“Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili reallıqdan tamamilə qopub”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə avqustun 2-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısı keçmiş prezidentin psixoloji vəziyyətini kəskin tənqid edib:
“Saakaşvili elə bir fenomendir ki, onu siyasətçilər deyil, başqa sahələrin mütəxəssisləri qiymətləndirməlidir. Bu şəxs sağlam düşüncə ilə bağlı hər şeydən tamamilə uzaqlaşıb. Doqquz il prezident postunu tutanda da belə idi, müxalifətə keçəndə də belə idi, bu gün isə onun vəziyyəti daha da ağırlaşıb. Saakaşvili bir qədər əvvəl özünü Gürcüstanın qədim Çarı IV Davudla (Qurucu Davud) müqayisə edib ki, bu da onun reallıq hissini tamamilə itirdiyini göstərir”.
Qeyd edək ki, 2004-2013-cü illərdə Gürcüstana rəhbərlik etmiş Mixeil Saakaşvili hazırda həbsdədir. 2021-ci ildə ölkəyə gizli qayıdışından sonra onun haqqında olan 3 və 6 illik həbs cəzalarına yeniləri əlavə olunub. 2025-ci ilin martında məhkəmə dövlət vəsaitlərinin mənimsənilməsinə görə ona 9 il, sərhədi qanunsuz keçməyə görə isə 4,5 il həbs cəzası kəsib. Paralel olaraq, 2007-ci il 7 noyabr hadisələri və “İmedi” telekompaniyasının darmadağın edilməsi işi üzrə məhkəmə prosesləri davam edir.
Son xəbərlər
Son Xəbərlər