Xəbər verdiyimiz kimi, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və nümayəndə heyəti Ankaradan geri dönərkən təyyarə qəzasında həlak olublar.
“Qafqazinfo” xatırladır ki, general Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya gedib.
Səfər zamanı o, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, təhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsi və regional proseslər müzakirə olunub.
General əl-Həddad Ankaradakı təmasları çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah nümayəndələri ilə də görüşlər keçirib.
Danışıqlarda hərbi təlim proqramları, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələləri mzakirə olunub.
Bundan başqa, general əl-Həddad Ankarada rəsmi protokol çərçivəsində Atatürkün məzarını da ziyarət edib. Türk tərəfi səfərin iki ölkə arasında mövcud hərbi-strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Xatırladaq ki, Liviya Baş naziri Əbdülhəmid Dibeybe Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan şəxslərin həlak olduğunu açıqlayıb. “Dərin kədərlə Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad və onun yoldaşlarının vəfatı xəbərini aldıq”, - deyə o sosial media hesabında yazıb.
Son xəbərlər
Son Xəbərlər