Meksikada narkokartel liderinin saxlanılması qanlı toqquşmalara səbəb oldu

meksikada-narkokartel-liderinin-saxlanilmasi-qanli-toqqusmalara-sebeb-oldu
Oxunma sayı: 154

Meksikanın Sinaloa ştatında narkokartel lideri Fausto İsidro Mesa Floresin saxlanılması zamanı baş verən silahlı toqquşmalarda azı 11 nəfər həlak olub.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, “El Chapo Isidro” ləqəbi ilə tanınan narkobaron Quasave şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

Meksika Müdafiə Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında baş verən atışmada 7 silahlı şəxs və 4 hərbçi öldürülüb:

“Əməliyyat zamanı şəhərdə güclü atışmalar baş verib, hərbi helikopterlər və pilotsuz uçuş aparatları əraziyə cəlb olunub. Kartel üzvləri avtomobilləri yandıraraq azı 10 yolda barrikadalar qurublar. Nəticədə şəhərdə nəqliyyatın hərəkəti iflic olub, sakinlər evlərində və mağazalarda sığınmağa məcbur qalıblar”.

Məlumata görə, təhlükəsizlik qüvvələri narkobaronu və onun əsas köməkçisini saxlayıb. Ümumilikdə əməliyyat çərçivəsində 8 nəfər tutulub. Güclü müqavimət səbəbindən Mesa Floresin şəhərdən çıxarılması bir neçə saat çəkib. O, şənbə günü səhər saatlarında hərbi təyyarə ilə Mexikoya aparılıb.

Qeyd edək ki, Mesa Flores ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan 10 cinayətkarı siyahısında olub. ABŞ hakimiyyəti onun tutulmasına kömək edəcək məlumat üçün 5 milyon dollar mükafat vəd etmişdi.

Agentlik yazır ki, narkotik vasitələrin ABŞ-yə qaçaqmalçılığında ittiham olunan Mesa Flores “Beltran Leyva” kartelinə rəhbərlik edib, daha sonra isə öz cinayətkar təşkilatını yaradıb. Meksika hökuməti əməliyyatın keçirilməsində ABŞ administrasiyasının təqdim etdiyi kəşfiyyat məlumatlarından istifadə olunduğunu açıqlayıb.

ABŞ və Meksika rəsmiləri narkobaronun saxlanılmasını təhlükəsizlik sahəsində mühüm uğur kimi qiymətləndiriblər. Bununla belə, ekspertlər hadisənin Sinaloada rəqib kartellər arasında yeni zorakılıq dalğasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.