“Ramil dedi ki, heç vaxt intihar etmərəm” - Atası

ramil-dedi-ki-hec-vaxt-intihar-etmerem-atasi
Oxunma sayı: 808





Ramil Səfərovun doğum günü münasibəti ilə “Qafqazinfo” zabitimizin atası Sahib Səfərovun ötən il verdiyi geniş müsahibəsini təqdim edir.

- Nə danışım, hər şey danışılıb da…Bir şey deyən kimi də ermənilər eşidib qaçırlar Macarıstana. Mətbuatdan çalışıram ki, uzaq durum. Nə qədər uzaq dursam, Ramil üçün bir o qədər də yaxşıdır. Çünki mətbuat öz xeyrinə görə məlumatları dəyişir. İndi dünyada haqq ədalət var ki, Norveçdə 77 nəfəri öldürən insana 21 il iş verirlər. Amma Ramilə…O bir nəfəri öldürməklə..Macarların qanununa görə, açılan cinayətin maddəsində 10-15 il də iş verə bilərdilər. Əlbəttə, o maddədə ömürlük iş də var idi. Onlar erməni lobbisinin, diasporasının təzyiq və təsiri nəticəsində ermənilər necə dedisə, elə də oldu. Düzdür, cinayət hadisəsi olub. Amma burada kifayət qədər dəlil, hüquqi sənədlər var idi ki, Ramil hadisəni törədərkən özündə olmayıb. Bütün dünya bilir ki, Ermənistan təcavüzkar dövlətdir, amma görürsünüz heç nə demirlər. Haqq səsimizi heç kim eşitmir. İnanıram ki, haqq ədalət öz yerini tapacaq. Anası dərdə dözmədi, öldü. Mən qalmışam. Bir dəfə əməliyyat olunmuşam, ayaqüstə dura bilmirəm, çölə çıxa bilmirəm. Elə bax belə gəzirəm. Çox adam da deyir ki….Bilmirlər ki, nə çəkirəm. İnsanın bir toyuğu itir, heyvanı itir ondan ötrü narahat olur ki, niyə gəlmədi. Bu cür oğul, millətin qeyrətini çəkən, Azərbaycana lazımlı olan bir hərbçi həbs olunub. O qulaq ardına vurub bu hadisədən keçə də bilərdi, Azərbaycandan kim onu görürdü ki? Amma o erməninin hərəkətini qəbul edə bilmədi. Çünki o fərqli bir mühitdə böyümüşdü, ermənilərin vəhşiliklərini görmüşdü və bunu erməniyə bağışlaya bilmədi. O təhqirləri başqa millətin nümayəndələri etsəydi, Ramilə yəqin bu qədər təsir etməzdi. Çünki Ramil ermənilərin o vəhşiliklərin, törətdiyi o cinayətlərin canlı şahidi olub. Onlar uşağın yaralı yerini qaşımağa başladılar. Bizim uşaqlar elə tərbiyə alıblar ki, mədəniyyətləri ilə həmişə fərqləniblər. Elə Macarıstanda da iki azərbaycanlı və iki erməni təhsil alırdı. Ramil və Anar daha yaxşı oxuyurdu, nəinki ermənilər. Hətta bizimkilər ermənilərdən yaxşı oxuduqlarına görə, ayrı korpuslarda dərs keçirilirdi. Sadəcə onları eyni mərtəbədə yatırdılar.

