“İran Azərbaycanı qəsdən dolaşıqlığa çəkməyə çalışır”

iran-azerbaycani-qesden-dolasiqliga-cekmeye-calisir
Oxunma sayı: 2032

“Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ərazisindən dron hücumlarının hədəfinə çevrilməsi qəsdən törədilmiş düşmənçilik aktı olaraq qiymətləndirilməli və beynəlxalq ictimaiyyət tərəfindən açıq pislənməlidir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İranın hərbi infrastrukturuna qarşı əməliyyatlar həyata keçirir: “İran öz növbəsində Körfəz ölkələrinə, İsrailə, NATO bazalarına, habelə regiondakı bir sıra ölkələrə minlərlə dron və ballistik raket buraxıb. Bununla belə, Azərbaycan bu münaqişəyə qarışmayıb, tərəfsizliyini qoruyub. İran isə bu xoş niyyətin əvəzində dinc qonşusuna qarşı hücum addımı atıb. Bu, heç bir hərbi məntiqə sığmayan, siyasi cəhətdən qabaqcadan düşünülmüş bir provokasiyadan başqa bir şey deyil.

BMT Nizamnaməsi hər hansı bir dövlətin başqa dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiq etməsini qəti qadağan edir. Azərbaycana yönəlmiş bu hücumlar həmin normanın kobud şəkildə pozulmasıdır. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz hissəsidir. Hava limanı terminalı hərbi obyekt deyil - mülki infrastruktur, məktəb yaxınlığı isə tamamilə sivil mühitdir. İran bu hücumlarla sivil həyatı, sülh infrastrukturunu hədəf alıb. Bu, beynəlxalq humanitar hüququn da pozulmasıdır”.

N.Həmzəyevin sözlərinə görə, İranın Naxçıvana hücumunu bir neçə prizmadan qiymətləndirmək olar: “Birincisi, İran geniş hücum dalğasını yayarkən nəzarətsiz qalan dronların öz hədəfini itirmiş ola biləcəyi ehtimalı var. İkincisi, daha ciddi bir ssenari kimi, İran regionu qəsdən gərginləşdirərək diqqəti dağıtmağa, Azərbaycanı dolaşıqlığa çəkməyə çalışmış ola bilər. Hər iki halda nəticə eynidir: suverenliyin kobud şəkildə tapdalanması, sülh sevən dövlətə qarşı güc tətbiqi.

Azərbaycan hava məkanını İrana qarşı hərbi məqsədlər üçün bağlamış, qonşuluq münasibətlərini dəyərləndirmiş, beynəlxalq arenada müvazinətli xarici siyasət yürüdüb. Azərbaycan nə ABŞ əməliyyatlarına qatılıb, nə İsrailə hərbi dəstək verib, nə də İrana qarşı hər hansı düşmənçilik addımı atıb. İranın bu hücuma hər hansı bir bəhanəsi yoxdur. Hücum mülki əhaliyə qarşı yönəlib, mülki infrastrukturu hədəf alıb. Bu faktlar İranın addımını daha da ciddi cinayət xarakteri daşıyan bir akt olaraq göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirini rəsmi şəkildə çağıraraq kəskin etiraz notası təqdim edib, cavab tədbirləri görülməsi hüququnu qoruduğunu bəyan edib. Bu düzgün addımdır. Lakin yalnız Azərbaycanın öz mövqeyini açıqlaması kifayət deyil. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, ATƏT, həmçinin regionun aparıcı dövlətləri bu hücumu açıq pisləməlidir. Suverenliyin bu cür kobud şəkildə pozulmasına göz yummaq, bütün dövlətlər üçün ciddi presedent yaradır.

Naxçıvana hücum İranın regional davranışının yeni və təhlükəli bir səhifəsini açır. Müharibənin girdabında özünü itirən bir rejimin nəzarətsiz hərəkatları bütün qonşular üçün birbaşa təhlükəyə çevrilə bilər. Azərbaycan bu hücumu qətiyyətlə pislənməli, İrana aydın mesaj çatdırılmalı, suverenliyin qorunması üçün beynəlxalq mexanizmlər işə salınmalıdır. Heç bir ölkə öz ərazisinin başqa dövlətin idarəsizliyinə qurban getməsini qəbul edə bilməz. Azərbaycan da etməyəcək”.