Vatikan səfiri Ukrayna XİN-ə çağırıldı

vatikan-sefiri-ukrayna-xin-e-cagirildi
Oxunma sayı: 1013

Vatikanın Kiyevdəki səfiri Visvaldas Kulbokas Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Martın 11-də Həzrətləri Papa Fransiskin bu yaxınlarda mətbuatda dərc olunmuş bəyanatlarına görə Ukraynadakı apostol nunsisi Visvaldas Kulbokas Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub”, - məlumatda qeyd olunub.

Görüş zamanı səfirə Kiyevin Roma Katolik Kilsəsinin rəhbərinin bəyanatları ilə bağlı məyus olması barədə məlumat verilib.

Qeyd edək ki, martın 9-da Roma Papası İsveçrənin “RSI” telekanalına müsahibə verib və bu zaman Ukraynadakı mövcud vəziyyəti şərh edib. Roma Katolik Kilsəsinin rəhbəri qeyd edib ki, məğlub olan tərəf cəsarət göstərməli və “ağ bayraq” qaldırmalıdır.