- Ramilə münasibət birmənalı deyil. Aramızda bir çoxları elə ona qatil kimi baxırlar. Bu haqda nə deyərdiniz?
- Əslində ermənilərin vəhşiliyinin tarixi çox uzaqdan başlayır. Ermənilərin 20-ci əsrin əvvəllərində törətdikləri fəsadlar elə o zamandan başlayır. Bu gündə onlar Farizi, Aygünü öldürürlər. O körpə uşaqların nə günahı var idi? Düzdür, Ramil haqqında elə indi də hadisələrdən xəbəri olmaya-olmaya danışanlar var. Bu sualı ona məhkəmə vaxtı ANS-in prezidenti Vahid Mustafayev də vermişdi. O deyib ki, əgər biz azad respublikada yaşayırıqsa, hər kəsin azad fikri var. Mən həm müsbət, həm də mənfi fikirdə olanlara təşəkkür edirəm ki, fikirlərini sərbəst deyirlər. Elə mən də onun sözünü deyirəm. Hər kəsin öz düşüncəsi var. Ağılsıza sən get 100 dəfə öyrət ki, həqiqət budur. Onun ağlı da, düşüncəsi də dəyişən deyil. Elələri var ki, vətəni, torpağı satır pula, elələri də var ki, canını bu vətənə qurban verirlər. Elə şəxs var ki, valideynini təhqir edirlər, heç dinmir. Mən də ona sual verdim ki, sən bunu eləməyə bilərdin? O dedi ki, bir halda ki, ali baş komandanın dizini yerə qoyub öpdüyü bayrağı erməni gəlib başqa millətlərin yanında deyir ki, o bayraqla mən hər gün ayaqqabılarımı silirəm, onda necə etməyərdim? Bunu o qədər qızışdırıb ki, hətta Ramil məktəbin rəhbərliyinə də bu haqda məlumat verib. Deyib ki, ermənilər bizə qarşı təxribat aparır. Ermənilərin də ağlına gəlməyib ki, o belə hərəkət edə bilər. Həmişə ermənilər deyiblər ki, azərbaycanlılardan aralı gəzin. Bir dəfə, iki dəfə bu da dözməyib…Ramil deyir ki, ermənilər əlini divara vurub deyirmişlər ki, siz burada yaxşı oxuyun da, əsas odur siz döyüşməyi bacarmırsınız, qorxaq millətsiniz. Bu hadisə 2004-cü ilin fevralın 19-da, Xocalı faciəsindən 7 gün əvvəl olub. Onlar uşaqların arasında həmişə deyiblər ki, azərbaycanlıların qabaqda Xocalı “bayramı” gəlir. Bunu o qədər qıcıqlandırıblar ki….

- Nəticədə belə oldu…
- Təsəvvür edin dünya miqyasında heç bir yerdə ekspert 4 dəfə aparılmır. Birinci dəfə ekspert rəyi verilmişdi. Bizimkilər etiraz etdi ki, düzgün verilməyib, növbəti dəfə olsun. İkinci dəfə Ramilin xeyrinə rəy verdi. Hakim fikirlərin ziddiyət təşkil etdiyi üçün bunu qəbul etmədi və üçüncü dəfə ekspert olmalı idi , yəni bu dəfə hansı olsa ona əsaslanacaq. 6 aydan sonra üçüncü dəfə də eyni rəy, yəni Ramil hadisəni törədərkən normal durumda olmayıb. Çünki ermənilər bunu qıcıqlandırıb. Hakim yenə qəbul etmədi və dördüncü dəfə heç kəs olmadan ekspert rəyi verildi. Hakim heç olmasa 3 rəyi nəzərə alardı və ona 12 il, 15 il vermək olardı.

- Ramil, həbsxanada bir çoxumuzun azadlıqda bacarmadığmız bir şeyi edib. O macar yazıçısı Maqda Sabonun “Qapı” romanını tərcümə edib. Bu macarlara bir jest deyilmi?
- Bu kitabın ön sözündə Ramil yazıb ki, mən bu neçə il ərzində macar dilini sərbəst öyrənəndə onların keçmişinə, mədəniyyətlərinə, tarixlərinə baxanda Azərbaycanla oxşarlığı olduğunu gördüm və mən bu xalqa məhəbbətimdən bu dili öyrəndim. Baxmayaraq ki, onlar mənim haqqımda ədalətsiz qərar veriblər. Başqa dövləti sevməyən adam onun dilini öyrənməz. Amma onlar bir cavanın həyatını puç eləyiblər. Ramil hazırda yenə də kitab tərcümə edir. Müəllifdən icazə alan kimi o da yəqin çap olunacaq.

- Sizcə, o özünü qəhrəman hesab edir?
- Çox insan deyir ki, o qəhrəmandır. Amma Ramil özünü qəhrəman hesab etmir. Onun üçün qəhrəman Qarabağ uğrunda şəhid olub, canını verən, sağlamlığını itirən insanlardır. İgid oğlanlar onlardır. Ramil deyir ki, mən heç bir qəhrəmanlıq etməmişəm. Ramil çox sadə bir insandır. Ramil bunu etməyə də bilərdi..Amma kəndir elə bir vəziyyətdə idi ki, qırılmaq həddində idi.

- Siz bayaq dediniz ki, anası dözməyib öldü. Ramil bunu gec bildi?
- Ramilin anası 2009-cu ilin oktyabr ayında rəhmətə gedib. Hamı kimi o da bildi. Amma Ramilin anasının yasına gənclər gəlmədi. Keçən dəfə Gənclər Təşkilatından 20-30 gənc gəlmişdi, mən də onlara dedim ki, əgər siz belə Ramili vətənpərvər,qəhrəman hesab edirsinizsə niyə anasının yasında bura gəlmədiniz. Gənclər gəlməsə də, deputatlardan tutmuş ən sadə adamlara qədər insanlar gəlmişdi bura. Eşidən, bilən gəlirdi başsağlığı verməyə. Mən gözləyirdim ki, həmin gənclər gələcək, amma onların heç birini görmədim.

