Qadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...-Yenilənib

qadin-islediyi-magazada-bicaqlanibmis
Oxunma sayı: 4312

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dekabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib.

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddin oğlu Quliyev mağazaya basqın edərək orada işləyən arvadı Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyevaya bıçaqla zərbələr endirib.

30 yaşlı qadın qaçsa da, əri ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.

***

Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 2-si, saat 16:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonundan təcili çağırış daxil olub: “Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın) yerində tibbi xidmət göstərilib və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə döş qəfəsinin çoxsaylı bıçaq yaraları, sol əl və sol çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu təyin olunub.

Dərhal pasiyentdə bel nahiyyəsinin laminektomiyası, torakal cərrah tərəfindən isə döş qəfəsinin ikitərəfli bülau drenajı əməlliyatları icra olunub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

***

Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb.

“Səbail rayonu Ü.Hacıbəyli küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq sonuncunun əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”, - məlumatda vurğulanıb.

Aslan Vəliyev