İnternet, süni intellekt əsrinin xalqlara, dövlətlərə və ümumilikdə bəşəriyyətə “bəxş etdiyi” fayda ilə ziyan arasındakı fərqi təftiş etməyə qalxsaq, tərəzinin ikinci gözünün daha ağır gəldiyini çox aydın şəkildə görərik. Üstəlik, birmənalı və mübaliğəsiz!
Eyni zamanda təhlillər, xronologiya, gedişat da sübut edir ki, tərəqqi anlayışı bir tək elm və texnologiyanın deyil, həmçinin siyasi ahəngin, qlobal idarəetmənin, piar və təsir (məcburetmə) mexanizmlərinin də ciddi modifikasiyaya (dəyişikliklərə) uğramasını şərtləndirib.
Və ələlxüsus, neqativ anlamda!
Bir sıra nümunələrlə fikrimi qüvvətləndirmək istəyirəm...
Öncə fokuslanaq fövqəlgücün episentrinə: Amerikada nə baş verir?!
Son diqqətçəkən olay, əlbət, demokratların seçkidə önə keçməsi və Maskın yarım milyarda yaxın pulunun batmasıdır.
Bu İran siyasətinə görədirmi? Xeyr! Fələstin mövzusuna görədirmi? Xeyr! Qrenlandiya, Venesuela, Ukrayna ilə bağlı sərgilənən mövqeyə görədirmi? Yenə də xeyr!
Səbəb, sadəcə informasiyanın, piarın (əksər hallarda qara piarın!) gücüdür və bu, həm də onun göstəricisidir ki, bəzən yüz milyardlar belə bir “Epşteyn mövzusu”nun qarşısında sipər ola bilmir. Daha sadə dildə desəm: Artıq maliyyə, pul-para, siyasətdə öz funksionallığını yetərincə itirib və informasiyanın gücü əlahiddə səviyyəyə qalxıb!
Başqa bir nümunə: 2026-nın payızında az qala bütün Avropa bir həftənin içində qarışdı. Sizcə, niyə? Natural üsyanlar idimi bu? Həqiqətənmi xalqların iradəsiydi bu? Yaxşı, tutaq ki, lap beləydi, hamısı birdənmi oyanası oldu? İsveçrə, Sloveniya kimi sakitliyi sevən ölkələr son 2 əsrdə ilk dəfə etirazlara qalxmaq üçün məhz həmin həftənimi gözləyəsi oldu?! Yox, təbii. Hər şey koordinasiyalı idi və bütün hadisələr informasiya resurslarının, sosial şəbəkələrin gücü ilə reallaşırdı.
Hətta sinxron ardıcıllıqla...
Bəs tapşırıq, tezis haradan gəlirdi?! - “Dərin Dövlət”dən!
Avropa İttifaqına, onun başbilənlərinə mesaj, ultimatum verilirdi ki, özünüzü yığışdırın! Dünyanın necə bölüşdürüləcəyi, dünya tablosunun necə formalaşacağı ilə bağlı məsələlərdə (ssenarilərdə) sizin üçün biçilmiş roldan artığına iddia etməyin. Burnunuzu hər yerə soxmayın!
Onlar da mesajı aldılar, ultimatumu “yedilər” və beləcə hər şey öz axarına düşdü...
Digər nümunə: Bu yaxınlarda Rusiya, Çin və Amerika liderlərinin üçtərəfli görüşü keçirildi.
Həmin görüşdə milyonların diqqətini cəlb edən əsas məqam bilirsinizmi nə idi? - Putinin “nüvə çantası”. Vəssalam. Kimsə orada nə hansısa məsələnin müzakirə olunduğunun fərqinə vardı, nə birgə bəyanatın bəndləri ilə maraqlandı, nə də ixtiyari detalları incələdi. Hətta dünya mediası, nəhəng mətbu nəşrlər belə öz manşetlərinə yalnız “nüvə çantası”nı çıxardılar və onun yaratdığı ajiotajı tirajladılar.
Mesaj (piar) dediyin bax budur! Ki, beynimi çöndərməyin, hər an ata bilərəm!
Sükut ritorikası, səssiz verilən sual bax budur! Ki, bəs bütün dünya mənə qarşı sanksiya imzalamışdı, bəs terrorçu idim, bəs haqsız idim, bəs işğalçı idim, nə oldu?! Burada necə qərarlaşdım?
Nəhayət, son nümunə: Nikol Paşinyan.
Sizcə, Ermənistanın Baş nazirinin son 1 ildə sərgilədiyi bloqerlik fəaliyyəti, onun qəfil qabaran musiqi istedadı, avtobusda qutab, peraşki yeməyi, ölkədən - ölkəyə banan gəzdirməyi, oteldə “rojok” axtarmağı öz təxəyyülününmü məhsuludur? Əlbət ki, xeyr! Bu, siyasi marketinqdir, Nikolu qoruyan “beyin mərkəzləri” tərəfindən hazırlanan xüsusi piar üsuludur və müharibə uduzmuş bir rəhbərin son seçkidə də “təmiz” qələbə qazanması belə qənaət hasil etməyə imkan verir ki, hazırda Ermənistan cəmiyyətinin istədiyi, arzuladığı, azarkeşlik etdiyi lider obrazı elə məhz budur! Və tələb, ehtiyac da nədirsə, təklif ona uyğunlaşdırılır.
