Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 2010-cu ildən icrasına başlanılmış “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA Kampaniyası və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə həyata keçirilməkdədir. Bu layihə çərçivəsində artıq 2010-2014-cü illər ərzində 150 baş ceyran tarixən məskunlaşdıqları ərazilərə buraxılıb. Belə ki, Qobustan-Cəngiçay, Acınohur düzü, Ağgöl Milli Parkı, Korçay Dövlət Təbiət Qoruğu və Gürcüstan Respublikasının Azərbaycanla sərhəd ərazilərində ceyranların yerləşdirilməsi tədbirləri həyata keçirilmiş, onlardan bir neçə erkək fərdin boynuna siqnalötürücü xaltalar bağlanılmış və peyk vasitəsilə izlənilir.
Bu məqamda Azərbaycanın görkəmli şairi Səməd Vurğunun "Ceyran" şeirini təqdim edirik:
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə.
Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!
Sükuta qərq olmuş ürəyimlə mən
Keçirəm yenə də Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran!
Elə ki, son bahar min büsat qurur,
Kolları-kosları yıxıb uçurur,
Sıxlaşıb bir yerə baş-başa durur
Düşəndə çovğuna, borana ceyran.
On addım kənarda yatmayır təkə,
Gəzinir, oylağa baş çəkə-çəkə.
Gələn qaraltıdır, yoxsa təhlükə?
Bir özünə baxır, bir ona ceyran!
Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, -
Qıyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!
Son xəbərlər
Son Xəbərlər