SEPAH ABŞ bazalarına hücumu təsdiqlədi

sepah-abs-bazalarina-hucumu-tesdiqledi
Oxunma sayı: 1422

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin regiondakı hərbi obyektlərinə və İsrailə qarşı genişmiqyaslı raket və dron hücumları həyata keçirib.

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, SEPAH-ın zərbələri ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanmasının qərargahını, həmçinin Qətər və BƏƏ-dəki Amerika bazalarını hədəf alıb.

Məlumata görə, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ hərbi obyektlərinə, eləcə də İsrailin mərkəzindəki hərbi hədəflərə güclü zərbələr endirilib.

İsrailin “9-cu Kanal”ı isə Ərəbistan dənizində yerləşən ABŞ-nin “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin də vurulduğunu bildirib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, ABŞ və İsrailə dəstək verən istənilən hərbi baza hədəfə alınacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını elan etmişdi. İsrailin “12-ci kanal”ının məlumatına görə, bu hücumlar İran rəhbərliyinin bütün üzvlərini hədəf alıb.