İntəhası, bunu başa düşən, bu məqsədlə işləyən, pul xərcləyərkən, həm də pul qazanmağı prioritet qoymuş neçə klubumuz var? Bu, artıq ayrı sual və ayrı problemdir.

- Yəni sizin oyunçularınızı Azərbaycan klubları izləmirlər?

- Bir misal çəkim. Bizim Türkiyə düşərgəmizin aktiv işlədiyi dönəmdə o mərkəzdə hazırlıq görən, inkişaf edən oyunçularla Türkiyə klubları maraqlanmadı. Çox cüzi rəqəmlər qarşılığında biz həmin oyunçuları Türkiyə klublarına təklif etmişdik. Onlar bizi başa düşmədi. Nəticədə ən perspektivli oyunçularımızı Kiprə, Macarıstana, Polşaya göndərdik. İndi həmin oyunçuların qiymətləri 2-3 milyon avro ilə ifadə olunur və Türkiyə klublarının 95 faizi onlarla maraqlansa da, transfer üçün lazım olan məbləği xərcləmək iqtidarında deyillər.

Azərbaycanda da oxşar təcrübəni yaşayırıq. İndi bizim düşərgədə qış transfer pəncərəsi zamanı Hollandiyaya, İsveçrəyə göndərəcəyimiz oyunçular var. Biz onları Azərbaycan klublarına təklif edə bilmirik, çünki ortaq anlayışlarımız yoxdur. Bizim klublar 1 mövsüm ona kömək edəcək, onlara sadəcə idman nəticəsi verəcək, təcrübəli, yaşını doldurmuş oyunçulara maraq göstərirlər. Ona görə də mövsüm bitəndən sonra həmin oyunçular gedir, yenidən pul xərclənilir, yeni heyət yığılır və faktiki olaraq klublarımız heç bir oyunçunu satmır, onun transferindən heç nə qazanmır.

Mən sizə "Pelikan"ın dünya futboluna qazandırdığı 20-də çox oyunçu adı saya bilərəm ki, onlar artıq Avropada möhkəmləniblər və Azərbaycan klubları bəlkə də onları 10 il sonra, karyeralarının sonunda bura cəlb edə biləcəklər. İndi bu, mümkün deyil. Bu gün Bakıda hazırlıq keçən və Avropaya göndərəcəyimiz digər gənclər də 3-5 ay sonra eyni transfer qiymətinə yüksələcəklər.

"Pelikan" sadəcə gənclərlə işləyir. Gənclər isə gələcək deməkdir. Dünya futbolu indi gənc oyunçuların inkişafı təməlləri ilə böyüyür, inkişaf edir. Gənclər ilə işləməyi bacaran, onları cəlb edən, potensialını başa düşən futbol strukturları qazanır, güclənir.

- Həm də deyirsiniz ki, 12 oyunçunuz burada oynayır. Deməli, sizi başa düşən klublar da var.

- Bəli, bunlar 1-ci liqa klublarıdır. Ümid edirəm ki, onlar bizi başa düşdüklərinə görə bu doğru yola daxil olublar. Bəlkə də, pulları premyer liqa klubları qədər deyil, ona görədir, bunu onların gələcək davranışları zamanı anlayacağıq. Bütün hallarda, xoşbəxtəm ki, hamısı bizimlə işbirliyindən razıdırlar. Həm də bunu ali futbol qurumumuzun düz saydığımız, 1-ci liqanın, 2-ci liqanın yaradılmnası ilə bağlı təşəbbüsünə dəstək kimi görürəm. Bizim heç bir oyunçumuz o liqada layiq olduğu maaşı almır, layiq olduqları şəraitdə futbol oynamırlar. Lakin biz deyirik ki, oynayın, təcrübə toplayın! Bəzilərinin maaşlarına əlavə olaraq biz də kömək edirik, bəzilərinin lisenziyası üçün klubun ödəməli olduğu vəsaiti biz ödəyirik. Bununla da biz, yenə "Pelikan"ı agent və agentliklərdən fərqləndirən başqa bir məqamı xatırlamış olduq. Biz oyunçumuzu, dolayısı ilə də oyunçunun çıxış etdiyi klubları əlimizdən gəldiyi qədər dəstəkləyirik, inkişafı üçün mümkün olanları edirik.

- Azərbaycan futbolunun hazırki durumu haqda fikirləriniz necədir? Və "Pelikan"ın ölkəmizdə futbolla bağlı başqa planları varmı?

- Ölkə futbolunun mövcud vəziyyəti haqda mütəxəssislər, şərhçilər danışırlar. Mən son 1 ildə əsasən izləyici mövqeyinə çəkilmişəm. Əvvəllər "Rəsul Şükürsoy" adlı sosial şəbəkə hesablarımda müəyyən təhlillər aparırdım, fikirlərimi çatdırırdım. İşlərimizin beynəlxalq miqyası böyüdükdən sonra bunu dayandırmalı oldum. Çünki diqqətlə izləmədiyim, içində olmadığım hadisələr, proseslər haqda fikir yürütməyi düzgün hesab etmirdim. Artıq buradayam. Müəyyən təəsüratlarım var. Birincisi odur ki, AFFA-da pozitiv istiqamətdə dəyişikliklər görürəm. Qurumun yeni baş katibi Sərxan Hacıyev mənə səmimi görünür. Məncə, liqaların, məntiqi olaraq klubların sayının artırılması ideyası əvvəlki baş katibin dövründə mümkün olmayacaqdı, olmadı da. Bu hadisə ölkə futbolunun rəngini dəyişdi. Diqqət yetirin, futbolla ciddi şəkildə məşğul olan, idarəçi olsun, məşqçi olsun, oyunçu olsun – sayları ötən ilin eyni vaxtına nisbətdə 3-4 dəfə artıb. Bu önəmli fərqdir və nəticələrini bir neçə ilə yaxşı mənada görəcəyik. Bütün bunlar bizim üçün də motivasiya oldu və ölkəmizin futboluna xidmət etməyə hazırıq. Bizə ehtiyac duyulan yerlərdə öz rolumuzu oynamağa, faydamızı verməyə çalışırıq.

