Pandemiya dövründə neft şirkətlərinə nə qədər ziyan dəyib?

pandemiya-dovrunde-neft-sirketlerine-ne-qeder-ziyan-deyib
Oxunma sayı: 1815

Dünyanın ən böyük 12 neft şirkəti koronavirus pandemiyası fonunda neft qiymətlərinin kəskin ucuzlaşması səbəbindən ümumilikdə 20,6 milyard dollar itirib.

“Qafqazinfo” xəbər verir ki, dünyaya yayılan koronavirus pandemiyası nəticəsində nəqliyyat sektoru demək olar ki, dayanma nöqtəsinə gəlib. Bu da öz növbəsində yanvar-mart dönəmində neftə olan tələbi kəskin şəkildə azaldıb.

Ötən ay isə neft qiymətlərinin 1999-cu ildən bəri ən aşağı səviyyəyə enməsi nəhəng neft şirkətlərinin balans hesablarına mənfi təsir göstərib.

12 neft şirkətinin balans hesabatlarından alınan məlumatlara görə, Amerikanın “ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “Schlumberger”, “Baker Hughes”, Niderlandın “Royal Dutch Shell”, İngiltərənin “BP”, Fransanın “Total”, İtaliyanın “Eni”, Rusiyanın “Rosneft” və Norveçin “Equinor” şirkətləri ilk rübdə ümumilikdə 20.6. milyard dollar ziyana uğrayıb. Bildirilib ki sözügedən şirkətlər ötən ilin birinci rübündə ümumilikdə 23.4 milyard dollar xalis mənfəət əldə ediblər.

Ən çox ziyan görən isə ABŞ-ın “Baker Hughes” şirkəti olub. Şirkət ilin ilk kvartalında 10,2 milyard dollar itirib. Daha sonra sıralamada 7,37 milyard dollar itki ilə ABŞ-ın “Schlumberger” və 3,17 milyard dollar itki ilə İtaliyanın “Eni” şirkətləri gəlir.

ABŞ-ın “Chevron” (3,6 milyard dollar), Fransanın “Total” (1,78 milyard dollar) və İngilis “BP” (800 milyon dollar) şirkətləri isə ilin ilk kvartalında cüzi miqdarda xalis mənfəət götürə biliblər.

Gəliri ən çox azalan şirkət isə Hollandiyanın “Royal Dutch Shell” şirkəti olub. Şirkətin bu ilin ilk kvartalında gəlirləri keçən ilin eyni dövrünə nisbətən 23,7 milyard dollar azalaraq 60 milyard dollar təşkil edib.