Yəni bu qədər sadə...
***
İndi isə gələk, Azərbaycana...
Baxaq, görək, daim yüksəlişdə olan informasiya texnologiyaları, sosial şəbəkələr, digər bənzər resurslar müstəqillik dövründən bu yana bizə nə verdi, ya da bizdən nə aldı?!
Mən siyasətçiyəm. Ona görə də siyasi rakursa fokuslanacam. Və konseptual cavabım belədir: Ziyan həmişə xeyirdən daha çox oldu!
Eyni zamanda, uzun illər boyunca ölkəmizin təhlükəsizlik sisteminə sıza, real daxili sabitliyi poza bilməyən “anti-Azərbaycan” qüvvələri, yekunda bütün gücü və mayanı “online” platformalara qoydular, bütün nifrinləri o məkandan püskürdülər, bütün şərəfsizlikləri, riyakarlıqları, nadanlıqları həmin mərkəzdən idarə etdilər. Davamlı və sistemli!
Fəqət, dövlətimizin gücü və İlham Əliyevin müdrikliyi nəticəsində məqsədlərinə çata bilmədilər;
Ceyn Şarpın konsepsiyasından və Sorosun qara pullarından qidalanan “Narıncı İnqilablar” estafeti Bakıda durduruldu,
“Milyarderlər İttifaqı” adında absurd layihə anındaca ifşa edildi.
Son Prezident seçkilərinə hesablanmış məkrli plan (Bəzi avropalı diplomatların iştirakı ilə bütün sərhədlərimiz boyunca iğtişaş yaratmaq niyyətini güdürdü) seçki tarixinin geri çəkilməsi ilə fiaskoya uğradı.
Sırf siyasi hakimiyyəti gözdən salmaq üçün yaradılmış və təpədən-dırnağa qədər yalana, saxtakarlığa söykənən icraat - “Araşdırmaçı jurnalistika” projesi nəticəyə varmadı.
Böyük pullar hesabına ərsəyə gətirilmiş “söyüş müxalifəti” insanların gözündə nihilizmi, xaosu adiləşdirə, təbliğ və təşviq edə bilmədi.
Və bu gün də dayanmırlar, yorulmurlar, əclaflıqdan usanmırlar...
Hədəf isə hər zaman olduğu kimi yenə Prezidentdir!
Yalnız və yalnız Prezident!
Bilirsinizmi niyə?
Çünki bütün namərdlərin, ikiüzlülərin, saxtakarların planlarını pozan Odur!
Çünki başımız üzərində ağsaqqallıq etmək istəyənlərin, “böyük qardaşlıq” sevdasına düşənlərin nəfəsini, nəfsini, qara niyyətini, arzusunu həmin kəslərin ürəyində və qursağında qoyan Odur!
Çünki Azərbaycanı Azərbaycan edən Odur!
Sizə bir məlumat verim, daha doğrusu bir rəqəm deyim, şok olun: Sadəcə “vahid məktəbli forması” ətrafında cərəyan edən hadisələri alovlandırmaq, əsas kontekstdən çıxarmaq və din pərdəsi altında Azərbaycana, siyasi hakimiyyətə zərbə vurmaq üçün xaricdən sosial şəbəkələrə 1 milyard dollara yaxın pul ötürülüb!
Təsəvvür edirsinizmi? Təxminən 1 milyarda yaxın pul...
Bu da sizə din təəssübkeşləri! Bu da sizə ədalət, iman qoruyucuları! (Əlbət, ara qarışdırmaq istəyən “sərmayədarları”, missionerləri nəzərdə tuturam.)
Halbuki həmin vəsaitlə milyonlarla yetimi doyurmaq, yüz minlərlə ağır xəstəni normal həyata qaytarmaq olardı...
Əziz oxucular, dəyərli bacı və qardaşlar!
Yazı boyunca çəkdiyim misallarda da göstərmişəm ki, bəzən heç bir informasiya, güc, resurs, mövqe, həqiqət və düzgünlük köməyə çata, proseslərdə həlledici rol oynaya bilmir.
O zaman sual edilə bilər: Biz bu burulğanlardan, labirintlərdən necə çıxırıq və ya çıxmağı bacarırıq? Müdrik Liderimiz Azərbaycanı bu qədər mürəkkəb dünyada və bu qədər mükəmməlliklə necə qoruyur?
İnanın, mən bu barədə xeyli düşünmüşəm...
Və gəldiyim nəticə odur ki, İlham Əliyevin üzərində həm də...Tanrının əli var!
1995-in 2 iyulunda Heydər Əliyevi Buxarestdən qaytaran təyyarəni “İqla -1” raketi ilə vurmaq istəyən Vahid Musayevin tətik çəkməsinə düz 30 saniyə qalmış havanı qəfil dəyişdirən və həmin təyyarəni Maştağa deyil, Zirə üzərindən enməyə məcbur edən Tanrının əli!
Biz azərbaycanlılara rəhm və mərhəmət edən Tanrının əli!
Bu məmləkəti işıqsız, yolsuz, ümidsiz qoymaq istəməyən Tanrının əli!
O əl ləyaqətli Prezidentimin üzərindən heç zaman əskik olmasın...
Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri