“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq” - Video - Fotolar

valideynler-deyir-ki-icbari-tibbi-sigorta-ile-butun-hekimlerden-kecdik-ve-razi-qaldiq
Oxunma sayı: 3696

Artıq bir neçə ildir ki, ölkədə tibbi xidmətlər hər kəs üçün əlçatandır. 6 il əvvəl bir neçə rayonda pilot layihə kimi tətbiqinə başlanılan icbari tibbi sığorta 2021-ci ildən bütün ölkə ərazisini əhatə edir.

Ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilirlər. Burada həmçinin hamiləlik dövründə ana və dölün sağlamlığının tam təminatı üçün Xidmətlər Zərfi çərçivəsində həkim tərəfindən təyin olunmuş tibbi xidmətlər qarşılanır. O cümlədən, icbari tibbi sığorta çərçivəsində uşaqların icbari dispanserizasiyası təşkil edilir.

Həmçinin oxuyun: При поддержке Kapital Bank проходит выставка “Гейдар Алиев и азербайджанское предпринимательство”

Hamilə qadınların, uşaqların sağlam həyat tərzi və icbari tibbi sığortanın buradakı rolu necədir? Hamilə qadınların müayinələri, qeydiyyatı, ana südü ilə qidalandırma, uşaqların icbari dispanserizasiyası necə həyata keçirilir? “Qafqazinfo” bu və digər suallara aydınlıq gətirmək üçün 2 nömrəli Qadın Məsləhətxanasının mama-ginekoloqu Vüsalə Səmədova ilə söhbətləşib.

Həkimin sözlərinə görə, hamilə qadınların sağlamlığı icbari tibbi sığorta çərçivəsində ilk növbədə hamiləlik protokolları əsasında qorunur. Hamilələrdən məsləhətxanaya hər gəlişlərində hamiləlik dövrünə uyğun analizlər götürülür: “İlk müayinənin 12-ci həftəyə qədər olması məqsədəuyğundur. İlk müayinədə hamilənin arterial təzyiqi, nəbz sayı ölçülür, bədən kütlə indeksi, boyu, çəkisi yoxlanılır, daxili orqanlarının ilkin müayinəsi aparılır. Eyni zamanda təxmini doğuş tarixi təyin edilir. Sonrakı dövrdə protokol əsasında Xidmətlər Zərfinə daxil olan müvafiq laborator analizlər, ultrasəs müayinələri də həyata keçirilir. Müayinələrin nəticəsinə uyğun hamilələrə yardım edilir, qidalanma rejimi təyin olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bizim müəssisə son inkişaf mərhələsinə uyğun yüksək keyfiyyətli yeni ultrasəs aparatı ilə təmin olunub”.


Müraciət edən hamilələrin sayı artıb

V.Səmədovanın sözlərinə görə, ilkin müayinələrdə mənfi qan qrupuna malik olan hamilələrdə anti-D immunoprofilaktika aparılır. Əks cismlər varsa, digər ixtisaslı müəssisələrə göndəriş verilir. Problem yoxdursa, antirezus verilir, inyeksiyalar icra olunur. Hamilələr tam şəkildə müayinələrini keçmiş şəkildə doğum evlərinə yola salınır. Onlara 32-ci həftəsində hamiləliyin gedişatı haqqında tam informasiya daşıyan mübadilə vərəqəsi təqdim olunur: “Heç də bütün hamilələr bizə fizioloji sağlam müraciət etmirlər. Şəkərli diabetdən, qanazlığından əziyyət çəkən, böyrək patologiyası, talassemiya daşıyıcısı olan hamilələrimiz də var. Ekstragenital problemləri olan hamilələrimizlə bağlı ixtisaslı həkimlərə göndəriş veririk. Onların da müalicələri icbari tibbi sığorta sistemində tam şəkildə təmin olunur. Müəssisə daxilində mümkün olan analizlər götürülür, orada olmayan analizlər üçün başqa müəssisələrə sistemləşdirilmiş şəkildə göndərişlər verilir”.

İcbari tibbi sığortanın Xidmətlər Zərfində doğuş vә qeysəriyyə kəsiyi əməliyyatı qarşılanır. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir.

