Rusiyanın Krasnodar diyar məhkəməsində azərbaycanlı iş adamı Şahlar Novruzov və qohumu Leyla Hacıyevanın cinayət işi üzrə dinləmələr keçirilib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Şahlarov “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin paylarının idarə olunmasında xüsusilə külli miqdarda dələduzluğa cəhddə, həmçinin mülki işdə sübutların saxtalaşdırılmasında ittiham olunur.
Məlumata görə, Novruzov 2014-cü ildə “Tuapse Dəniz Kommersiya Limanı” MMC-ni Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” ofşor şirkətinə satıb. 10 il sonra - Britaniya Vircin adaları Rusiyaya “dost olmayan ölkələr siyahısı”na daxil edildikdə isə iş adamı müəssisəni geri qaytarmaq məqsədilə saxta boşanma prosesi təşkil edib.
Bu işdə ona qohumu Leyla Hacıyeva kömək edib. Belə ki, Şahlar Novruzovun həyat yoldaşı rolunda çıxış edən Hacıyeva 2024-cü ilin fevralında Krasnodar məhkəməsinə nikahın pozulması, həmçinin “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin paylarının 100%-nin “Vonixel Limited” ofşor şirkətinə ötürülməsinin ləğvini tələb edib. Bu zaman o, ər-arvaddan birinin digərinin razılığı olmadan bağlanmış əqdi ləğv etməsinə imkan verən qanunvericilik normasına istinad edib. Hacıyeva Şahlarovla evli olduqlarını sübut etmək üçün məhkəməyə guya 2014-cü ildə Azərbaycanda bağlanmış nikah haqqında şəhadətnamənin surətini təqdim edib. Lakin hüquq-mühafizə orqanları belə bir nikahın mövcud olmadığı barədə məlumat əldə ediblər. 2025-ci ilin yazında barəsində dələduzluq ittihamı ilə cinayət işi başlanılmış Novruzov saxlanılıb.
2025-ci ilin noyabrında Krasnodar diyarının arbitraj məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edib. Belə ki, məhkəmənin qərarına əsasən, Ş.Novruzovun sahibi olduğu “Tuapse Dəniz Kommersiya Limanı” MMC və “Predpriyatiye TMKP” MMC-nin səhmlərinin 100%-i, həmçinin Temryuk Dəniz Yük Terminalı, “Dar Frut” MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib.
Bununla belə, iş adamı və onun qohumu nikahın saxtalığının sübut olunmadığını iddia edərək özlərini günahkar hesab etmirlər. “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin paylarını mənimsəmə cəhdinə gəldikdə isə, Şahlar Novruzov Tuapse limanındakı aktivlərlə bağlı bütün əməliyyatların qanuni olduğunu israr edir.
Son xəbərlər
Son Xəbərlər