“Şahdağ”dakı yanğın söndürüldü - Video+Yenilənib

sahdagdaki-yangin-sonduruldu
Oxunma sayı: 2773

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Qafqazinfo"ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin yüksək dağlıq ərazisində bu gün axşam saatlarında baş verən yanğın Şahdağ Milli Parkının, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə qısa müddət ərzində söndürülüb.  

Bunu “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

***

FHN-dən isə bildirilib ki, “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb. 

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Şahdağ” Milli Parkı ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində təqribən 7 hektar sahədə xəzəl, quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli kənd sakini iştirak edib.