“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri

pensiya-yasina-yeniden-baxilmasi-nezerde-tutulmur
Oxunma sayı: 11988

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişovun “Qafqazinfo”ya müsahibəsi:

- Son illər Fondun fəaliyyətində bir sıra istiqamətlərdə yeniliklər olub. Yaxın gələcəkdə daha hansı islahatları görə bilərik?

- Ümumiyyətlə, sosial sahə dövlətin hər zaman diqqətindədir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu sahədə aparılan islahatlar, sosial sahəyə göstərilən diqqət və qayğı, dövlət büdcəsində sosial sahə üzrə ayrılan vəsaitin ciddi şəkildə artımı və.s istiqamətlərdə görülən işlər bir daha qeyd etməyə əsas verir ki, dövlətimizin apardığı siyasət sosialyönümlüdür. Bu siyasətin mərkəzində vətəndaş amili dayanır. Davamlı olaraq biz sosial sahədə aparılan islahatların şahidi oluruq. 2018-ci ildən geniş sosial islahat paketinə start verildi. Həmin ildən etibarən həm xidmətin keyfiyyətinin yaxşılaşdırılması, həm sosial təminatın gücləndirilməsi tədbirləri həyata keçirilir. Aparılan islahatlar bir-biri ilə bağlıdır. Belə ki, hər bir islahat özü-özlüyündə digər islahatı stimullaşdırır. İslahatlar həm əhalinin sosial təminatının gücləndirilməsi, həm də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində aparılır. Qeyd edim ki, 2019-cu ilin dekabr ayında ölkə başçısının imzaladığı Fərmana əsasən Fond publik hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlayıb. Artıq Fond öz fəaliyyətini xidmət modelinə keçid istiqamətində qurur. Bu istiqamətdə inzibati idarəetmənin təkmilləşdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, operativ xidmətlərin göstərilməsi üzrə tədbirlər görülüb. Burada xüsusilə vurğulamaq lazımdır ki, aparılan islahatların tərkib hissəsi kimi ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirildi. Bütün ölkə üzrə fərdi uçot bir mərkəzi filial tərəfindən aparılır. Bu islahat çərçivəsində fərdi uçot üzrə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Vətəndaşlar bunun bariz nümunəsi kimi “e-sosial” portalında qeydiyyatdan keçməklə onlar üçün hesablanmış və ödənilmiş sığorta haqları barədə səhih məlumatları əldə edə bilər. 

Digər sahədə aparılmış islahat əmək pensiyalarının, ümumiyyətlə sosial ödənişlərin təyinatı ilə bağlı idi. 2020-ci ildə sosial ödənişlərin təyinatı ölkə üzrə mərkəzləşdirildi. Artıq bir mərkəz tərəfindən bütün ölkə üzrə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, kompensasiyaların təyinatı aparılır. Bu, sözsüz ki, vətəndaş-məmur təmasının azaldılmasına öz töhfəsini vermiş oldu. Vətəndaşlar üçün həmin təyinatlar artıq mərkəzləşmiş şəkildə aparılır, təyinat barədə vətəndaş məlumatlandırılır. Bu da təyinatların kifayət qədər peşəkar mütəxəssislər tərəfindən qanunvericiliyə uyğun şəkildə aparılmasına imkan yaratdı.

Üçüncü istiqamətdə aparılan islahat maliyyə nəzarətinin gücləndirilməsidir. 2020-ci ildə bütün ölkə üzrə maliyyə və mühasibatlıq məsələlərini mərkəzləşdirmiş olduq. Artıq bütün sosial ödənişlər bir mərkəzi filial tərəfindən həyata keçirilir və ödənişlərdə hər hansı ləngimələr baş vermir. Bundan əvvəl bütün sosial ödənişlər 77 rayon filialının şöbələri tərəfindən həyata keçirilirdi. Bu zaman müəyyən şöbələr tərəfindən ödənişlərin gecikdirilməsi halları da özünü göstərirdi, lakin bu kimi gecikmə halları 2020-ci ildə islahat nəticəsində tam şəkildə aradan qaldırıldı. Maliyyə nəzarəti gücləndirilməklə sosial ödənişlərin vaxtında həyata keçirilməsi təmin olundu. Bildirmək istərdim ki, pandemiya dövründə bütün sosial ödənişlər müəyyən edilmiş qrafikə uyğun, hətta, bəzi hallarda müəyyən edilmiş qrafiklərdən də əvvəl ödənildi. 

Bununla yanaşı, 2020-ci ildə məhkəmə mübahisələri üzrə işlər mərkəzləşdirildi. Artıq Fondun məhkəmə mübahisələri ilə bağlı məsələlərinin həlli işləri yalnız bir mərkəzi filial tərəfindən aparılır. Bu da məhkəmələrin iş yükünün azalmasına, verilən vəsatətlərin vaxtında və keyfiyyətlə verilməsinə, haqsız və yaxud lüzumsuz məhkəmə çəkişmələrinin aradan qaldırılmasına öz töhfəsini vermiş oldu. 

Hazırda ünvanlı dövlət sosial yardımının təyini üçün maddi-məişət şəraitinin müayinəsinin mərkəzləşdirilməsi işləri də aparılır. Bilirsiniz ki, ünvanlı dövlət sosial yardımı iki mərhələdən ibarət yoxlamadan sonra təyin olunur. Yəni sosial yardımın təyinatı birinci mərhələdə elektron sistem vasitəsilə sənədlərin qəbulu, ikinci mərhələdə isə Fondun əməkdaşları tərəfindən həmin şəxsin ərizə bəyannamədə göstərdiyi məlumatların yerində yoxlanılmasından sonra təmin edilir. Mərkəzləşmə işlərinin başlanılmasınadək maddi-məişət şəraitinin müayinəsi bütün ölkə üzrə 77 rayon üzrə həyata keçirilirdi. Artıq biz Bakının 12 rayonu üzrə bu prosesi mərkəzləşdirmişik. Hədəfimiz odur ki, bu ilin sonuna qədər maddi-məişət şəraitinin müayinəsini də ölkə üzrə tam şəkildə mərkəzləşdirək. 

Qarşımızda duran növbəti məsələ elektronlaşdırılma məsələsinin sürətləndirilməsidir. Hazırda 26 sosial təminat növü üzrə təyinatlar proaktiv qaydada, vətəndaşın hər hansı müraciəti olmadan həyata keçirilir. Biz pandemiya dövründə proaktiv xidmətlərin müsbət tərəflərini gördük. Vətəndaş artıq pandemiya şəraitində evini tərk etmədən, bürokratik əngəllərlə qarşılaşmadan onun sosial təminat hüququ reallaşdırıldı. 

Cari il üçün qarşımızda duran vəzifələrdən biri də dövlət başçısının 2021-ci il 18 may tarixli Fərmanına əsasən, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlərin artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülməsi ilə bağlıdır. Hazırda Fond dövlət icbari şəxsi sığortasıyla bağlı sığorta ödənişlərinin keyfiyyətli, operativ, imkan olduğu halda proaktiv qaydada təyinatının aparılması məqsədilə hazırlıq işlərinə başlayıb. Bunun üçün Fərmana uyğun işlər görülür, normativ baza təkmilləşdirilir. İlin sonuna qədər bu məsələlər də öz həllini tapacaq.

- Elə bu günlərdə 1992-97-ci illərdə ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərin iştirakçısı olarkən yaralanmış, şəhid olmuş və sonradan sağlamlıqlarına dəymiş zərərə görə əlillik təyin olunmuş bir qrup şəxsin hələ də sığorta pulunu ala bilməməkləri ilə bağlı məsələ Milli Məclisdə qaldırıldı. Siz də qeyd etdiyiniz kimi, “Azərsığorta” şirkətinin bu sahədəki fəaliyyətləri sizin qurum tərəfindən həyata keçiriləcək. Həmin şəxslərlə bağlı proses sürətlənib öz həllini tapa bilərmi?

Qeyd edim ki, müvafiq Fərmana uyğun olaraq, 2022-ci ilin 1 yanvar tarixinədək sığorta olunmuş şəxslərə sığorta ödənişlərinin verilməsi yenə də Dövlət Sığorta Kommersiya Şirkətinin öhdəliyi olaraq qalır. Çünki bu şəxsləri Dövlət Sığorta Kommersiya Şirkəti sığortalayıb. Sığorta ödənişləri və sığorta haqları da Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilib. Fond 2022-ci ilin yanvarın 1-dən etibarən sığorta ödənişləri üçün yaranan öhdəliklər üzrə məsuliyyət daşıyacaq.

- Azərbaycanda pensiya yaşının çox olması barədə zaman-zaman müzakirələr gedir. Mümkündürmü ki, pensiya yaşına yenidən baxılsın? 