- Artıq 8 ildir ki, Ramil Səfərov həbsdədir. Bu müddət ərzində anası və ya sizinlə heç görüşüb?
- Kimlə görüşüb ki? Bizi qoymur yanına getməyə. Həmişə deyir ki, sizin gəlməyiniz mənə pis təsir edəcək. Öyrəşəcəyəm sizə. Həftədə elə olur ki, 2-3 dəfə danışırıq. Hər şənbə adətən danışırıq. Ara günlərdə də zəng vurur. Bir dəfə mənimlə, bir dəfə qardaşı ilə, bir dəfə dostları ilə. Danışmaq imkanı var, heç bir problemi yoxdur bu barədə.

- Bəs siz niyə getmirsiniz?
- Əslində mən ona haqq qazandırıram. Bir dəfə gedəndən sonra onun gözü yolda qalır, sən narahat olursan. Hər bir çətinliyə gərək dözəsən. Hər dəfə zəng vuranda biz ona dəstək olmaq əvəzinə, o bizə ürək-dirək verir. Hər şey yaxşı olacaq . Bu istiqamətdə də dövlətin öz planı, strategiyası var. Hər şeyi açıq demək olmur, hər şeyi qaldırmaq olmur. Ermənilərin əli ətəyindən uzundur, nə isə deyən kimə hər yerə hay salırlar. AŞPA-dan tutmuş BMT-yə qədər. Demirəm ki, dövlət Ramili unudub, onun işi ilə məşğul olan yoxdur və ya maraqlanmırlar. Bu elə bir işdir ki, gözləyirik ki, pillə-pillə hər şey yaxşı olacaq.

- Neçə ildir Ramilsiz Ramilin doğum gününü qeyd edirsiniz?
- 1991-ci ildən evdən çıxıb və 21 ildir. 13 yaşından o hərbidədir. 1 il Cəmşid Naxçıvanski adına hərb liseydə oxudu, oradan da Türkiyəyə göndərdilər.

- Siz onu bu yaşda ikən vətənə xidmət üçün göndərəndə nəticədə nə gözləyirdiniz?
- Ona ən çox psixoloji təsir edən 20 Yanvar hadisəsi, Xocalı faciəsi idi. Elə şeyləri görəndən sonra o heç nəyi gözləmədi. Bəlkə də orta məktəbi qurtarsaydı gələcəyin həkimi, mühəndisi, hüquqşünası, alimi olardı, çünki dərslərini çox yaxşı oxuyurdu. Hadisələrin bu cür gedişindən sonra sanki o dövlətə, xalqa xidmət etmək üçün tələsirdi. O elə bil tələsirdi ki, hər şey tez olsun.

- Bəs Cəbrayılın işğalı ona necə təsir etdi?
- Cəbrayılın işğalı vaxtı hamı dedi ki, Horadizdə ermənilər yolu bağlayıblar. Qonşular dedi ki, gedək İrana. Mən dedim ki, geri Ermənistana tərəf gedənə kimi qabağa gedək. Əgər öləcəyiksə, elə qabaqda ölək. Biz bölündük, gördük ki, bu sadəcə panika idi. Sonra Beyləqanda 3 saylı Sovxozda məskunlaşdıq.

- Ramil Səfərov şəhid Fərid Əhmədovun komandiri olub. Sizcə bu təsadüfdür?
- Ramil Fəridin komandiri olub, Əhmədlə isə həm C. Naxçıvanskidə bir yerdə oxuyublar, həm də Türkiyədə bir yerdə olublar.

- Ramili həbsxanada kimlər daha çox ziyarət edir?
- Hörmətli deputatlarımız sağ olsun Macarıstan tərəfə kimin yolu düşürsə mütləq Ramilə dəyir. Ən çox Macarıstana kursa gedən uşaqlar onun yanına gedir. Görüşməyə heç bir problem yoxdur, Ramil razılıq verməsə, heç kimi yanına buraxmazlar.

