Sosial şəbəkədə “acından ağlayanlar”...

sosial-sebekede-acindan-aglayanlar
Oxunma sayı: 8230

Bu mətnimin problemi o qədər qəvidir ki, mövzunu bədii dilə bələyib təqdim eləyə bilmirəm. Mövzu natarazdır, onu bələməyə çalışsam da, dirsəyi, dizi bələyi yırtıb çıxacaq.

Odur ki, birbaşa mövzuya keçirəm.

Yazıçı o zaman Dostoyevski olur ki, bir gün qardaşına aşağıdakı məzmunda bir məktub yaza bilir: "Artıq hərbiyə əlvida deyirəm. Əminəm ki, yazmaqda olduğum bu roman uğur gətirəcək".

O, işlədiyi hərb sahəsindən ayrılıb gələcəyini yazıçılığa həsr edir. Bu cəsarət yazıçını Dostoyevski edir. “Dostoyevskini yazıçı edir” yazmadım, çünki dünyada çox yazıçı var, ancaq bu inam, cəsarət, risk hər yazıçıda yoxdur.

Azərbaycanda isə ədəbiyyatı urvatdan salan ədəbiyyatçılardır. Bizdə ədəbiyyatçı – şair, yazıçı obrazı əzik-üzükdür. Sanki qələm adamları mazaxistcəsinə bu əziklikdən həzz alırlar.

İllərdir bu reallıq davam edir.

Ağlamağı özünə sığışdıran bir çox ədiblər özlərinə biçdikləri dilənçi obrazından utanmır. Özünüzü oxucu yerinə qoyun, onsuz da oxucu yoxdur, fikrimi anlada bilməyim üçün, xahiş edirəm, özünüzü heç olmasa oxucunun yerinə qoyun: cındırından cin hürkən, səhərdən axşama qədər dolana bilmədiyini car çəkib gözünün yaşını sel edən adamın yazdıqları kimə lazımdır?

Uzun illər yazan, bir neçə kitab çıxaran adam həqiqətən dolana bilmirsə, yaylığını əlinə alıb sosial şəbəkədə ağlamalı deyil. Bir qaynaq aparatı alıb “svarşik” işləməlidir. Qələmini qoymalıdır müvafiq bir yerə.

Ağlayan hər bir yazıçının göz yaşları ədəbiyyat kitabının üstünə tökülür.  

İstər-istəməz potensial oxucu düşünür ki, bunun ağlı olsaydı, özünə bir gün ağlayardı, dolana bilməyən adamın yazdığı nə olacaq ki, mən həmin mətni oxuyub nicat tapım?

İllər əvvəl rəssam obrazı da belə idi: uzun bakenbard, vız saçlar, külqabı iyi verən əllər və s. Sonra nəsə baş verdi və Azərbaycanda rəssamlar özlərinə hörmət eləməyə başladı. İşlərinə dəyər verdilər. Ağlamağı saxlayıb əsərlərinin qiymətini artırdılar. Fırçalarını özlərinə çevirib natamam obrazlarını tamamladılar, gözlərindəki yaşı sildilər – pozanla. Əllərindəki papirosu siqaretlə əvəzlədilər. Ciblərinin içinə pul şəkli çəkdilər. Azərbaycan rəssamı özünü yenidən yaratdı. Bu gün Azərbaycan rəssamı büzük obraz deyil.

Təəssüf ki, şairimiz nimdaş pencəyini çiyninə aşırıb hələ də baxçada dolaşır, əlini çənəsinə söykəyib uzaqlara baxır. Ancaq nə etsə də, uzağı görmür.
Ən uzaqgörən sənət sahiblərindən olmaqlarına baxmayaraq, Azərbaycanın 30 ildir sosializmdən kapitalizmə keçdiyini görə bilmirlər.

Ədiblər hələ də sovet vətəndaşı sadəlövlüyü ilə gözləyir ki, kimsə gətirib onların ağzına tikə qoyacaq.

