Qarabağ azanını eşitmək istəməyən kimdir? - Araşdırma+videolar

qarabag-azanini-esitmek-istemeyen-kimdir-arasdirmavideolar-
Oxunma sayı: 891



Məlum olduğu kimi, artıq bir müddətdir ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrində yerləşən məscidlərdə Qarabağ, konkret desək Ağdam azanı verilir. Bu təşəbbüs - çoxşaxəli rəmzdir. “Biz vətənimizi unutmadıq!”, “20 faiz torpağı işğalda olan xalqın başı heç vaxt uca ola bilməz!”, “Azərbaycan xalqı məğlubiyyətlə barışmayıb!”. Bu həm bütün dünyaya ismarıcdır, həm də özümüzə yönələn bir təkan, yatan qəlblərə çəkilən bir sillədir. Əlbəttə ki, bu azan həm də bir ümiddir: “Tezliklə torpaqlarımız qayıdacaq!

Amma bu təşəbbüsün əleyhdarları da tapılıb. Son günlər bəzi KİV, eləcə də sosial şəbəkələrdə sünni məscidlərində məcburi surətdə şiə azanı verilməsi haqqında məlumatlar yayılıb. “Qafqazinfo” mövzu ilə bağlı kiçik bir araşdırma aparıb. Və bu məqsədlə ilk olaraq azanın yerləşdirildiyi Komitənin saytına müraciət edib. Məlum olub ki, təşəbbüs irəli sürülən gündən elə Ağdam azanı 2 variantda hazırlanıbmış - sünni və şiə fiqhinə uyğun olaraq. Bəs onda tarixən Azərbaycanda çiyin-çiyinə, dostluq və qardaşlıq şəraitində yaşayan sünnilər və şiələr arasında narazılığa səbəb ola biləcək bu addımı kim atıb? Belə bir göstərişi kim verib? Yoxsa dövlət qurumunun bu təşəbbüsünün əleyhinə çıxan, dinrarlarla körpü yaratmaq istiqamətində atılan addıma manea olmaq istəyənlər var?.. Bütün bu müəmmalara aydınlıq gətirmək üçün Azərbaycanın müxtəlif bölgələrində yerləşən həm sünnü, həm də şiə ruhanilərindən münasibət öyrənməyə çalışdıq.

Mirzahid Qəmbərov Mehdiabad məscidi imamı

- Əlbəttə ki, biz bu təşəbbüsə məmnuniyyətlə qoşulmuşuq. Bu çox gözəl bir şeydir. Bunu təşkil edənlərdən Allah razı olsun. Doğrudur, bəlkə bəziləri nəsə etirazlar edə bilərlər. Çünki bu azan 1988-ci ildə verilib və müasir zamanla uyuşmaya bilər. Amma bu torpaqlarımızın qayıdışına hesablanan bir dəvətdir, nəinki namaz qılanlara, bütün insanlığa. Biz bu təşəbbüsə könüllü qoşulmuşuq. Bəzi narazılıqlar var idi. Bu da məlumatsızlıqdan irəli gəlirdi. Lakin biz maarifləndirmə işləri apardıq və bütün problemlər aradan qalxdı. Allah-taala Quranda insanları rənglərə, qəbilələrə, millətlərə ayırmır və bu hüququ da kimsəyə tanımır. Hamı bərabərdir. Biz sünni azanını verdik, bizim şiə qardaşlarımız şiə azanını verirlər. Hər ikisində də Qarabaq yanğısı ilə şəhidlərin xatirəsi olan Qarabağ səsi var. Bu da birlik və qardaşlığa zəmin yaradır. Bəzi yerlərdə narazılıqlar olub, eşitmişik. Amma bunun da səbəbi insanlara məlumat verilməməsi, ya da sonradan verilməsidir. Amma məlumatlanandan sonra həmən insanlar səhvlərini başa düşüblər və üzr istəyiblər. Burda heç bir problem yoxdur.

Təcvid qaydalarını kənara qoysaq, simvolik bir azandır. Bu azan bir zamanlar Qarabağda səslənib. Bunu eşidən insanlar da dərhal işğal olunmuş torpaqları xatırlayırlar, tam başqa cür köklənirlər, bu torpaqların geri qaytarılmasının zəruriliyini bir daha anlayırlar. Bir daha təkrar edirəm, bu çox gözəl təşəbbüsdür.

