Timsahlar üçün qonma yeri problemi

timsahlar-ucun-qonma-yeri-problemi
Oxunma sayı: 2554

Sosial şəbəkələrin bir yaxşı tərəfi də odur ki, istənilən mövzuda bir neçə cümləlik xəbər və ya material qarşına çıxa bilir. Bəzən bu məlumatlar çox əyləncəli, hətta yerinə və adamına görə yumordolu olur. Halbuki, xəbər yiyəsi, yəni oxuduğun xəbərdə bəhs edilən şəxs özünü çox ciddi bir iş görmüş, ağır bir problemin həlli yolunda bir neçə addımı birdən atmış kimi hiss edir. Oxuyub uğunursan və əlini əlinə vurub deyirsən: “Pah, atonnan, xəbər yiyəsi...” Belə xəbərlərdən biri keçən gün qarşıma çıxdı və xeyli dərəcədə marağımı çəkdi. Əvvəlcə istəyirəm xəbəri görməmə və ya görüb keçmə ehtimalına görə, qısaca yazım, siz də oxuyasınız.

Siyasi mühacir Əfqan Muxtarlı Berlində keçirdikləri etiraz aksiyalarından danışıb. “O, Xəzərin çirklənməsi, Xəzər suitilərinin kütləvi şəkildə tələf olması ilə bağlı heç bir tədbir görülmədiyini başqa ölkələrin rəsmilərinə dediyini bildirib.” Bax, bu cümlə qədər məni son vaxtlar heç nə güldürməmişdi. Haşa, mən Xəzərdə çirklənmənin, suitilərin ölümünün nə qədər ciddi hadisə olduğunu anlayıram. Di gəl Əfqan Muxtarlının bu məsələ ilə bağlı “başqa ölkə rəsmilərinə” nələr dediyini, necə dediyini ha düşünürəm, bir yana çıxa bilmirəm. Məsələn, suitilərin digər problemləri haqda danışıbmı? Deyə bilərdi ki, suitilərin arxa ayaqları olmadığından dövlət tərəfindən xüsusi araba ilə təmin olunmaılıdırlar ki, quruda da sərbəst yerisinlər, di gəl bu barədə də heç bir tədbir görülmür. O cümlədən, suitilər quruda gəzdikləri zaman, müvafiq maska ilə təmin olunmalıdılar ki, uşaqları dişləməsinlər. Hanı o maskalar? Əlbəttə ki, bu məsələdə də laqeydlik var. Belə olmaz! Məsələni Avropa Parlamentində müzakirəyə çıxarıb qətnamə qəbul etmək lazımdır.

Xəzərin çirklənmə məsələsi ilə bağlı danışıqlarda hörmətli “siyasi mühacirlər” Azəbaycanda yaşadıqları vaxtlarda dənizə çimməyə gedərkən apardıqları qarpızların qabıqları, bir manata alıb yedikləri qarğıdalının yeyilməmiş hissəsi, çırthaçırt çırtlayıb quma tüpürdükləri tumlar, bütün bunları yığmaq üçün lazım olan sellofan paketlər haqda da danışıbmı? Danışmayıblarsa, bu heç düzgün deyil axı. Sən gəl ölkədə yaşadığın müddətdə Xəzərin başına oyun aç, ayağını ölkədən qırağa qoyan kimi də, “Xəzər çirklənir” deyib vay-növsə qopar. Olmaz belə. Bunun adı “ikili standart”dır və illərdir biz xalq olaraq bundan əziyyət çəkirik, bizə yaraşmaz!

Digər ikili yanaşma isə odur ki, hörmətli “ekoaktivist” sadəcə “ölkənin təbiətə vurduğu zərərdən” danışıb. Bəs illərdir ki, camaata dəyən zərər? “Başqa  ölkələrin rəsmiləri”nin xəbəri varmı ki, Naxçıvan camaatı neçə illər əkdiyi kartoşkadan, lobyadan bir dənəsini də götürə bilmədi. Çöl donuzları gecələr hücum edib bütün bağı-bostanı viran elədilər. Bir nəfərin hünəri çatmadı ki, bu vəhşi donuzlara “yerin əyridir, düz otur” desin. Yerli hakimiyyət konkret məsələ qoymuşdu ki, təbiətə dəymək olmaz.

