Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi - Yenilənib

somali-ile-emekdasliq-sazisi-tesdiqlendi
Oxunma sayı: 1188

Azərbaycanla Somali arasında müdafiə sahəsi üzrə əməkdaşlıq sazişi təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Hökuməti ilə Somali Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanun layihəsində öz əksini tapıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

***

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev sazişlə bağlı fikirlərini bölüşüb: “Azərbaycanın Somali Silahlı Qüvvələrinin gücləndirilməsi üçün texniki dəstək və hərbi biliklərin paylaşılması nəzərdə tutulur. Saziş müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq, hərbi strategiyalar, əməliyyatlar və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsini əhatə edir.

Qeyd etmək istərdim ki, saziş ən yüksək səviyyədə siyasi dəstəyə malikdir, 12 fevral 2025-ci ildə Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadilə mərasimi olub.

Bu saziş Azərbaycan və Somali arasında müdafiə və təhlükəsizlik sahəsində yeni bir mərhələnin başlanğıcıdır və hər iki ölkənin regional və beynəlxalq səviyyədə əməkdaşlığını gücləndirəcəkdir”.

Nuranə Daxilqızı