“Son 25 ildə paytaxt ərazisi qarış-qarış satılıb”

son-25-ilde-paytaxt-erazisi-qaris-qaris-satilib
Oxunma sayı: 4048

“Hökumət hələ 7-8 il əvvəl "Sovetski"ni sökməyə başlayanda həmin ərazidə tikinti olmayacağını, ümumi istifadə və istirahət üçün parkın, yaşıllıq-rekreasiya zonasının yaradılacağı vəd edilirdi. O zamanlar çox təəccüblənmişdim, çünki son 25 ildə paytaxt ərazisi qarış-qarış satılıb, elementar tikinti-şəhərsalma normaları ayaqlar altında qalıb, standartlara görə 1000 nəfərin məkunlaşa biləcəyi ərazilərdə ən azı 5000 min nəfərin yaşaya biləcəyi mənzillər tiklib, yaşıllıqlar tikinti bosslarının çəkmələri altnda məhv edilib”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, bu səbəbdən "Sovetski" kimi şəhərin "ürəyi" olan ərazidən biznes məqsədləri üçün faydalanıb yüz milyonlarla manat qazancdan vaz keçməyə təəccüblənməmək olmazdı: “Amma indi aydın olur ki, təəccüb əbəs imiş - hökumət hələlik təxminən 60 hektarlıq hissəni tikinti üçün açır. Açığı, bilmirəm orada ümumi ərazi nə qədərdir və bundan sonra tikinti üçün yenə nəsə qalırmı. Əslində reytinq tərtib edilsə, Bakı dünya paytaxtları içərisində yaşıllıq baxımından ən yoxsul şəhərlər sırasında yer alar. Bir dəfə müxtəlif mənbələr əsasında araşdırmışdım, Bakının yaşıllıq ərazisi ümümi ərazinin 7%-i ətrafındadır. Bu, dünya standartları baxımından çox aşağı göstəricidir - ayrı-ayrı şəhərlərdə bu göstərici orta hesabla 15-20% intervalında dəyişir”. 

R. Ağayev bildirib ki, halbuki indi beton-mərmər daşların gömüldüyü və səhranı xatırladan "Qış Parkı"nın və "Sovetski"nin ərazisini meşə zolağı salıb Bakının "ağ ciyəri" hesab olunacaq ərazilərdən birinə çevirmək olardı:
 
“Amma bu məsələdə narahat olmalı başqa bir məqam da var: əgər hökumət bu ərazinin yüz milyonlarla manat xərc çəkəndən sonra "hazırın naziri" şirkətlərə tikinti üçün verəcəkdisə, burada əvvəldən başqa yolla getmək lazım idi: ərazi sökülməmiş tender elan edilir, tenderin şərtlərinə görə ərazinin ən azı 35-40%-i yaşıllıq-rekreasiya və istirahət məkanları saxlanmaqla şərtilə layihə təkliflərinin müsabiqəsi keçirilirdi. Tenderin şərtlərinə görə, ərazinini təmizlənməsi də qalib şirkətlərin öhdəliyi olaraq müəyyən edilirdi. Ən yaxşı layihələri təqdim edən, tender şərtlərini qəbul edən bir neçə şirkətlər qalib elan olunurdu. Hökumət də büdcədən 1 manat xərcləmədən ərazini ən yüksək şəhərsalma standartlarına uyğun abadlaşdırmağa nail olurdu.

Gözəl arzulardı, amma ən azından bizim nəsil belə bir idarəçilik görməyəcək - pessimist proqnoz da olsa, gerçək reallığımızdır”.