“Sabah” Misli Premyer Liqasının 26-cı turunda səfərdə “Araz-Naxçıvan”ı 4:2 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Əvvəlcə “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu gün çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik.
- Bu cür performansı mövsümün sonuna qədər davam etdirə biləcəyinizi düşünürsünüz, yoxsa, ehtiyat edirsiniz ki, hansısa eniş yaşana bilər?
- Bu, məni narahat etmir. Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm. O qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidir.
- “Sabah”ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu faktı bilirdiniz? Buna görə təbrik almışdınız, yoxsa əsas təbriki mövsümün sonunda alacaqsınız?
- Həqiqətən, bu barədə bilmirdim. Bizim üçün böyük uğurdur. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.
- İvan Lepnitsanın durumu nə yerdədir? Üstəlik, onun adı xarici klublarla hallanır. Bu haqda onunla söhbət etmisiniz?
- Sualın ikinci hissəsi ilə başlayım, oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Önəmli olan odur ki, hər bir futbolçu qarşıdakı matçlara köklənsin. Gələcəyi barədə danışmaq çox tezdir. Vəziyyətinə gəlsək, o, bu gün ehtiyat oyunçular skamyasında idi. Kiçik zədəsi var idi. Buna görə onu riskə atmaq istəmədik. İstədik bərpa keçsin və qarşıdakı matçlara hazırlaşsın. Bizim üçün çox önəmli oyunçudur. Abdullah Xaybulayev də çox yaxşı oyun sərgilədi. Lepinitsanın yoxluğunu hiss etdirmədi.
- Faiz etibarilə götürsək, “Çelye” və “Levski” ilə görüşlərdəki “Sabah”la indiki arasında nə qədər dəyişiklik var? Nə qədər yol qət etmisiniz?
- Əlbəttə ki, bu faizi hesablaya bilmərəm. Mən məktəbdə riyaziyyatda o qədər yaxşı olmamışam. “Levksi”dən bu yana 30-a yaxın oyun oynamışıq. Əlbəttə ki, inkişaf var, daha yaxşı oynayırıq, yeni futbolçular bizə qoşuldu. İnkişaf elədir ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsınız ki, inkişaf haradadır? Hazırda yaya 2 ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiniz, mən də fəlsəfi cavab verdim.
- Oyunun gedişində Hamidu Keyta ilə söhbətiniz oldu. Sirr deyilsə, nə haqda danışırdınız?
- Xüsusi bir şey deyildi. Bizim ləğv edilən 4-cü qolumuzu müzakirə etdik.
Son xəbərlər
Son Xəbərlər