2026-cı ilin ən təsirli vəhşi təbiət fotoları Londondakı Təbiət Tarixi Muzeyinin təşkil etdiyi “İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsində nümayiş etdirilib.
“Qafqazinfo” xəbər verir ki, müxtəlif ölkələrdən fotoqrafların çəkdiyi kadrlar heyvanların həm təbiətdəki həyatını, həm də insanlarla qarşılıqlı münasibətini əks etdirir.
Fotolar arasında norveçli fotoqraf Audun Rikardsenin “Buzlu pəncərə” adlı işi xüsusi diqqət çəkir. Kadrda nəfəs alma dəliyindən kameraya baxan ağ ayı əks olunub. Rikardsen hərəkət sensorlu kameranı buzun altındakı dəliyə yerləşdirib və saatlarla gözlədikdən sonra bu görüntünü əldə edib.
Müsabiqədə digər diqqətçəkən fotolar arasında Londonda təyyarənin altında uçan qaranquş, Tokio küçəsində yağışdan sonra görüntülənən qurbağa, ölü balina daşıyan qatil balina və qum fırtınasının ortasında çəkilən buqələmun da yer alır.
Braziliyanın Pantanal bölgəsində çəkilən “Qaranlığın qanadları” fotosunda ölü timsahın üzərində dayanan qara kərkəs, Botsvanada çəkilən başqa bir kadrda isə ağacda dələni təqib edən bəbir əks olunub.
Fotoqraflar həmçinin nəhəng quş sürülərini, kərgədanla “dostluq edən” öküz quşunu, kəpənəyi tutmağa çalışan qurbağanı və mükəmməl kamuflyaj olunmuş kiçik çəyirtkəni lentə alıblar.
Okean fotolarından birində isə Seyşel adaları yaxınlığında fırtına öncəsi suyun altında üzən böyük balıq sürüsü nümayiş etdirilib. ABŞ-li fotoqraf Loren Elliottun çəkdiyi başqa bir maraqlı kadrda isə Kaliforniyada hovuzda sərinləyən qara ayı görüntülənib.
Müsabiqənin builki qalibləri 13 oktyabr 2026-cı ildə açıqlanacaq. Seçilən fotolar daha sonra Londondakı Təbiət Tarixi Muzeyində sərgilənəcək.















Son xəbərlər
Son Xəbərlər