Yaxşı, deyək ki, bundan xəbəriniz olmadı, bəs ayı hücum edib Ordubadın kəndlərində arı pətəklərini dağıdanda harada idiniz? Şəxsən tanıdığım bir neçə adamın pətəklərini ayı yerlə-yeksan elədi, şan-şan balı götürüb getdi. İnsanlara dəyən ziyanı qoyaq bir tərəfə, ayıların hücumu nəticəsində dağılan pətəklərdən minlərlə arı didərgin düşdü. Evsiz-eşiksiz qaldı. Siyasi mühacirlər, ekoaktivistlər, başqa ölkələrin rəsmi nümayəndələri heç cınqırını da çıxarmadı. Nə dağılan bostanlar vecinizə oldu, nə şan ballar, nə də arılar.

İndi xeyir ola, “Suitilərin hüquqlarını müdafiə təşkilatı” qurursuz. Nədi, qrant var? Qrantı bilirik e, o olmasa zatən bu söhbətləri sizin dilinizdən eşitmək mümkün deyil. Qəfil birisi çıxıb suiti ilə balinanın fərqli və oxşar cəhətlərini sayın desə, gözünüzü döyəcəksiz. Yaxşı, bu söhbətlərə və ya belə GOPa sizi nə vadar edir? Bəlkə söhbət COP söhbətidi? Hə, belə deyin bilək də. Deməli təzə söhbətlər var. İndi sizi Xəzərin dərdini çəkməyə, suitilərə göz yaşı tökməyə vadar edənlər var. Ay sizin oyununuz olsun!

Bəs elə isə, alın gəldi. Məndə də xeyli “fakt” var. Məsələn, ölkədə bir dənə də olsun timsahların rahat uçub qona bilməsi üçün meydança yoxdur. Hər il neçə timsah bu və digər səbəblərdən həyatını itirir, balaları yetim qalır. Timsahların göz yaşları axıb daşqınlara səbəb olur. Kür daşır, torpaqları su basır. Sular qalxanda balıqlar qarışqaları yeyir. Sonra sular çəkilir, bu dəfə də qarışqalar balıqları yeyir. Hökumət bu barədə heç bir tədbir görmür. Bəlkə də pul ayrılır, basıb yeyirlər.

Nə isə ki, o suitilərin yanına balıqları və qarışqaları da yazın.

Su hövzələrinin çirklənməsini də, təkcə Xəzər dənizi ilə məhdudlaşdırmaq olmaz. Mingəçevir su anbarıdı, Lənkəranda Xanbulandı, Gəncədə Göygöldü - bunların hamısı kənarında istirahət edən insanlar tərəfindən çirkləndirilir. Məsələn, Xanbulan gölünə yaxınlıqdakı Atom Elektrik Stansiyasından olduqca zərərli maddələr axıdılır. Yayda Mingəçevir su anbarına çimməyə gedən bəzi adamlar özləri ilə kimyəvi maddələr aparıb saçlarını onunla yuyurlar deyə, bütün xərçənglər, krivetlər ölür...

Danışmaq lazımdır. Bunların hamısını “başqa ölkələrin rəsmi nümayəndələri” bilməlidir. Qətiyyən qorxub eləməyin. Onlar timsahların uçmadığını, Lənkaranda Atom Elektrik Stansiyası olmadığını, kimyəvi maddə ilə saç yuyulmadığını deməyəcəklər. Bu barədə heç bir sual verməyəcəklər. Söhbət anti–Azərbaycan təbliğatına gəldisə, hamı hər şeydən danışa bilər. Necə ki, Əfqan Muxtarlı suitilərin ölməyindən danışır.

Vəssalam. Bir qalmışdı ekoloji təhlükə zənglərini çalmaq. Bu da sonuncu “ocaq başlarından” daha biri. Bunu da “ziyarət” edin, görək axırı nə olur?

Sonda bütün ölən suitilərin yaxınlarına başsağlığı verirəm. Allah əvəzin versin. Ya da Avropa əvəzini versin- QRANT ilə!

Çingiz Özgür