Şirvanda 20 Yanvarla bağlı tədbir keçirildi - Fotolar

sirvanda-20-yanvarla-bagli-tedbir-kecirildi
Oxunma sayı: 2359

Şirvan şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, İcra Hakimiyyəti başçısı yanında şura üzvlərinin, hüquq mühafizə orqanlarının, əmək kollektivlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə keçirilən anım tədbirində əvvəlcə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

İlqar Abbasov anım tədbirində çıxış edərək bildirib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 30 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızlarımızın xatirəsi dərin ehtiramla yad edilir. Məhz xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb edib. Yalnız Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib və respublika səviyyəsində faciəyə hüquqi-siyasi qiymət verilib.

İ.Abbasov qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti, regionda və beynəlxalq aləmdə artan nüfuzu deməyə əsas verir ki, xalqımızın haqq işi, ədalətli mövqeyi tezliklə qalib gələcək, Dağlıq Qarabağ problemi həll ediləcək, işğal olunmuş torpaqlarımız azad ediləcək, xalqımızın qəhrəmanlıq səlnaməsini yazan şəhidlərimizin ruhu şad olacaq.

Tədbirin digər iştirakçıları da faciə qurbanlarının xatirəsini yad edərək, çıxış ediblər.

Sonra şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən “Şəhidlər xiyabanı”nda və “El qəbristanlığı”nda uyuyan şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub, şəhid ailələri ilə görüşülərək onlara başsağlığı verilib.