Kamal Həsənli Ceyranbatan məscidi imam naibi

- Bizə belə bir aksiya keçirilməsi barədə DQİDK-dan məlumat verildi və sadəcə təklif irəli sürüldü. Biz də vətənpərvərlik borcumuzu yerinə yetirdik, bu aksiyaya qoşulduq. Çünki Qarabağ bizim canımızdır. Bu azan bizdə ilk dəfə Xocalı soyqırımının ildönümündə oxundu. Sonra da cümə günləri verilməsi davam etdirilir. Bizə təqdim edilən azan da sünni azanıdır. Düzü əhli-sünnə görüşlərinə görə azan canlı verilməlidir. Sadəcə bu şərtlə bağlı müəyyən problemlər oldu. Yoxsa ki, normal azandır, orda bir şey yoxdur ki! Mən də bu canlı azan söhbətini dilə gətirdim. Çünki bəziləri imkan axtarırlar ki, hocaya irad tutsunlar, nə bilim “hoca bidət etdi, təsbeh çəkdi, Quran oxudu namazdan sonra”. Məhz buna görə biz azanın canlı olmasını xatırlatdıq. Amma aksiyaya qoşulmuşuq, insanlar arasında izahat aparırıq. Mən camaata başa saldım ki, bu, Qarabağda verilən azandır, bir anlıq özümüzü orda hiss edək, Qarabağı, Xocalını xatırladaq. Bizdə cümə namazına 1000 nəfər adam gəlir. Təbii ki, onları sırasında fitnə çıxardanlar da olacaq. Bu gün “siz Quran hökmləri ilə danışmırsız”, “hoca Alllahdan millətimizə, dövlətimizə yardım etsin dedi” söyləyərək arxamızda namaz qılmayan xəvariclər var. Təbii ki, bu qüvvələr azan məsələsindən də istifadə edə bilərdilər. Amma biz Allahın izni ilə aksiyamızı davam etdiririk.

İbrahim İbrahimov QMİ-nin Zaqatala bölgə qazisi

- Zaqatala və Balakəndə 3 məscid bu təşəbbüsə könüllü surətdə qoşulub: Tala məscidi, Zaqatala şəhər Cümə məscidi və Balakən şəhər Cümə məscidi. Bu məscidlərdən Xocalı soyqırımının ildönümündə səsgücləndiricilər vasitəsi ilə Qarabağ azanı verildi, bir sıra tədbirlər də keçirildi. Biz özümüz də Ağdama səfər etmişdik, oradakı tədbirə qatılmışdıq. Biz DQİDK-nın saytından sünni azanını əldə etdik, onu da səsləndirdik. Burda da qeyri-adi heç nə yoxdur, çünki bu ərazilərdə sünnilər nisbi çoxluq təşkil edir. Bu təşəbbüsü də hamı anlaşqılıqla qarşıladı, heç bir narazılıq da olmadı. Mən də bunu şəxsən tam normal bir aksiya kimi dəyərləndirirəm.

Hacı Mübariz Xaçmaz Qaraqurdlu dini icmasının sədri

- Bu təşəbbüsə, inşallah üzümüzə gələn cümə qoşulacağıq, özü də könüllü. Mən Qarabağ veteranıyam, 1992-ci ildə Fizulidə döyüşmüşəm, özü də cəbhəyə könüllü getmişəm. Qarabağda şəhid olan insanlar da həmişə gözlərimin önündədir.

Allah onlara rəhmət eləsin! Xaçmazda sünni və ya şiə azanının fərqi yoxdur, bizdə belə problem yaşanmır. Azan elə azandır. Burda da heş kimə heç nə məcbur edilmir. Kimlərsə təxribat yaratmaq istəyir. Ya da ki, özlərini reklam edirlər: “Ay mən belə gözəl sünniyəm!”. Belə şeylər ancaq xalqı parçalamağa yönəlib. Sünnilər şiələrdən, şiələr sünnilərdən qız alıb, qohumluq əlaqələrimiz var. Biz vahid bir ümmətik.

Məsələyə daha da aydınlıq gətirmək üçün Qarabağda-Ağdamda keçirilən tədbirə qatılmış hər iki məzhəbi təmsil edən ilahiyyatçılardan münasibət öyrəndik.

Elşad Mahmudov “İlahiyyat” məscidi imam naibi, Ağdamdakı çıxışından

- Qarabağa doğru Haqqımızın səsi işğal altında olan torpaqlarımızda mütləq eşidilməlidir. Bu gün burda səslənən azan bizi vətənpərvərliyə, birliyə səsləyir. Burdan Dövlət Komitəsinin sədri tərəfindən təklif səsləndi ki, Qazi azan ən azı cümə günləri ölkənin bütün məscidlərində səslənsin. Mən bir ilahiyyatçı olaraq bu təklifi dəstəkləyirəm və dini icmalarımızı bu işdə fəal olmağa çağırıram.