- Pensiya yaşı bir çox amillərlə bağlıdır. Belə ki, bunlara ölkədəki demoqrafik vəziyyəti, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin sayını, ölkə üzrə orta ömür uzunluğunu, gözlənilən pensiya ödənişi aylarının sayı ilə faktiki pensiya ödənişi aylarının nisbətini və.s göstərmək olar. Ümumiyyətlə, hazırda beynəlxalq təcrübədə əsas prioritet işçilərin əmək bazarında qalmasının stimullaşdırılmasıdır. Qeyd edim ki, hətta bir çox Avropa ölkələrində pensiya yaşı ya 65, bəzi hallarda 69, yaxud da mərhələli şəkildə 65 yaşa çatdırılır. Əgər biz rəsmi statistik məlumata baxmış olsaq, o zaman 2018-ci ilə münasibətdə orta ömür uzunluğunun 2,2 il, 1990-cı ilə münasibətdə isə 4,7 il artdığının şahidi olarıq. Pensiyaçılarımızın yaş strukturu üzrə də baxdıqda görmüş olarıq ki, bu gün onların təxminən 26 faizi 12-15 il arası, 35 faizi 15-20 il arası, təxminən 30 faizi 20-30 il arası pensiya alır. Digər tərəfdən, yaşa görə pensiyaçıların strukturuna baxdıqda, görmüş olarıq ki, yaşa görə pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır. Bu göstəricinin özü o deməkdir ki, ölkəmizdə pensiya sahəsində kifayət qədər humanist yanaşma var. Həm pensiya sisteminə keçid, həm də pensiya hüququ əldə edib davamlı pensiya ödənişi almaq üçün yumşaq şərtlər nəzərdə tutulub. Bu baxımdan, hazırda pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur. 

- Bəs, bəzi xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl pensiya fondlarının yaradılması mümkündürmü? Bu halda şəxs istədiyi vaxt kapitalından yararlana bilsin...

- Özəl pensiya fondlarının yaradılması ilə bağlı dünya ölkələrində tam uğurlu nümunənin şahidi olmaq çox çətindir. MDB ölkələrində, Qazaxıstanda özəl pensiya fondu yaradılmışdı. Son dövrlərin məlumatları, rəsmi beynəlxalq nəşrlər göstərir ki, hazırda həmin pensiya fondlarının da fəaliyyətində ciddi çətinliklər var. Özəl pensiya fondlarından danışırıqsa, bu, uzunmüddətli bir kapitaldır. Bu halda həmin vəsaitlərin idarə olunması, vətəndaşlara təklif olunan faiz dərəcəsi, faiz dərəcəsinə nail olmaq məqsədilə həmin vəsaitlərin hansı investisiya alətlərinə yönəldilməsi və onların risklilik dərəcəsi, digər tərəfdən vətəndaşların özəl pensiya fondlarına etimadının artırılması, daxili investisiya mühiti, xarici investisiya bazarına investisiya qoyulacaqsa xarici bazardakı investisiya riskləri ciddi təhlil olunmalıdır. Bu təhlillər əsasında özəl pensiya fondlarının yaradılıb-yaradılmaması haqqında qərarlar verilir. Digər tərəfdən, burada dövlət və dövlətin pensiya fondu üçün risklər qiymətləndirilməlidir. Gələcəkdə şəxsin pensiya təminatı yaranmadığı halda yenə də dövlət həmin şəxsin təminatına şərait yaratmalıdır. Bu halda da yenə də riski dövlət öz üzərinə götürür. Nazirlik tərəfindən özəl pensiya fondunun yaradılmasının nə qədər effektiv olub-olmaması məsələsi hazırda araşdırılır.    

- Yaxın zamanlarda ölkədə pensiya və müavinətlərin artırılması gözlənilirmi?

- Məlum olduğu kimi, dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, həm pensiyaların, həm də sosial müavinətlərin məbləği davamlı olaraq artırılır. Biz 2019-cu ildə iki böyük sosial iqtisadi paketin şahidi olduq: müavinətlərin, təqaüdlərin məbləği orta hesabla 80-100 faiz artırıldı. Minumum pensiya 72 faiz artırıldı. Minumum əməkhaqqı təxminən 2 dəfəyə yaxın artırıldı. O cümlədən, müəyyən kateqoriyalı şəxslərin vəzifə maaşlarında artımlar oldu. Biz bunu 2020-ci ilin sonunda da gördük. Müəyyən həssas qrupdan olan şəxslərin təqaüdlərinin məbləğində ciddi artımlar oldu. Ümumilikdə, son üç ildə pensiyaların orta aylıq məbləğində 50,4 faiz artım baş verib.