- Bu yaxınlarda saytlarda Ramilin intiharı barədə xəbər yayılmışdı? Bu cür yalan xəbər yayanlara sözünüz nədir?
- Hə, bizimkilər reklam əldə etmək üçün belə bir xəbər yayıblar. Bunu yazanlar heç bizi düşünmədilər? Hətta bu xəbəri eşidənlər risk edib bunu bizə deməmişdilər. Amma Ramil özü zəng vurub mənə dedi. Deməli, onun dostu Belçikadan zəng vurub Ramilə deyib. O da mənə tez xəbər edib ki, narahat olmayın. Bir də gördüm ki, o həftə arası zəng vurub səbəbini soruşdum dedi ki, belə bir xəbər yayılıb. Narahat olma sağ-salamatam. Belə şeylər eşidəndə arxayın ol. Heç vaxt belə bir şey etmərəm. O bilir ki, dövləti onu qoruyur.

- Mətbuatdan narazı görünürsünüz, buna səbəb nədir?
- Mətbuatın artıq-əskik danışmağı Ramilin işini həmişə korlayıb... Qəzetlər yazdı ki, prezident Macarıstana Ramili gətirməyə gedib. Həmin vaxt prezident fevralın 19-u Macarıstana getdi, fevralın 18-i isə Macarıstanın ədliyyə nazirini işdən çıxardılar. Onların xarici işlər naziri Azərbaycana gələndə deyib ki, danışıqlar gedir. Azərbaycanın ədliyyə naziri sənədləri imzalamağa getdi. Dövlətdən tələbim budur ki, ermənilərin acığına, elə prinsipə, Ramili gətirsinlər bura. Necə ki Mübarizin, Fəridin cənazələrini bura gətirməyi bacarıblar. İnanıram ki, dövlətimiz bunu edəcək. Bundan başqa dövlətdən heç nə ummuram. Pis yaxşı Allaha şükür yaşayırıq. Azərbaycanın qeyrətli, vətənpərvər oğlanları köməklik edir. İnanın ki, əməliyyat olunanda deputatlar gəlib tapşırıb getdilər. Təsəvvür edin o qədər adam yanıma gəlirdi ki, həkimlər məni 3 gündən sonra buraxdılar ki, tez gedin evə.

- Amma Ramilin ömürlük həbsində mətbuatı daha çox ittiham edirlər. Buna səbəb Ramili daha çox müdafiə etmələridir. Sizcə belə deyildiki?
- O vaxt bu hadisəni çox şişirtdilər, şəkillərini ora-bura çox vurdular. Əslində bu boş şeydir, onlar eləsələr də, eləməsələr də ermənilərin planı hazır idi, onlar o işi görəcəkdilər. Erməni bicdir də, bir şey edəndə fikirləşib edir, bizimkilər kimi hay-küylə etmirlər. Ermənilər heç nə demir, amma hər şey edir. Bizimkilər hər şey deyir, amma heç nə eləmir. Biz ancaq ağızda deyirik, belə edəcəyik, amma heç nə edə bilmirik. Onda hamı hay-küy saldılar ay belə edəcəyik, elə edəcəyik, Ramil də məhv oldu getdi.

- Nə gözləyirsiniz mətbuatdan?
- Mətbuatın hüquqi cəhətdən lazımı yerlərə müraciəti lazım idi. Dövlət qurumlarına tələb qoymalı idi ki, Ramilin hüquqları pozulub, amma bir hüquq müdafiəçisi bunu deməyib. Adicə Macarıstanın Konstitusiya məhkəməsinin hakimi Bakıya gəlmişdi, jurnalistlərin sualına cavab verdi ki, baxmayaraq ki, cinayət hadisəsi olub Macarıstanda hüquq müdafiəçiləri, hakim bu hadisənin törəmə səbəblərini, motivlərini araşdırıb Ramilə cəza verməlidir. Yəni bu hadisə nədən törədilib, elə-belə öz-özündən törədilməyib? Yəni bu insan sağlam idi, niyə bunu edib, səbəbləri araşdırılmalı idi. Hüquqi qiymət verilməli idi. Mənim yoldaşımın əmisi oğlunu ermənilər öldürmüşdülər, ürəyini də çıxarıb ovcunun içinə qoymuşdular. Ramil onların baş kəsmək, göz çıxarmaq kimi vəhşiliklərini görmüşdü. Yoldaşım da tibb bacısı idi. Onda yaralıları, şikəstləri gətirirdilər, ilkin yardımı biz edirdik. Ramil də, qardaşları da bizə kömək edirdilər. Bunların hamısını, Ramil gözləri ilə görüb.

