Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisə təqdim olunacaq

vergi-mecellesine-deyisiklikler-milli-meclise-teqdim-olunacaq
Oxunma sayı: 650

ATİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşün keçirilməsində məqsəd vergi qanunvericiliyindəki ən son dəyişikliklər və vergi prosedurlarında gözlənilən yeniliklər və ümumilikdə Azərbaycanın yaxın və orta gələcək üçün vergi siyasətinin əsas istiqamətləri barədə ATİB üzvlərini məlumatlandırmaq olub. Görüşdə ATİB üzvləri ilə yanaşı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin əməkdaşları – Ticarət baş müşaviri Gazi Bilgin, inkişaf müşaviri Ferruh Tıglı, əmək və sosial müdafiə məsələləri üzrə müşavir Mustafa Gur da iştirak ediblər.

Vergilər Nazirliyinin rəsmisi M. Namazov tədbir iştirakçılarına hazırda həyata keçirilən vergi siyasəti haqqında məlumat veriv. O bildirib ki, nazirliyin əsas fəaliyyətindən biri vergi ödəyicilərinə xidmət göstərilməsidir. Nazirlik rəsmisinin sözlərinə görə, vergi hesabatları və bəyənnamələrinin verilməsi prosesində vergi orqanları ilə ödəyicilər arasında kontaktın mümkün qədər azaldılması nəzərdə tutulur.

Vergi Məcəlləsinə dəyişikliklərin hazırlandığını söyləyən M.Namazov əlavə edib ki, hazırda bu proses başa çatmadığından detalları açıqlaya bilməz: “Dəyişikliklərin aşağıdakı sahələri əhatə etməsi nəzərdə tutulub; nağd hesablaşmaların məhdudlaşması və qeyri-nağd hesablaşmaların stimullaşması, müəyyən vergi dərəcələrinin dəyişməsi, güzəştlər məsələsi, əsas vəsait anlayışı, bir sıra fərdi xidmət formalarının vergiyə cəlb olunması üsulu, əmlak vergisi. Dəyişikliklərin aprel ayı ərzində hökumət tərəfindən müzakirə edilib ayın sonunda yaxud mayın əvvəllərində Milli Məclisə təqdim olunması gözlənilir”.

Sonra sual-cavab və müzakirələr oldu.

Nigar Məmmədli