İndoneziyada fabrikdə güclü yanğın - Yenilənib-Video

indoneziyada-fabrikde-guclu-yangin
Oxunma sayı: 686

İndoneziyanın Banten əyalətinin Serang şəhərindəki üçmərtəbəli “PT Fonusa Agung Mulia” şirniyyat fabrikində baş verən yanğında 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, 15 işçi xilas edilsə də, 36 işçidən hələ xəbər yoxdur.

Cakartadan təxminən 50 kilometr aralıda yerləşən və “Milkita” brendi altında şirniyyat istehsal edən fabrikdə yanğın yerli vaxtla saat 16:30 radələrində qeydə alınıb. Hadisədən 12 saatdan çox vaxt keçməsinə baxmayaraq, müəssisənin bəzi yerlərində alov qalıb, damın bir hissəsi uçub, ətrafa qatı tüstü yayılıb.

Yanğının səbəbi araşdırılır. Sağ qalan əməkdaşların sözlərinə görə, alov üçüncü mərtəbədəki soyutma bölməsində başlayıb. Ərazidə yanğınsöndürənlər və İndoneziya Qırmızı Xaç Cəmiyyətinin qüvvələri axtarış-xilasetmə işlərini davam etdirir, itkin düşənlərin yaxınları isə zavodun qarşısında toplaşıb.

***

İndoneziyanın Banten əyalətində fabrikdə baş verən yanğından sonra aparılan axtarış-xilasetmə əməliyyatı zamanı 7 cəsədin qalıqları aşkar edilib. İtkin düşənlərin sayı isə 50-yə yüksəlib.