Qəzza ilə bağlı yeni qərar - İki işçi qrupu yaradılır

qezza-ile-bagli-yeni-qerar
Oxunma sayı: 286

İsrail Baş naziri Binyamin Netanyahu və Sülh Şurası Qəzza zolağındakı vəziyyətlə bağlı iki işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.

İşçi qruplardan biri anklavın tərksilah edilməsi və hərbi təsirlərdən azad olunması ilə məşğul olacaq. Baş nazirin dəftərxanasından bildirilib ki, bu proses bərpa və yenidənqurma işləri başlamazdan əvvəl yekunlaşmalıdır. İkinci işçi qrupu isə Qəzzada sanitariya, təmiz su təminatı və ictimai səhiyyə sahəsindəki digər problemlərin həlli ilə məşğul olacaq.

Netanyahunun Sülh Şurasının nümayəndələri ilə Qüdslə keçirilən danışıqlarında ABŞ Prezidentinin kürəkəni Cared Kuşner və Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenov da iştirak ediblər.

“Ynet” nəşrinin məlumatına görə, İsrail Baş naziri Qəzzanın bərpasında ilk addım kimi HƏMAS-a aid silahların məhv edilmək üçün Qəzzada Sabitlik üzrə Beynəlxalq Qüvvələrə təhvil verilməsini tələb edib. Nəşrin iddiasına görə, bu proses ABŞ-nin nəzarəti altında həyata keçirilməlidir.

Xatırladaq ki, Netanyahu avqustun 9-da İsrailin Sülh Şurası tərəfindən təklif edilən 15 bəndlik Qəzza planını qəbul etməyəcəyini və HƏMAS faktiki olaraq tərksilah olunana qədər qoşunları anklavdan çıxarmayacağını bəyan etmişdi.