İtaliyanın xarici işlər naziri Antonio Tajani Azərbaycana səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb.
Bildirilib ki, iki günlük səfər çərçivəsində A.Tajaninin Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.
Görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, Cənubi Qafqazda sülh və iqtisadi inkişaf perspektivləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də əsas beynəlxalq məsələlər müzakirə olunacaq.
Səfərin mühüm hissəsi iqtisadi diplomatiyaya həsr ediləcək. İtaliyanın xarici işlər naziri iqtisadiyyat naziri Mikayıl Cabbarovla ikitərəfli görüş keçirəcək. Hər iki nazir Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edəcək.
Forumda İtaliya və Azərbaycandan 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı gözlənilir. Əsas məqsəd İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrində iştirakını genişləndirməkdir.
Nazirliyin məlumatına görə, enerji əməkdaşlığı iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır.
Bundan başqa, qabaqcıl sənaye, rəqəmsal texnologiyalar, bərpaolunan enerji və kritik xammal sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçiriləcək. Kritik xammal sahəsində üçüncü ölkələrdə əməkdaşlığa dair niyyət bəyannaməsinin imzalanması da planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər