“2027-ci il üçün dövlət büdcəsi layihəsinin təhlili onu deməyə əsas verir ki, təqdim olunan layihə ölkəmizin sosial-iqtisadi inkişafının dayanıqlığının təminatı, makroiqtisadi sabitliyin qorunması, dövlət prioritetlərinin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin çox önəmli xüsusiyyətlərindən biri onun müdafiəmiz, milli təhlükəsizliyimiz, insan kapitalının inkişafı, sosial öhdəliklərin yerinə yetirilməsi, iqtisadi potensialın genişləndirilməsi kimi bir-biri ilə sıx və qarşılıqlı əlaqədə olan vacib istiqamətləri əhatə etməsidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, büdcə layihəsində, o cümlədən, makroiqtisadi müstəvidə proporsionallıq iqtisadiyyatımızın inkişaf trayektoriyasının dayanıqlılıǧı nöqteyi nəzərdən çox vacibdir. 2027-ci il büdcə layihəsində böyük önəm kəsb edən mühüm istiqamətlərdən biri müdafiə və milli təhlükəsizlik sahəsinin maliyyələşdirilməsidir. Bu məqsədlərə ayrılması nəzərdə tutulan vəsaitin həcmi ölkəmizdə müdafiə qabiliyyətinin, strateji təhlükəsizlik imkanlarının maliyyə təminatına verilən böyük əhəmiyyəti göstərir. Hazırda bölgədə və dünyada baş verən proseslər, formalaşan çaǧırışlar dövlətimizdə bu istiqamətlər üzrə görülən işlərin olduqca vacib olmasını bir daha təsdiq edir.
“Burada daha bir vurğulamaq istədiyim məqam ondan ibarətdir ki, milli təhlükəsizliklə iqtisadi inkişaf bir-birini tamamlayan mühüm amillərdir. Təhlükəsizliyin təmin edilməsi iqtisadi fəaliyyətin davamlı olması, investisiya mühitinin sabitliyi, infrastrukturun qorunması, inkişaf proqramlarının reallaşdırılması üçün fundamental əhəmiyyət daşıyır” – deyən millət vəkilinin sözlərinə görə, müasir müdafiə sistemlərinin texnoloji məzmunu bu sahəyə yönəldilən maliyyə vəsaitlərinin elmi-texniki potensialın, müdafiə sənayesinin inkişafının və yerli istehsal imkanlarının daha da genişləndirilməsi üçün əlavə imkanlar yaratmaqdadır.
Samir Vəliyev 2027-ci ilin dövlət büdcəsi layihəsində təhsillə baǧlı olan seqmentə aid fikirlərini də bildirib. Onun sözlərinə görə, təhsilin maliyyələşdirilməsi prosesinə sosial prizma ilə yanaşı, eyni zamanda, iqtisadiyyatın uzunmüddətli rəqabət qabiliyyətinin artırılması, beynəlxalq iqtisadi münasibətlər müstəvisindəki volatillik dalǧaları illə baǧlı risklərdən qorunma prizmasından yanaşılmalıdır: “Nəzərə almaq lazımdır ki, müasir, aktual iqtisadiyyatda inkişaf və iqtisadi artım bilik, innovasiya, yüksək məhsuldarlığa malik insan kapitalı ilə baǧlıdır. Bu baxımdan, təhsilə ayrılan resursların dövlət büdcəsində əhəmiyyətli paya malik olması Azərbaycanın gələcək iqtisadi inkişafının keyfiyyət amillərinə əsaslanması istiqamətində mühüm maliyyə zəmini, müvafiq baza yaratmaqdadır. Xüsusilə rəqəmsal iqtisadiyyatın inkişafı, əmək bazarındakı struktur transformasiyalar, yüksək texnologiyaların tətbiqi, innovasiya potensialının yüksəldilməsi şəraitində təhsil sahəsinə yönəldilən resurslar uzunmüddətli iqtisadi səmərəlilik baxımından xüsusi əhəmiyyət daşımaqdadır”.
Millət vəkilinin fikrincə, gələn ilin büdcə layihəsinin vacib xüsusiyyətlərindən biri də iqtisadi inkişafın maliyyə təminatı ilə sosial öhdəliklər arasında proporsionallıǧın, sistemliliyin qorunmasıdır. Sosialyönümlü xərclərin büdcədə böyük paya malik olması əhalinin sosial müdafiəsi, sosial xidmətlərin əlçatan olması, rifah səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir və bu yanaşmanın qorunması təqdirəlayiqdir.
“Çox vacib məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərlə baǧlıdır. İşǧaldan azad edilmiş ərazilərdə reallaşdırılan işlərin önəmi bu istiqamətin prioritetliliyini birmənalı şəkildə təsdiq və təmin edir. Onu da qeyd edim ki, bu istiqamətdə görülən işlər ölkə iqtisadiyyatında yeni istehsal, investisiya imkanlarının formalaşdırılması, regional infrastrukturun inkişafı baxımından da böyük əhəmiyyətə malikdir” – deyən Samir Vəliyev büdcə daxilolmalarından da bəhs edib.
Onun sözlərinə görə, büdcə daxilolmalarında qeyri-neft gəlirlərinin payının genişləndirilməsi, investisiya axınlarının, fiskal mexanizmlərin effektivliyinin daha da yüksəldilməsi iqtisadiyyatımızın şaxələndirilməsi və bununla dünya enerji daşıyıcıları bazarındakı turbulentliklə baǧlı risklərdən qorunma, uzunmüddətli maliyyə dayanıqlılığı üçün böyük önəm kəsb edirlər: “Bütövlükdə, 2027-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulan prioritetlər müdafiə, milli təhlükəsizlik, iqtisadi inkişafın dayanıqlı məzmununun, davamlılığının təminatı, sosial rifahın yüksəldilməsi, insan kapitalının gücləndirilməsi baxımından mühüm və sistemli impulslar və imkanlar formalaşdırır”.