Fəlsəfi fikirlər içində vurnuxan qələm adamları sadə həqiqəti qəbul eləyə bilmirlər ki, kapitalizmdə maddi geridönüşü olmayan sahə məhvə məhkumdur. Məhvə məhkum sahə deyəndə təbii ki, ədəbiyyatı yox, həmin sadəlöhv həmkarlarımın mətnlərini nəzərdə tuturam.

Sosial şəbəkədə “acından ağlayan” bu obrazlar təkcə özlərini deyil, ədəbiyyatçı obrazını biabır etdiklərinin fərqində deyillər. Bu adamlar o qədər qədimi qəliblərdə yaşayırlar ki, onlar, ümumiyyətlə biabır olmurlar, uzaqbaşı “dəxi el içrə xar olurlar”.

Özləri nimdaş pencəklərindən çıxmaq istəmədikləri kimi nitqləri də uzun illərdir dialektizmi, qədimiliyi soyuna bilmir.

Hara dəvət olunsalar, qaça-qaça gedirlər, harda mikrofon görsələr, uşaq həvəsi ilə yaxınlaşıb danışırlar, az qalsın metroda maşinistlə təcili əlaqə düyməsini də basıb şeir desinlər.

Dünyanın hər yerində kitab çap etmək üçün nəşriyyat yazıçıya pul verir, bizdə kitab çıxarmaq üçün yazıçı nəşriyyata pul verir. Sonra da cibinin puluna çıxardığı kitabı pulsuz paylayır. Kimdir o kitabı oxuyan?

Dünyanın heç yerində, o cümlədən Azərbaycanda havayı məhsulun heç kim qədrini bilmir.

Pul verib aldığın kitabı oxumaqdan başqa çarə yoxdur, adamın ən pis halda puluna heyifi gəlir. Havayı kitabı isə çaydanın, ütünün altına qoyurlar.
Bu da azmış kimi əlinə qələm alan hər kəs həmkarını tənqid edir. Sanki ölkədə ədəbiyyat adına cəmi bircə kürsü var, bütün mübarizə də həmin kürsü uğrundadır. Halbuki ölkədə ədəbiyyatın yaranması üçün əvvəlcə mühit yaranmalıdır, ədəbiyyat adamları bir-biri ilə qardaşlaşmalıdır. Hamısının bircə problemi olmalıdır – oxucu.

Hər kəsin bircə mübarizə istiqaməti olmalıdır: mətnin prestijə minməsi.

Yeni Azərbaycan ədəbiyyatının nümayəndələrindən cəmi birinin əsəri təbii formada (fərdi təşəbbüslə deyil, nəşriyyat sifarişi ilə) əcnəbi ölkədə nəşr olunsa, bestseller olsa, bu, ümumilikdə əcnəbi oxucuların, prodüserlərin, nəşriyyatların, jurnalların Azərbaycan ədəbiyyatının digər nümayəndələrinə də diqqətinin artması deməkdir.

Azərbaycanda bircə yazıçının adının yüksəkvəzifəli şəxsin dilindən səslənməsi, böyük bir auditoriyanın ədəbiyyata, qələm adamlarına tərəf dönməsi deməkdir. Biz isə iç-içə girib özümüzə maneə oluruq. İzn vermirik ki, birimiz qabağa gedək.

Təəssüf ki, əsərlərində küllən bəşəriyyətin, yaranışın problemlərini saf-çürük edən yazıçılarımız öz həyatlarında çox sadə həqiqətləri yoğura bilmir.

Əsərində qəhrəmanını fahişə ilə evləndirən yazıçı, real həyatda siqaret çəkən qadına fahişə kimi baxır.

Azərbaycanda yazıçının dəhşətli səmimiyyət problemi var. O qədər qısqanc özünəvurğundur ki, gəldiyi ədəbi qənaəti öz qəhrəmanına belə qısqanır, mətnin ən sanballı hissəsini qəhrəmanının dilindən verə bilmir, həmin parçanı müəllif mətni kimi yazır.

Mövzu yazdıqca davam edəcək deyə yazını xırp kəsirəm. Elə Dostoyevski demişkən, sanki mətbəxtə vaqqıldayan ördəyin başını kəsdilər...

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün