Rusiya Daxili İşlər Nazirliyi ölkənin keçmiş rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforovu rəsmi axtarışa verib.
“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, sabiq nazir Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır.
İstintaq orqanları sentyabrın 4-də Nikiforovu məşhur “Finiko” maliyyə piramidasının banilərindən biri hesab edərək ona qarşı qiyabi olaraq mütəşəkkil cinayətkar dəstə yaratmaq və külli miqdarda dələduzluq ittihamları irəli sürüb.
Tatarıstanda qurulan və illik 25% gəlir vədi ilə 8 minə yaxın vətəndaşı aldadan “Finiko” piramidasının qazancı 5 milyard rubl civarında qiymətləndirilir. “Biznes Online” və “Agentlik” nəşrlərinin məlumatına görə, eks-nazir güc strukturlarının əməliyyatından cəmi bir neçə saat əvvəl şəxsi təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliklərinə qaçmağı bacarıb. Onun biznes tərəfdaşı Azat Tuxvatullin isə Tatarıstanda saxlanılıb.
Xatırladaq ki, Nikolay Nikiforov 2012-2018-ci illərdə Rusiyanın rabitə naziri vəzifəsini icra edib və son illər, əsasən, BƏƏ-də məskunlaşıb.

Son xəbərlər
Son Xəbərlər