SOCAR və erməni oğlan David – Reportaj

socar-ve-ermeni-oglan-david-reportaj-
Oxunma sayı: 1051

Sərhəddə çatanda qızğın siyasi söhbətlərdən yorulan, söz çatdıra bilmədiyinə küsən, səsi gur olduğuna görə hamının səsini batıran maraqlı fərdlərdən oluşan qrupumuz şad bir xəbər aldı. Eynulla Fətullayev azad olunmuşdu. “Ohh” dedik. Sonra qəribə bir susqunluq şökdü. Dönüb hər kəsin üzünə baxdım, burda olan hər kəs bu azadlıq mübarizəsində özünü Eynullanın sonluğuna hazıramışdı. Gözlər dalğın, yorğun, üzgün idi, halbuki məndən başqa hamısı gənc idi. Təəssüf... Ölkədəki 20 ilə yaxın davam edən demokratiya sahəsindəki acınacaqlı vəziyyət neçə-neçə insanın gəncliyini oğurlamışdı. Özünü bu iqtidarla mübarizəyə həsr edən hər gənc gözünü açanda artıq saçları seyrəlməyə ya da bəyazlamağa başlayan, mitinqlərdə dubinka yeməkdən, polisdən, hökümətdən hər an zərbə gözləməkdən, üstəlik sosial problemlərin də altında əzilməkdən “ruhu” ölən ortayaşlı bir insan olaraq görürdü. Mənim kimi...

Socar və erməni oğlan David

Gürcüstana keçən kimi çiskin və duman bizi qarşıladı. Dağların döşləri qoyun sürüləri ilə dolu idi. Yenə müzakirələr başladı. “Niyə Azərbaycanda bu qədər sürüsü olan yoxdur”, “Azərbaycan xalqı tənbəldirmi”, “Kənd təsərrüfatının və maldarlığn inlişafı üçün nə etmək lazımdır”, “hökümət bütün torpaqları ya satıb, ya icarəyə verib insanlar heyvanını harda otarmalıdır” və sair. Gürcüstana hər gedişimdə diqqətimi ən çox çəkən “Socar”ın benzin stansiyaları olur. Bu ölkədə ən çox benzindoldurma stansiyası “Socar”a məxsusdur. Səliqəli olmasına, bayrağımızın asılıb asılmamasına və ya köhnə-təzə olmasına qədər hər detala diqqət edirəm, nə də olsa bizi təmsil edir. Bu dəfə də minibüsümüz bu stansiyaların birində dayandı. Benzin doldurub çıxmaq istəyəndə işçilərdən biri yaxınlaşdı. Gürcücə sürücü ilə danışandan sonra məlum oldu ki, növbəsi bitib, bizimlə yaşadığı kəndə qədər getmək istəyir. Əslində çox maraqlı oldu, David yolboyu bizə yarı Azərbaycanca, yarı rusca bələdçilik etdi. Sonradan erməni olduğunu başa düşsək də, o bunu boynuna almadı. Əslən Bakının 8-km qəsəbəsində doğulub böyüdüyünü söylədi. Sonradan da Gürcüstana gəlib, indi də “Socar”da işləyir. Davidin sayəsində Gürcüstanın ən dadlı xaçapuri bişirilən yeri tapdıq. Həqiqətəndə bizim aeroport “tolkuçka”sında satılan, “xaçapuri” deyilən nəsnə ilə yaxından –uzaqdan heç bir əlaqəsi olmayan, çeşidli pendirli pişintini isti-isti, əlimiz-dilimiz yanaraq yedik. Və yolumzu davam etdik.


