Üzərək İspaniyaya keçdilər - Sərhəddə miqrant böhranı - Video

uzerek-ispaniyaya-kecdiler
Oxunma sayı: 224

İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərində qeyri-qanuni miqrasiya cəhdləri səbəbindən gərginlik yaşanıb. Mərakeş sahillərindən yüzlərlə miqrantın üzərək İspaniya ərazisinə keçməyə çalışması təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, İspaniyanın rəsmi EFE agentliyinin məlumatına görə, miqrantlar Mərakeşin Fnideq (Kastilyexos) sahillərindən Seutaya doğru hərəkət ediblər.

Mərakeş və Əlcəzair vətəndaşlarının da olduğu bildirilən 800-dən çox miqrant Mərakeş və İspaniyanın patrul qüvvələri tərəfindən saxlanılıb.

İspaniyanın Dəniz Xilasetmə Xidməti dənizdən 300-dən çox şəxsi xilas edib. Bundan başqa, İspaniya Qırmızı Xaç Cəmiyyətinin iştirakı ilə 117 nəfər sudan çıxarılıb. Hadisə zamanı iki nəfərin meyiti aşkar edilib.

Seutada bəzi miqrantlarla yerli sakinlər arasında gərginlik yaşandığı bildirilir. Artan təzyiq fonunda İspaniya hökuməti sərhəd təhlükəsizliyini gücləndirmək üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərib.

İspaniya dövlət televiziyası TVE-nin məlumatına görə, sərhəddə xidmət aparan qüvvələrə əlavə olaraq yeni hərbi bölmələrin Seutaya yerləşdirilməsi qərara alınıb.

Seuta muxtar şəhərinin rəhbəri Xuan Xesus Vivas mərkəzi hökuməti milli fövqəladə vəziyyət elan etməyə çağıraraq, şəhərə daha çox polis və hərbçi göndərilməsini istəyib.

İspaniyanın Baş naziri Pedro Sançes sosial şəbəkədə paylaşdığı açıqlamada hökumətin vəziyyətə operativ reaksiya verdiyini bildirib.

Onun sözlərinə görə, Mərakeş hakimiyyəti və beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində işlənilir və Seutada asayişin ən qısa zamanda bərpası üçün bütün mövcud resurslar səfərbər olunub.

“Associated Press” agentliyi minlərlə miqrantın Mərakeşlə Seuta arasındakı Tarajal sərhəd-keçid məntəqəsi yaxınlığında toplandığını yazıb.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani də hadisəyə münasibət bildirərək, qanunsuz miqrasiyanın Avropanın təhlükəsizliyi üçün ciddi çağırış yaratdığını vurğulayıb.