- Ramilin ad günü avqustun 25-dir, yoxsa 26-sı?
- Mən bilmirəm bunu kim kəşf edir. Ramil ayın 26-sı doğulub. Özüm də təəccüblənirəm, zəng vurub 25-ni doğum günü bilib təbrik edənlər də olur. Bizimkilər heç 7-8 il bundan qabaq bilmirdilər internet nədir. Onlar internet saytlarında yazdılar ki, Azərbaycan zabiti erməni zabitini yatdığı yerdə öldürüb. Həqiqəti bilən yoxdur ki, hadisə necə olub və Azərbaycanda elələri var idi ki, hər yerdə Ramilin erməninini yatan yerdə öldürdüyünü deyib. Əvvəla ermənilər bizə nə edibsə, elə yatdığımız yerdə edib. Amma Ramil onu heç də yatdığı yerdə öldürmədi. Çünki erməninin otaq yoldaşı macar olub. Ramil onların otağına girəndə səsə hər ikisi ayılıb. Macar qışqırıb, Ramil ona deyib ki, səninlə işim yoxdur, gedirsən çıx get. Erməni də getmək istəyib, qoymayıb və vurub öldürüb. Hadisə belə olub axı. Bizdə bəzi insanlar var idi ki, Ramil Azərbaycanın imicinə ziyan gətirdiyini dedilər, onların özü Azərbaycanın imicinə ziyan gətirib. Erməni Ramili öldürsəydi nə olardı onda? Onda Azərbaycanın bayrağı yuxarı qalxardı? Yoxsa Azərbaycanın bayrağını yuxarı qaldıracaqdılar ki, erməni Ramili öldürdü? Hadisədir olub. Ramil “vətən mənim üçün hər şeydən əzizdir” deyib. Mənim vətənimin adına kimsə başqa millətlərin nümayəndələrinin içində ləkə gətirə bilməz. Qoy ermənilər bunu bilsin, unutmasınlar. Ağıllı insandır, nə olub ona? İndi o cür səbrlə oturub orda, kitab tərcümə edir, kitab mütaliə edir. Onun yanına gedib gələnlər deyir ki, onun baxışına, özünü təmkinli aparmağına, qürurlu olmağına halal olsun. Yalvarmır, ağlamır, sızıldamır, mərdi-mərdanə oturub. Ramil həmişə deyir ki, elə igidlərimiz var ki, mən onların yanında heç nəyəm. Ata, onlar şəhid olublar elə bil ki, mən də şəhid olmuşam. Sonra da deyir ki, heç olmasa sizinlə danışıram. İnanın Mübarizin meyidi gələndə o qədər sevindi ki. Onun yanına gedib gələnlər deyir ki, otağında Mübarizin şəkli var.

- Dövlətdən, elə adi vətəndaşlardan sizə diqqət var?
- Kiməsə ağız açım, qapısının ağzında durum, belə şey yoxdur. 2003-cü ildə Ramil özü burda olanda, bu evi tikdik. Uşaqlarım burda yaşayırdı, özümüz yataqxanada qalırdıq, yoldaşım ağır xəstə olanda uşaqlar dedi ki, biz gedək ora siz qayıdın bu evə, yataqxanada xəstə adam üçün çətindir. Mənə yardım edən sadə vətənpərvər insanlardır. Qeyrətli Azərbaycan oğlanlarıdır. Bayramdan bayrama lazım olanda Ramilə kömək edirlər. Ramil bizimlə nə qədər danışırsa, hesabın hamısını Ramil özü verir. Ayda iki dəfə ərzaq filan alır, danışanda kart pulu özündən verir. Elə dolanırıq. Dövlət mənə nə ayırmalıdır, nə etməlidir? Ummamışam, fikirləşməmişəm ki, mənə nə isə etsinlər. Çalışdığım odur ki, dövlətin nə imkanı, nə gücü varsa, prinsipə erməniyə gücümüzü sübut etsinlər. Onu da sübut edəcəklər. Əminəm ki, göstərişlər veriləcək. Sadəcə geci-tezi var. Vaxt lazımdır, zaman lazımdır. Guya macarlara lazımdır bu qədər xərc çəkirlər, onu qoruyurlar. Ermənilər onun başına iki-üç dəfə pul qoyublar. 120 min, sonra yarım milyon, sonda 1 milyon etdilər.

- Ramildən başqa neçə övladınız var?
- Böyük oğlum Vüqar, ikinci oğlum İlqar. Bir oğlum da anadangəlmə xəstədir, danışmır-eləmir. Ramildən iki yaş kiçikdir. Biz özümüz yedizdirib-içizdiririk.

- Siz ümid edirsiniz ki, Ramil qayıdacaq?
- Bəli ümid edirəm, əminəm ki, qayıdacaq. Geci-tezi var. Azərbaycana qayıdacaq.

Günel Əbilova

(26.08.2011merkez.az)