Saakaşvilinin növbəti məhkəmə iclasının vaxtı açıqlandı - Yenilənib

saakasvilinin-novbeti-mehkeme-iclasinin-vaxti-aciqlandi
Oxunma sayı: 3779

Bu gün Tbilisi şəhər məhkəməsində 2007-ci il noyabrın 7-si baş vermiş hadisələrlə bağlı məhkəmə iclası keçirilir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili və o dövrün yüksək vəzifəli məmurları sözügedən hadisələrdə təqsirləndirilən şəxs hesab olunurlar.

Saakaşvilinin tərəfdarları məhkəmənin mərkəzi girişinin önündə toplaşıb. Hazırda hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub.

Məlumata əsasən, Saakaşvilinin özü məhkəmə prosesində iştirak etmir. Ölkənin Xüsusi Penitensiar Xidməti təhlükəsizlik tədbirləri baxımından gürcü siyasətçinin müalicə aldığı 18 saylı penitensiar müəssisədə qalmasına qərar verib.

Bununla belə, Mixail Saakaşvilinin, keçmiş Baş nazir Vano Merabişvilinin, keçmiş müdafiə naziri David Kezeraşvili və digərlərinin vəkilləri iclasda iştirak edirlər.

Saakaşvili və digər yüksək vəzifəli məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılırlar və onları 5 ildən 8 ilə qədər həbs gözləyə bilər.

İstintaqın məlumatına görə, sabiq Prezident Mixail Saakaşvili tərəfindən verilən göstərişlər əsasında, hüquq-mühafizə orqanları Rustaveli prospektində mitinq iştirakçılarını dağıdıb və onlara qarşı qanunsuz silahdan istifadə edib.

***

Tbilisi şəhər məhkəməsi eks-prezident Mixail Saakaşvilinin işi üzrə növbəti iclası noyabrın 29-na təyin edib. Bu barədə hakim Nino Elieşvili deyib. Birinci iclas Saakaşvili olmadan keçib. Həbsxana rəhbərliyi təxribatlardan ehtiyat edərək eks-prezidentin məhkəməyə göndərilməsindən imtina edib. Çərşənbə günü Tbilisi şəhər məhkəməsi 2007-ci il noyabrın 7-də dinc aksiyanı dağıtmaqda ittiham olunan Saakaşviliyə qarşı həbs qətimkan tədbirini ləğv edib.

Hakim Nino Elieşvili izah edib ki, məhkəmə Saakaşviliyə qarşı həbs qətimkan tədbiri istifadə etməyə lüzum görmür, çünki o artıq başqa işlər üzrə məhkəmənin hökmü əsasında həbsdədir.