Putin qarşıdakı Brüssel görüşündən danışdı

putin-qarsidaki-brussel-gorusunden-danisdi
Oxunma sayı: 2361

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə gözlənilən görüşü alqışlayıb.

  “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısının sözlərinə görə, tərəflər arasında dialoqun aparılması vacibdir.

“Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr, - biz qonşuyuq, biz böyük əmtəə dövriyyəsinə malikik, - hamımız bu məsələdə maraqlıyıq.

Birincisi də, ikincisi də, biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri, əvvəlcə delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq. Əlbəttə, biz bu barədə də bu gün danışacağıq. Baxmayaraq ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var. Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir.

Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir.

Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun. Çox sağ olun", - deyə Putin qeyd edib.