Həkim həmçinin uşaqların ana südü ilə qidalandırılmasının əhəmiyyəti haqqında da danışıb. Onun sözlərinə görə, ana südü ilə qidalandırmaya doğum evində başlanılır. Yenidoğulmuşun ilk bir saat ərzində anasının dərisinə, süd vəzisinə toxunması, əmmə refleksini icra etməsi çox önəmlidir. Ananın qoxusunu alma, ana südü ilə qidalanma onların yaşam qabiliyyətini çoxaldır, ölüm faizini azaldır: “Bəzən erkən doğuşlar da olur. Bu müddətdə də ilkin bir saat ərzində ana ilə uşaq arasında münasibətin təminatı çox önəm kəsb edir. Ana südünün tərkibi proteinlərlə zəngindir. Bunlar uşaqların immun sisteminin formalaşmasına təsir edir. Uşağı ana südü ilə əmizdirmə ana üçün də faydalıdır, onu süd vəzi xərçəngindən qoruyur. Həmçinin bu ailə planlaması baxımından da faydalıdır.
İcbari tibbi sığortanın tətbiqindən sonra müraciət sayı artdığına görə doğuşa yaxın müddətdə analar südvermə prosesinə hazırlanır. Onlara ana südünün uşaq üçün faydaları izah edilir. Zahılıq dövründə də bu proses davam edir”.

“Xəstəxanaların idarə edilməsi sistemi” sənədləşmə işini asanlaşdırıb

Həmsöhbətimiz hazırda müraciət edən hamilələrin sayının artdığını qeyd edir: “Hamilələrimiz əvvəllər daha çox dağınıq formada, sadəcə doğuş zamanı gəlirdilər. İndi müayinələr gecikdirilmir. Sahələr üzrə patronaj sistemimiz fəaliyyət göstərir. Xidmətlər Zərfinə aid bütün müayinələrimiz müəssisə daxilində keçirildiyinə görə, artıq qadın məsləhətxanasına müraciət edən hamilələrin sayı artıb”.

Mama-ginekoloq deyir ki, “Xəstəxanaların idarə edilməsi sistemi”nin tətbiqindən sonra sənədləşmə işi asanlaşıb. Sistemin tətbiqi ilə pasiyentin digər müəsisələrdə hansı müayinə və müalicələrdən keçdiyini görmək mümkündür.

Bu sistem təkcə hamilələrlə bağlı deyil, 18 yaşınadək uşaqların icbari dispanserizasiyası ilə bağlı da uğurla tətbiq olunur. Bütün uşaqların müayinələrinin nəticələri mövcud sistemə daxil edilir.

1 nömrəli Uşaq Poliklinikasının baş həkimi Ayşən Lemberanskayanın sözlərinə görə, icbari dispanserizasiya həm poliklinika şəraitində, həm bağça, həm də məktəblərdə təşkil olunur. Sistemdə hər bir uşaq haqqında məlumat qeyd olunur. Poliklinikaya yeni bir uşaq qeydiyyata alınırsa, artıq onun daha əvvəl harada qeydiyyatda olduğu, nə vaxt icbari dispanserizasiyadan keçdiyi əks olunur: “Hər bir sağlam uşaq ildə bir dəfə mütləq icbari dispanserizasiyadan keçməlidir. Poliklinikada icbari tibbi sığorta çərçivəsində uşaqların həkim-pediatr, oftalmoloq, otorinolarinqoloq (LOR həkimi), həkim-nevropatoloq, loqoped və stomatoloqlar tərəfindən müayinələri aparılır. Profilaktik müayinələr zamanı onların müxtəlif orqan və sistemlərinin, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması, danışıq, qamət, eşitmə, görmə, qulaq, burun, boğaz orqanlarının yoxlanılması və digər tibbi xidmətlər göstərilir.

Həmçinin uşaq bağçaları və məktəblərdə də icbari dispanserizasiya aparılır. Hər ilin əvvəlində icbari dispanserizasiyanın keçirilməsinə dair cədvəl tərtib olunur, həkim briqadası təşkil olunur. Bağçalara gedəcək briqadaya əlavə olaraq, loqoped, məktəblərə isə cərrah-ortoped də daxil edilib.