Ağdamdakı tədbirdə çıxış etmiş, “Məşədi Dadaş” məscidi axundu Hacı Şahin Həsənli

- Mən Ağdam məscidində azan verilən zaman həmən tədbirdə iştirak edirdim. Mən orda çıxışımda qeyd etdim ki, həm özüm bu təşəbbüsə qoşuluram, həm də digər icma rəhbərlərini dəvət edirəm qoşulmağa. Məzhəblər arasında müəyyən fərqlər var, bunu da təbii qəbul etməliyik. Ona görə də bu fərqlər nəzərə alınaraq azan 2 variantda hazırlanıb, bunu da normal hesab edirəm. Çünki azanla bağlı bu iki məzhəbin görüşləri də bir qədər fərqlidir. Zaman-zaman Azərbaycanda məzhəblərarası qarşıdurmalar yaratmaqda maraqlı qüvvələr olub, dini zəmində münaqişələrə cəhd edilib. İndi də bunun növbəti təzahürünü görürük. Heç bir məzhəbə məcburən digərinin azanını səsləndirməyi məcbur etmək olmaz, mümkünsüzdür. Təbii ki, kimlərsə xəbərləri təhrif edib bu şəkildə təqdim etməkdə maraqlıdırlar.

Bu fikirlərdən göründüyü kimi, qayəsi sırf Qarabağ dərdimizə dəstək olan təşəbbüsü, məzhəbində asılı olmayaraq din xadimləri müsbət qarsalayıblar, doğru dəyərləndiriblər. Həqiqətən də, bu gün Azərbaycan xalqına şiə-sünni bölgüsü lazım deyil, bu ancaq düşmənlərimizə xidmət edə bilər. Yazının əvvəlində qeyd etdiyimiz etirazlar da məhz düşmən dəyirmanına tökülən sudur. Ola bilsin ki, kimlərsə bu şayiələrə savadsızlığı, dünya görüşünün məhdud olması səbəbi ilə inanır. Müsahiblərimiz qeyd etdikləri kimi, bu kontingentlə xüsusi iş aparılmalıdır. İzah olunmalıdır ki, bu gün, torpaqlarımızın 20 faizi işğal altında olduğu bir dönəmdə hər bir azərbaycanlı sünnü və ya şiə olmasından asılı olmayaraq Qarabağlıdır. Vurğulanmalıdır ki, bu gün, xüsusən torpaqalarımızın işğal altında olsuğu bir şəraitdə, milli kimlik hissi, dini kimlik qədər önəmlidir. Heç bir təxribata, məzhəblər arasında gərginliyə nəinki yol verilməməlidir, buna heç zəmin də yaradılmamalıdır. Araşdımamaız nəticəsində xüsusilə bəzi müsahiblərin ehyamlarından da məlum olur ki, təçəbbüsə qarşı çıxmağa cəhd edənlər “xavariclər” adlanan qrupa daxil olan bəzi radikallardır. Onlar ümumiyyətlə dindı istənilən milli çalarlara, adət-ənənələrə qarşı çıxırlar. Təəssüflər olsun ki, bu təxribatların arxasında dayanan konkret qüvvələr, konkret simalar da var. Bu bir ovuc dar düşüncəli “dindardan” istifadə edərək dövlət təşəbbüsünə qarşı çıxmaqdır. Belə olmasaydı yəqin ki, digər icmalar kimi susar və bunun əsl mahiyyəti barədə izahat işi aparırdılar. Nəzərə gələn həm də odur ki, sırf təxribat məqsədli, dindarların vətənpərvər sima almasından qıcıqlananların, təşəbbüsə balta vurmaq cəhdidir.

Əlbəttə ki, bu kəslər erməni deyillər. Sapı özümüzdən olan baltalardır. Onların kimliyinə aydınlıq gətirmək olduqca maraqlıdır, əsl jurnalist tədqiqatı üçün bir mövzudur. Guman edirik ki, konkret adların açıqlanmasına ehtiyac qalmayacaq. Hər kəs öz səhvini anlayacaq. Anlayacaq və xatırlayacaq ki, o, Azərbaycan övladıdıdr. Həmən o Azərbaycanın ki, 20 faizi onilliklərdir düşmən tapdağında inləyir. Və bu Azərbaycanın bütövlüyünün bərpasına yönələn bütün təşəbbüsləri baltalamaq yox, dəstəkləmək lazımdır. Əlbəttə ki, özümüzü bu torpağın oğlu, bu vətənin daşı hesab ediriksə. Toxunduğumuz məsələni diqqətə saxlamaqdayıq.

Azanın həm şiə, həm də süni versiyası