Rəsul Quliyevin Partiyasında yeni təyinatlar

resul-quliyevin-partiyasinda-yeni-teyinatlar
Oxunma sayı: 819

O, həmçinin partiyada bir sıra vəzifələrə təyinatlar edib. 2009-cu ildə ACP-dən çıxarılan keçmiş deputat, Rəsul Quliyevin müşaviri olmuş Zəminə Dünyamalıyeva toplantıda partiya üzvlüyünə bərpa olunub və sədrin təşkilati işlər üzrə müavini təyin edilib.

Zəminə Dünyamalıyevadan başqa partiyanın Sülhəddin Əkbərdən əvvəlki sədri Vaqif Mahmudov siyasi məsələlər, keçmiş müsavatçı Kəramət Salayev isə gənclərlə iş üzrə müavin təyin olunublar. Bu günlərdə Müsavat Partiyasından istefa verən Meydan Babayev isə ACP sıralarına rəsmən qəbul edilib və təşkilat şöbəsinin müdiri təyin olunub.

Bu barədə “Yeni Müsavat”a Zəminə Dünyamalıyeva məlumat verib. Onun dediyinə görə, ACP-nin keçmiş üzvləri olan sabiq deputatlar Solmaz Ələsgərova, Mahir Əsədov və Akif Şahbazov da yaxın vaxtlarda partiyaya bərpa olunacaqlar. S.Ələsgərovanın hətta ACP sədrinin qadınlarla iş üzrə müavini təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Akif Şahbazov ACP-nin ilk sədri olub və 2009-cu ildə partiyadan istefa verərək siyasətdən getmişdi. Mahir Əsədov isə vaxtı ilə YAP-dan istefa verib Rəsul Quliyevin tərəfinə keçənlərdən idi. Lakin o da xeyli vaxt idi siyasətdən getmişdi. Solmaz Ələsgərova isə 2008-ci ildə Rəsul Quliyevin partiyasından istefa verərək prezident İlham Əliyevin namizədliyini dəstəkləyən Çingiz Dəmiroğlunun sədrlik etdiyi Tərəqqi Partiyasına üzv olmuşdu.
Z.Dünyamalıyevanın dediyinə görə, adı çəkilən sabiq rəsulçularla ACP-nin danışığı olub və onların partiyaya qayıtması barədə razılıq əldə edilib. Yaxın günlərdə onların partiyaya gəlişi rəsmiləşəcək: “Akif Şahbazovla Mahir Əsədov partiyadan getsələr də başqa heç bir partiyaya üzv olmayıblar. Yəqin ki, Solmaz xanım ACP üzvlüyünə gələndə Tərəqqi Partiyasından istefa verəcək”.

Z.Dünyamalıyeva hazırda partiyanın qərargahsız fəaliyyət göstərməyə məcbur olduğunu, İdarə Heyətinin iclasının KXCP qərargahında keçirildiyini dedi: “Qərargah partiya üçün mühüm şərtdir. Hər bir partiyanın haqqı olduğu kimi ACP-nin də haqqı var ki, özünə qərargah əldə etsin. Qərargahsız mümkün deyil. Bu problem ən vacib həll olunmalı məsələlərdən biridir”.