Peyvənd olunmada bu regionlarda aktivlik müşahidə edilir - Yenilənib

peyvend-olunmada-bu-regionlarda-aktivlik-musahide-edilir
Oxunma sayı: 1781

“Hər il payız-qış aylarında respirator virus infeksiyaları aktivləşir. Bu dövrdə Səhiyyə Nazirliyi ilə birgə profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, bu il də nazirlik tərəfindən müvafiq peyvəndlər alınaraq ölkəmizə gətirilib və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya prosesi 8 oktyabr tarixindən tam təhlükəsiz və standartlara uyğun şəkildə həyata keçirilir: “Ötən il – 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0–17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlarımızdır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır. Bu, bizim üçün çox sevindirici göstəricidir”.

Z.Ədilova əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada təxminən 1 milyard insan qripə yoluxur: “Onlardan 3–5 milyonu ağır gedişatlı hallarla müşahidə olunur və 290 mindən 650 minədək insan bu xəstəliyin fəsadları nəticəsində həyatını itirir”.

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva da bildirib ki, oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub: “Onlardan 641 nəfəri Bakı şəhərində yerləşən ilkin-səhiyyə xidməti göstərilən müəssisələrdə qrip əleyhinə peyvənd edilib. Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar isə Sumqayıt, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır”.

Y.Qarayevanın sözlərinə görə, ən çox müraciət edənlər 60-65 yaşdan yuxarı olan insanlardır.

***

Zamirə Ədilova qeyd edib ki, tibbi xidmətə əlçatanlığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu çərçivədə hazırda TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzində işlər başa çatmaq üzrədir. Ən gec halda ilin sonuna qədər tibb müəssisəsinin pasiyentlərinə istifadəsinə verilməsi nəzərdə tutulur.

O bildirib ki, Nərimanov Tibb Mərkəzinin 1 saylı poliklinika şöbəsinin əsaslı təmiri də aparılır: “Təmirdən sonra tibb müəssisəsi çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisəsi olaraq fəaliyyətini davam etdirəcək. Təmirlə yanaşı, Mərkəzin daha müasir və effektiv tibbi avadanlıqlarla təchiz olunması da nəzərdə tutulur. Son müalicə metodu ilə vətəndaşlara yeni növ tibbi xidmətlər təqdim ediləcək. Yenidənqurma işlərindən sonra pasiyent müraciətlərinin də kifayət qədər artacağı gözlənilir. 

Həmçinin Respublika Klinik Xəstəxanasında cərrahiyyə və terapiya korpuslarında təmir- tikinti işləri aparılır. Yaxın zamanlarda həmin mərkəzlərin də istifadəyə verilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərimizdə bir neçə modul tipli xəstəxana, ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Hazırda Ağdamda və Füzulidə yeni xəstəxanaların tikilməsi işləri həyata keçirilir. Xankəndi şəhəri də daxil olmaqla həmin ərazilərdə 7/24 tibbi xidmətin təşkili tam təmin olunub”.

Z.Ədilova əlavə edib ki, yaxın günlərdə Yeni Klinikanın nəzdində ən müasir texnologiyalarla təchiz edilmiş Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəz fizioterapiya və reabilitasiya xidmətlərinin keyfiyyətini daha da yüksəldərək pasiyentlərə ən son tibbi nailiyyətlərə əsaslanan müalicə imkanları təqdim edəcək. 

Gülnar Əliyeva