Eyni zamanda, bildirmək istərdim ki, 2021-ci ilin 2 fevral tarixində Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edildi. Qeyd edilən Milli Prioritetlər sənədinin 2-ci hissəsində dövlət başçısı tərəfindən sosial təminat sahəsində əsas prioritetlər müəyyən edilib. Belə ki, sənədin “Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” adlı 2.2-ci hissəsində sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi, bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunması, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığının gücləndirilməsi, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin artırılması nəzərdə tutulur. Qeyd edilənlər, növbəti dövrlərdə də sosial ödənişlərin məbləğlərində artımların olacağını deməyə əsas verir.

- Azərbaycanda pensiya məbləğinin artırılması ilə bağlı fərqli fikirlər də var. Bildirilir ki, əslində real olaraq pensiya artırılmır, sadəcə inflyasiya rəqəminə uyğun olaraq indeksasiya edilir. Bu fikirlərə münasibətiniz necədir?

- Pensiyaların artırılması mövcud qanunvericiliyə görə iki formada aparılır. Birincisi, pensiyanın minimum məbləğinin artırılması, ikincisi isə pensiyaların indeksasiya olunması. İndeksasiya inflyasiya rəqəminə deyil, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılır. 

2019-cu ildə pensiyanın minimum məbləği 119 manatdan 160 manata, elə həmin ildə də 200 manata çatdırıldı. Yəni minimum pensiya məbləği 72 faiz artırıldı. Eyni zamanda, xüsusi şərtlərlə pensiya alanların pensiyalarında 31 faizlik artım oldu. Aparılmış islahat 750 000 nəfəri əhatə etməklə, illik maliyyə yükü 450 mln. manata bərabər oldu. 

Eyni zamanda, son 2 ildə ölkəmizdə nominal pensiyanın sığorta hissəsi rekord səviyyədə, müvafiq olaraq 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə isə 11,4 faiz səviyyəsində, yəni nominal orta aylıq əmək haqqının həmin illər üçün artım tempinə uyğun indeksləşdirilərək artırıldı. 

2018-cu ilin 1 aprel tarixi ilə müqayisə etdikdə, pensiyaların orta aylıq məbləği 218,3 manatdan 329,1 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 245,5 manatdan 358,0 manata yüksəlib. Burada kifayət qədər böyük, yəni 50,8 faizdən artıq artımdan söhbət gedir. Bununla yanaşı, pensiyaların maliyyələşdirilməsinə ayrılan vəsait üzrə də baxsaq, 2019-cu il ilə müqayisədə 2021-ci ildə pensiyaların maliyyələşdirilməsinə ayrılan xərclərdə 1,1 mlrd. manatdan artıq bir artım var.

Göründüyü kimi, müəyyən edilmiş hər iki vasitə ilə pensiyaların artırılması təmin edilir. 

- Son olaraq, Fondun son 5 aylıq maliyyə göstəriciləri necədir?

Qeyd edim ki, hətta pandemiya dövründə belə Fondun gəlirləri və xərcləri müsbət saldo üzrə davam edib. Bu ilin 5 ayında da bizim göstəricilərimiz müsbətdir.  

Məcburi dövlət sosial sığorta haqlarında, daxilolmalarda proqnoza nisbətən 11 faizlik artım var. Keçən ilin anoloji dövrü ilə müqayisədə isə artım 8,4 faiz təşkil edir. Bu, təqribən 120 milyon manatlıq bir artım deməkdir. Artımları həm büdcə, həm də qeyri-büdcə təşkilatlarından daxilolmalarda müşahidə edirik. Cari ilin beş ayı üzrə büdcə sektoru üzrə daxilolmalarda 8 faiz, qeyri büdcə sektoru üzrə daxilolmalarda 13 faizlik artım görürük. Keçən ilin analoji dövrü ilə müqayisədə büdcə və qeyri-büdcə sektoru üzrə daxilolmalardakı artımlar müvafiq olaraq 6 faiz və 10 faiz təşkil edir.

Buna müvafiq olaraq xərclərimizdə də artımlar var. Cari ilin 5 ayını keçən ilin analoji dövrü ilə müqayisə etdikdə əhaliyə ödənişlər üzrə xərclərimizdə nisbi ifadədə təqribən 5 faizdən artıq, mütləq ifadədə isə 100 milyona yaxın artım izlənilir. Bu isə vətəndaşlarımıza ödənilən vəsaitlərin göstərilən həcmdə artması deməkdir.

Günel Türksoy 

Fotolar: Pərvin Zeynal