Milyarder oğlunun ballı qəbri

Tiflisdən Bakurianiyə gedən yolda böyük və dəbdəbəli bir ağ qəbir vardı. “Bələdçimiz” qəbrin buranın ən varlı admalarından birnin oğlunun olduğunu dedi. “Papanın gül balası” ailədə əl üstündə tutulurmuş, amma bir gün atası onun bir istəyinə “yox” deyir. Sadəcə bir kəlimə sözə görə oğlan intiahr edir. Vicdan əzabımı, övlad yanğısımı milyarderi səhv tərbiyə üzündən itirdiyi oğlü üçün məbəd tikdirməyə vadar edib. Oğlanı balla mumiyalayıblar, və yol kənarındakı bu məbəddə dəfn ediblər. Həyatda nələr olmur... Bu varlı oğlunun məbədi fonunda, yolun digər tərəfində Gürcüstan qaçqınlarının şəhərcikləri uzanıb gedirdi. 2 pəncərəli, 1 otaqlı evlərin hamsının həyətində 1-2 ağac gözə dəyirdi. Üçüncü ağaca yer belə yox idi. Bir tərəfdə kahkəşan, bir tərəfdə səfalət. Təzadlar....

Apardı sellər Saranı...

Gürcüstana “varid” olandan bizi müşayət edən çiskin və düman Borjomiyə çatanda maşını leysan yağışlarla haqladı. İldırım, şimşək, dəli dağ çayı kimi tökülən yağış, Borjominin küçələrindən axan sel, bir də qorxunc “pereval”... Hamı nəfəsini tutmuşdu. Bayaqdan bütün Azərbaycan xalq mahnılarını bir-birinin ardınca oxuyan, bu gənc yaşda bu qədər xalq mahnısının sözünü əzbər bilməyi ilə məni heyrətə salan Vüqar belə səsini çıxarmırdı. Amma bu selin-suyun içində bir mahnının yaman yeri vardı: “Arpa çayı aşdı-daşdı, Sel Saranı aldı, qaçdıııııı”...
Nəhayət ki, Bakurianiyə yetişdik, otelə yerləşmədən öncə “resepşn”dakı qadın bizi “muştuluqladı”-erməni qrupu gəlmişdi.

Bakuriani

Sabah açılanda o yağışdan əsər yox idi. Bakurianinin dörd bir tərəfindəki dağların döşü qarla örtülü idi. Günəş bir-birinə sığınan kiçik otellərin damlarını qızılı rəngə boyamışdı. Otellərin ətrafından dağ çayları axırdı. Hər otelin bir çayı var desək, bəlkə o gözəlliyi hər kəs təsəvvür edə bilər. Burda insanlar öz evlərinin yerndə kiçik otellər tikiblər. Hər kəsin 16-18 otaqlıq kiçik bir oteli var. Böyük, dəbdəbəli otellər indi tikilməyə başlayıb. Dağların arasında qar zamanı bölgəni yuxarıdan seyr etmək üçün kanat , xizəklə sürüşmək üçün ərazi, bir sözlə qış turizmi üçün gərəkli hər bir şərait yaradılıb burda. Bakurianinin təbiəti qədər adla deyilən bir də gözəl “samaqon” çaxırı var.

Gürcü nazirin erməniyə cavabı

Biz lobbiyə enəndə erməni qrupla bir nəfərin qızğın dialoqu gedirdi. Məlum oldu ki, o bir nəfər Gürcüstanın Sənaye naziri olub. Söhbətin öncəsindən xəbərimiz olmasada erməni qrupundan olan gənc Karen Tovamasyan nazirə nə isə sübüt etməyə çalışırdı. Cavan oğlanın saçları bəmbəyaz, yaşlı- başlı gürcü nazirə tarix dərsi keçməsi, həm də bizim yanımızda ikincinin xoşuna gəlməmişdi. O çılğın bir şəkildə: “Sizin danışmağa sözünüz olmamalıdır. Siz Gürcüstanı ilk fürsətdə kürəyindən vurdunuz. Rusiya burda aranı qızışdıran kimi, siz Suxumidə ermənilərdən ibarət iki qrup yaradaraq bizə qarşı vuruşmağa başladınız. Bunu heç vaxt unutmayacağıq.” Erməni qurpundakılar bizim yanımızda belə bir dialoqa girdikləri, mübahisənin kulminasyasını bu həddə çatdırdıqları üçün çox peşman idilər. Aranı sakitləşdirməyə çalışsalar da gürcü nazir ayağa qalxıb, bizimlə sağollaşıb oteli tərk etdi. Onun sayəsində biz dialoqlarımıza 1-0 öndə başladıq.

(Ardı var)

Aynur İmranova