Məktəbin və ya bağçanın rəhbərliyi ilə əvvəlcədən danışılır və şərait yaradılır ki, qeyd olunan tarixlərdə həkimlər ora getsinlər. Elə məktəb var ki, orada uşaq sayı 2 mindən çoxdur. Ona görə də bəzən bu proses bir neçə gün çəkir. Uşaqlar həkimlər tərəfindən müayinə olunur və hansısa problem yarananda onlar lazım olan mütəxəssislərə yönləndirilir.

İcbari tibbi sığortanın tətbiqindən valideynlər də çox razı qalırlar. Bəzən hətta mənim yanıma gəlib təşəkkürlərini bildirirlər. Deyirlər ki, sığorta ilə bütün həkimlərdən keçdik və çox razı qaldıq”.

Dispanser müayinələrin profilaktik müayinələrdən fərqi nədir?

Müsahibimiz deyir ki, icbari dispanser müayinələr profilaktik müayinələrdən fərqli olaraq sağlam uşaqlara aiddir. Hansısa problem, nasazlıq olanda isə valideynlərin və ya uşaqların şikayətləri əsasında profilaktik müayinələr keçirilir. İcbari dispanserizasiyanın əsas məqsədi xəstəliklərin erkən aşkarlanması və ya hansısa xəstəliyin inkişaf etmədən qarşısının alınmasına yönəlib: “Bəzən elə hallar olur ki, həkim pediatr uşağın ürək tonlarının karlaşması, ürək nahiyəsində küy olmasını müəyyən edir. Belə halda briqadaya təhkim olunmayan poliklinikanın həkim-kardioloquna yönləndirilir. Biz ərazi üzrə poliklinikaya göndəriş veririk və kardioloqun müayinəsindən sonra lazım olduğu halda uşaq dispanser qeydiyyata götürülür, müalicə təyin olunur”.

A.Lemberanskaya deyir ki, artıq poliklinikaya gələnlərin sayı daha çoxdur: “Elə valideynlər var ki, heç uşaqlarında hansısa xəstəliyin olduğunu bilmirlər. Məhz icbari dispanserizasiya sayəsində məlumat alırlar”.

Ağız boşluğu müayinələri niyə lazımdır?

İcbari dispanserizasiya həm də uşaqlarda ağız boşluğunun gigiyenası baxımından əhəmiyyətlidir. Bu prosesə uşaq anadan olandan başlanılır və uşağın sağlamlığına böyük təsir göstərir. Ağızda olan infeksiya anginalara, ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Ağız boşluğunun müayinəsinin düzgün aparılması ağızda bakteriyaların və onların toksinlərinin yayılmasının qarşısını ala bilər.

İcbari dispanserizasiya zamanı həm stomatoloq, həm də LOR həkim tərəfindən uşaqların ağız boşluğunun gigiyenasına mütləq diqqət yetirilir. Lazım olanda məsləhət verilir və müalicə olunur”.

Uşaqlarda sağlam həyat tərzinin təşviqi ilə bağlı danışan müsahibimiz bildirib ki, sağlam həyatın bu kriteriyaları var: “Düzgün qidalanma, uşaqların fiziki fəallığı, şəxsi gigiyena, sağlam, dolğun yuxu, sağlamlaşdırıcı tədbirlər, sağlam psixi və emosional vəziyyət – bunlar sağlam həyatın kriteriyalarıdır.

Hazırda uşaqların əksəriyyəti miopiyadan əziyyət çəkirlər. Bəzən valideynlər buna fikir vermirlər. Biz aşkar etdikdə poliklinika şəraitində nə lazımdırsa edirik, lakin nəsə ciddi problem olanda xəstəxanaya göndərilir. İcbari dispanserizasiya anadan olandan 18 yaşa qədər uşaqları əhatə edir”.

Beləliklə, hamilələrin vaxtında tibbi müayinələrdən keçməsi və uşaqların icbari dispanserizasiyası onların sağlam inkişafına təminat verir. Bu həm də sağlam gələcəyin təminatıdır.

Gülnar Əliyeva
Foto-video: Müzəffər İsmayılov, Xəyal Vəlizadə