Yekaterinburqun Kirov Rayon Məhkəməsinin andlı iclasçılar kollegiyası Uraldakı Azərbaycan diasporunun üzvlərinin 2001 və 2010-cu illərdə sahibkarların öldürülməsi və öldürülməsinə cəhddə ittiham olunduğu iş üzrə hökm çıxarıb.
“Qafqazinfo” “66.ru”ya istinadən xəbər verir ki, Yekaterinburqdakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 2001-ci ildə Yunus Paşayevin öldürülməsində, həmçinin 2010-cu ildə Fəhruz Şirinovun öldürülməsinə cəhddə təqsirli bilinib.
Paşayevin öldürülməsi epizodu üzrə həmçinin Akif, Bəkir, Ayaz, Kamal və Məzahir Səfərovlar təqsirli hesab ediliblər. Şirinovun öldürülməsinə cəhd epizodu üzrə isə Akif və Ayaz Səfərovlar, həmçinin Şücaəddin Rəcəbov təqsirli bilinib.
Məlumata görə, ittiham olunan şəxslərdən biri istisna olmaqla, digərləri iddiaları rədd ediblər. Belə ki, yalnız Məzahir Səfərov Yunus Paşayevi bıçaqladığını qismən etiraf edib.
Şıxlınskinin “sağ əli” hesab olunan nəhəng tərəvəz bazasının sahibi İkram Hacıyevin 2011-ci ildə qətlə yetirilməsi işi isə ayrıca icraata çıxarılıb.
Xatırladaq ki, 2025-ci iyunun 26-da Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Saxlanılma zamanı hər iki şəxs aldıqları xəsarətlərdən həyatını itiriblər. Onların qohumları isə həbs olunublar. Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxslinski həbs ediliblər.
Şahin Şıxlinski digər şəxslərin öldürülməsi və öldürülməsinə cəhddə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur. Mutvalı Şıxlinski isə hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.
Son xəbərlər
Son Xəbərlər