Tarixlə hesablaşmaq, yoxsa üzləşmək?

tarixle-hesablasmaq-yoxsa-uzlesmek-
Oxunma sayı: 759

Məsələ burasındadır ki, bu, təkcə siyasətçilərin problemi deyil, həmçinin, siyasi jurnalistikayla məşğul olan insanlar da həmin vəziyyətdədirlər. Yəni, öz uğursuzluğunu gizlətmək naminə, başqasının səhvlərini və ya tarixi hadisələri, xüsusilə cəmiyyətin dəqiq təsəvvürü olmadığı və ya yanlış məlumatlandırıldığı məsələləri dəfələrlə xatırlatmaq, eyni mövzuda haqqında yeri gəldi gəlmədi danışmaq. Bunun adına haqlı yerə tarixlə hesablaşmaq deyirlər.
Hamıya məlum olan bir misalı nümunə göstərim: “1915-ci il, qondarma “erməni soyqırımı””. Bu gün bu hadisənin gündəmdə olması, çeynənmiş mövzuya çevrilməsi deyəcəksiniz ki, erməni diasporunun illərdən bəri fəaliyyətinin nəticəsidir. Bəs, bunun alt qatında nə durur? Ermənilərin 1915-1920-ci illərdə Türkiyədə, eləcə də, Cənubi Qafqazda, Azərbaycanda türkləri qırmaq siyasətlərini, ən əsası, bugün Xocalıda törətdikləri soyqırımı, ümumilikdə, yaxın onilliklərdə Azərbaycan türklərinin başlarına gətirdikləri digər qətliam aktlarını gizlətmək məsələsi, daha sonra, bu ad ilə dünya dövlətlərindən müəyyən imtiyazlar əldə etmək, erməni dövlət başçılarının öz xalqı qarşısında sosial-iqtisadi problemlərini, uğursuzluqlarını ört-basdır etmək niyyəti və digər məsələlər dayanmırmı?
Məsələnin birini qoyub o birinə keçirəm. Türkiyədə Atatürk məsələsi hazırda gündəmədir. Bütün cəhdlər Atatürkü gözdən salmağa yönəlib. Onu gah diktator, gah içki düşkünü və dinsiz, gah şiələrə qarşı dayanan sünni müsəlman, gah kürd vətəndaşları qırmaq istəyən qətliamçı kimi təqdim edirlər. Sadə insanlar bütün bu deyilənlərə inanırlar. Daha doğrusu, onlar seçdikləri, yaxud da, onlar üçün seçilmiş siyasi xadimlərin ağızlarından çıxan hər kəliməni müqəddəs, inanılmış, yalansız-yanlışsız hesab etmək istəyirlər. Onlar araşdırmır ki, Atatürk üçün dinsiz deyən insan, başqa məsələyə gələndə, yəni, işinə yarıyanda niyə onu kürdlərə qarşı dayanan müsəlman diktator adlandırır? Yaxud da, Atatürk yenicə qurduğu dövlətə qarşı qalxmış qiyamlarla mübarizə aparan lider kimi deyil, etnik ayırım yaradan adam kimi təqdim edir. Halbuki, Atatürkün həmin kürd vətəndaşları yaşayan bölgələrdəki islahatları, “Türkiyədə yaşayan bütün insanlar kimliyindən asılı olmayaraq, bu cümhuriyyətin vətəndaşıdır” deməsini yada salmırlar. Çünki onlara sərf etmir.
Ekran qarşısında oturan sadə vətəndaş şişirdilmiş cümlələrdən istifadə edən, tez-tez xalqım, millətim deyən həmin siyasətçilərin hansı oyunu oynamaq istədiklərindən xəbərsizdir. Vətəndaşın həm də başqa problemləri var. O, hadisələrin doğru-yanlışlığına fikir verməz, buna həvəsi, ya da vaxtı olmaz. Əvəzində qulağı eşitdiyinə inanar. Yenə də qeyd etmək istəyirəm, çünki o, inanmaq istəyər.
Yazını qəmgin sonluqla bitirmək istəmirəm. Çünki həqiqətləri araşdıran, çatdıran insanlar hər zaman var və olacaqdır. Əsas odur ki, yuxarıda dediyim kimi, məsələlərə tarixlə hesablaşaraq deyil, üzləşərək baxılsın.