Səbail rayonunun Qurban Abbasov küçəsi, 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan doğum evinin binasının söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür.
Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq.
Xatırladaq ki, bina 1930-cu ildə inşa edilib. II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyyət göstərib.
***
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də sözügedən məsələ ilə bağlı açıqlama yayıb:
“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması məqsədilə 06.06.2023-cü il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun 50-1.1-ci maddəsinə əsasən dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) açıq tenderin keçirilməsi barədə elan verilib.
Qeyd edək ki, ilkin olaraq əsaslı təmir işlərinə başlanılması məqsədilə sözügedən tibb müəssisəsinin əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması üzrə elektron satınalma müsabiqəsi keçirilib. Müsabiqənin nəticəsinə əsasən Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığı (lisenziya) olan layihəçi tərəfindən sözügedən tibb müəssisəsinin layihə-smeta sənədləri hazırlanıb.
Hazırlanmış layihə-smeta sənədlərinin tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə layihələr Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə (Ekspertiza müəssisəsi) təqdim edilmiş və tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanıb.
Qeyd edilənlər ilə yanaşı, təsdiq edilmiş layihə sənədlərinə əsasən binanın xarici görünüşünə xəlil gətirilməməklə obyektin istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulub”.
Son xəbərlər
Son Xəbərlər