Ümid edirəm ki, İcraiyyə Komitəsinin tərkibində növbəti konfransda dəyişikliklər olacaq. İnkişafa meylli, futbolu dərindən bilən şəxslərin cəlb olunması şərtdir. Təsəvvür edin ki, FIFA, UEFA dəstəkli tədris proqramı həyata keçirilir. Futbol idarəçiləri, məşqçiləri artıq təhsil alırlar, çətin imtahanlar verirlər, öyrənirlər. Ancaq onlar icraçıdırlar. Qərarları yenə də müvafiq komitə verir. Orada oturanlar icraçılar qədər savadlı olmasalar, icraçılar qədər bu işin anatomiyasını bilməsələr, mexanizm yenə də səhv işləyəcək. Bu içində elmlə, təhsillə bir səviyyəyə gəlmiş mütəxəssislər olan təyyarəni pilotluq təcrübəsi, statusu olmayan adamların idarə etməsi kimi bir şeydir. O təyyarə qəzaya uğramağa məhkumdur.

Peşəkar Futbol Liqasındakı kadr dəyişiklikləri ürəyimcədir. İstər qurumun prezidenti, istər digər gənc həmkarlar bilgili şəxslərdir, inkişafa, meyllidirlər, vətənpərvər insanlardır.

Təbii, bütün bunlar bizim üçün də stimuldur. "Pelikan"ın kollegial gündəliyində Azərbaycanda bir peşəkar klub layihəsinə qoşulmaq planı var. Bu, 1-ci liqa ola bilər, 2-ci liqa ola bilər və.s.

Biz dostlarımızın yeni yaratdığı "Qubadlı" futbol klubunun uşaq komandasına müəyyən dəstək veririk. Ümid edirik ki, bu klub bir gün işğaldan azad olunan doğma şəhərə dönəcək və orada daha böyük layihələr həyata keçirəcək.

Bizim içində olduğumuz klubun mütləq ciddi infrastruktur layihələri olacaq. Çünki infrastrukturu olmayan klub müvəqqəti məşğuliyyətdir, təməlsiz binadır. Mütləq uşaq futbolu sahəsində əhatəli plan işlənilməlidir. Bu istiqamətdə də fikirlərimiz var. Ancaq ümumilikdə tələsmirik. "Pelikan"dan əvvəl mən məsələlərə həmişə şəxsi yanaşırdım, çünki üzərimdə sadəcə öz adımın məsuliyyəti var idi. İndi isə bir markanı təmsil edirəm və onun bayrağını daimi dalğalanacağı yerə sancmağa, buna həssas yanaşmağa məcburam.

Fotoda: Nigeriyada oyunçu seçmələri

- "Pelikan" səhv etmirəmsə, qutan quşunun xarici dildə adıdır. Niyə "Pelikan"?

- Düzdür, azərbaycancası qutandır. Pelikanla bağlı məşhur mifologiya var. Həmin əhvalatlara görə, bu quşun əvvəl rəngi qara olub və insanları ciddi seldən xilas etdikdən sonra rəngi gedib.

Başqa hekayələrdə pelikanın analıq xüsusiyyətləri, öz övladlarını yaşatmaq üçün fədakarlığı göstərilir. Bu məqamları nəzərə almışıq, həm də diləyatımlı və brend prespektivi olan bir ad olaraq görürük.

- Müsahibənin əvvəlində öz rəsmi soy isminizi qeyd etməyimizi istədiniz. "Rəsul Şükürsoy"dan tamamilə imtina edirsiniz, ya necə?

- Şükürsoy təxəllüsündən imtina etməyim mümkün deyil. İmtina etsəm, o məndən əl çəkməz. İndi internet axtarış resurslarında "Şükürsoy" yazsanız mənim yazılarım, şəkillərim və.s. çıxacaq. Bu, mənim babalarımın adı ilə bağlıdır. Bu ad altında uzun illər jurnalist fəaliyyətim olub, tanınmışam, əlimdən gəldiyi qədər Azərbaycan idman jurnalistikasına xidmət etmişəm. Lakin uzun müddətdir gördüyüm işlərin Şükürsoya heç bir aidiyyəti yoxdur. Şükürsoyun bu işləri görməyə hüquqi əsası da mövcud deyil. Mənim bütün lisenziyalarım, imza hüququm, tutduğum vəzifələr Allahverdiyevə məxsusdur. Beynəlxalq aləmdə Şükürsoyu heç kim tanımır. Azərbaycanda da indi bu işləri Allahverdiyev görür, bütün məsuliyyət də onundur. Bu səbəbdən "Pelikan"ın rəhbəri qismində sizin suallarınızı ancaq Rəsul Allahverdiyev olaraq cavablaya bilərdim.