“Turan” azarkeşlərinə çatdırılıb ki, Rəşad penaltiyə sevinir” - Video

turan-azarkeslerine-catdirilib-ki-resad-penaltiye-sevinir
Oxunma sayı: 833

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov maraqlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, Azərbaycan Kubokunun yarımfinalının cavab görüşündə “Turan Tovuz”la matçdan sonra tovuzlu azarkeşlərin ona etiraz etməsinə münasibət bildirib:

“Doğma evimə gedirəm. İlk addımlarımı orada atıram. Köhnə azarkeşlər bilir ki, “Turan”a transfer olduqda, mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev bildirirdi ki, “Şəfa”da oynamalıyam. Dedim ki, sonda “Turan”da oynayacağam. Şəhəri də, azarkeşləri də çox sevmişdim. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə də “Turan”dan düşmüşəm. “Nefçi”yə keçəndə də, hamı birlikdə ora keçdik. O komandanın mənə etdiyi yaxşılıqları unuda bilmirəm”.

Təcrübəli mütəxəssis bildirib ki, azarkeşlərlə bağlı məsələdə araşdırma aparıb:

“Bildim ki, nəyə məyus olublar. “Şamaxı” - “Turan” oyununda 75-ci dəqiqə epizodu var idi. Canlı oyunu izləyirdim. O oyunda skayboksda idim. Orada Turan rəhbərliyi də var idi. Hamı ilə görüşdüm, “Şamaxı” rəhbərliyi də orada idi. Mən ora rəqibi analiz etməyə gəlmişdim. “Turan” azarkeşləri də sol tərəfdə idi. Onlar skayboksu görmürlər, danışılanları eşitmirlər. Deyilir ki, mən penalti epizoduna sevinmişəm. Halbuki “Şamaxı” rəhbərliyinə də dedim ki, penalti deyil. “Turan” fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penala sevinirdi”.

“Maraqlıdır ki, bu “Turan” azarkeşlərinə o formada çatdırılıb ki, Rəşad qapımıza penaltiyə sevinir... Bu ilə qədər Tovuza getdikdə öz evimə getmişəm. Bir çoxları da məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim, ola bilsin, sevinmişəm. Amma bu, mümkün deyil. Oyunlara tez-tez gedirəm, stadionda daha maraqlı gəlir. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verir. Futbola zövq almağa gedirəm. Qəlblərində bilsinlər ki, “Turan”a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Həmişə o komanda ilə maraqlanmışıq. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir, buranın azarkeşləri xüsusidir”, - deyə o qeyd edib.