“Qadınları zorlayın” deyən bloqerlə bağlı araşdırma başlanıldı

qadinlari-zorlayin-deyen-bloqerle-bagli-arasdirma-baslanildi
Oxunma sayı: 9461

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən bloqerlə bağlı araşdırmalara başlayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”.

Qeyd edək ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı ““harada açıq-saçıq q****q gördüz, zorlayın” adlı çağırış edirəm” deyə şərh yazıb.

70 min izləyicisi olan bloqer daha sonra “Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.

Qeyd edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir.

Murad Əhməd