Bakıda “Sovetski” adlanan məhəllənin sakinləri yenidən etiraz aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısına toplaşıblar.
SalamNews-un hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, onlar evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edirlər.
Aksiya iştirakçıları bildiriblər ki, bizim evlərmizi söküb və 1500 manat pul təklif edirlər. Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin qiyməti günü-gündən bahalaşır.
Hazırda 150-ə yaxın aksiya iştirakçısı 173 saylı məktəbin qarşısına toplaşıb. Hadisə yerinə çoxlu sayda post patrul maşınları gəlib
Xatırladaq ki, “Keçmiş “Sovetski”, indiki Nərimanov prospekti ətrafında, keçmiş “Kubinka” və “Papanin” küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı planlar təsdiqlənib.
"Sovetski" sakinləri fevralın 16-da anoloji aksiya keçiriblər.
***
Bu arada Baş nazirin müavini Abid Şərifovun "Sovetski"nin sakinləriylə görüşü artıq başlayıb.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, həmin görüş Yasamal rayon İcra hakimiyyətində keçirilir. Və hazırda Azərbaycan mətbuatının təmsilçiləri bu görüşlə bağlı məlumatları ictimaiyyətə çatdırmaq üçün Yasamal rayon İcra Hakimiyyətinin binası qarşısında toplanıblar.
Ancaq Abid Şərifovla "Sovetski" sakinlərinin nümayəndələri arasında görüş başlasa da, müxalifyönlü və müstəqil mətbuat orqanlarının əməkdaşları içəri buraxılmayıb.
Əməkdaşımızın məlumatına görə, görüşün keçirildiyi İcra Hakimiyyətinin binasına yalnız Az.TV və Apa TV-nin təmsilçiləri buraxılıblar.
***
Həmin əraziyə 100 nəfərə yaxın polis əməkdaşı cəlb olunub. Nəriman Nərimanovun heykəli istiqamətindən 173 saylı məktəbə doğru gedən yol bağlanıb.
Polisin aksiyanın qarşısını almağa çalışdığı bildirilir.
Əməkdaşımızın verdiyi son məlumata görə, aksiyada fəallıq göstərən 4-5 nəfər "Sovetski" sakini polis tərəfindən saxlanılıb.
***
Musavat.com-un əməkdaşının verdiyi son məlumata görə, "Sovetski" sakinlərinin aksiyasının qarşısı alınıb.
Ancaq sakinlər yolu bağlamaq istəyiblər. Buna polis icazə verməyib. Daha 2-3 nəfər saxlanılıb.
Polislər "Sovetski" sakinlərindən dağılmalarını tələb ediblər. Və onların evlərinə dağılışacaqları təqdirdə, saxlanılan şəxslərin buraxılacaqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər