Tələbələr arasında ilk dünya çempionumuz Vətənə qayıtdı - Fotolar

telebeler-arasinda-ilk-dunya-cempionumuz-vetene-qayitdi
Oxunma sayı: 199

Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb.

“Qafqazinfo” İdman.Biz-ə istinadla xəbər verir ki, Qətərin Doha şəhərində keçirilən yarışdan qayıdan atletimiz Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıb.

Daha sonra Azərbaycan millisinin baş məşqçisi Sərdar Həsənov və yarışın qalibi Tehran Məmmədov media nümayəndələrinin suallarını cavablandırıblar.

Sərdar Həsənov ilk olaraq Gənclər və İdman naziri Fərid Qayıbova, eləcə də federasiyanın prezidenti Kamran Nəbizadəyə və vitse-prezident Firdovsi Umudova yaradılan şəraitə görə minnətdarlığını bildirib:

“Onu deyim ki, özüm 2008-ci ildə bu yarışda gümüş medal qazanmışdım. İndi Tehranın çempionluğu məni bir baş məşqçi kimi çox sevindirir. Qarşıda bizi çətin yarışlar gözləyir. Məqsədimiz dəyişmir. Hər yarışda bacardığımızın ən yaxşısını etməyə çalışacağıq”.

Yarışın qalibi Tehran Məmmədov isə qələbəsini belə şərh edib:

“Yarış mənim üçün çox uğurlu oldu. Çempion adını qazandım. Federasiya rəhbərliyinin diqqəti, məşqçilərin böyük zəhməti var bu uğurda. Bundan sonra da mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.